03 dekabr 2019 11:10
97

Dağıdıcı təfəkkürlü xəyanətkarlar

Azərbaycanın iqtisadi inkişafını, beynəlxalq aləmdə nüfuzunun gündən-günə artmasını həzm edə bilməyən qüvvələr ölkəmizdəki əlaltıları ilə birləşərək respublikamıza qarşı şər-böhtan, qarayaxma kampaniyasının rəngini bir az da qatılaşdırıblar. Anti-Azərbaycan dairələr və onların maşası olan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli, Müsavat Partiyasının başqanı Arif Hacıyev və onların ətrafında olan beş-üç nəfər muzdlu söyüş söyənlər, şüarçılar Azərbaycan əleyhinə aparılan qara piar kampaniyasının dozasını artıraraq daha da aqressivləşirlər.

İstər bir neçə il bundan əvvəl ölkəmizdə uğurla reallaşdırılan “Eurovision-2012”, I Avropa Oyunları zamanı, istərsə də prezident, parlament seçkiləri zamanı bu qüvvələr müvəqqəti saziş bağlayaraq və ya mövsümü “nikaha” girərək ölkəmizin beynəlxalq imicini ləkələmək üçün dəridən-qabıqdan çıxsalar da, heç nəyə nail ola bilmirlər. Ona görə ki, onların hansı yuvanın quşu olduqlarını yaxşı bilən cəmiyyətimiz bu satqın və məkrli dəstəni artıq 25 ildir ki, rədd edib. Təbii ki, sosial bazanın yoxluğu bu antimilli dəstənin ölkəmizə, milli dövlətçiliyimizə qarşı öz məkrli niyyətlərini həyata keçirməyə imkan vermir. Bu üzdən də getdikcə aqressivləşən həmin dağıdıcı marginallar öz tör-töküntüləri ilə birlikdə sosial şəbəkələrdə yuva salaraq öz xarici ağalarının planları əsasında hərəkət edirlər. Onların heç bir real fakta söykənməyən, yalnız söyüş, təhqir və şər-böhtan dolu bu kampaniyaları Azərbaycan cəmiyyətində ikrah hissi ilə qarşılanır. Dağıdıcı müxalifətin dirijor çubuğu  və erməni lobbisinin təsiri altında olan təşkilatların maliyyəsi ilə hərəkət edərək Avropanın müxtəlif şəhərlərində küçələri sülənib normal ağlın və məntiqin qəbul edə bilmədiyi çirkin əməllərin sahibləri ictimaiyyətimizin nifrətini qazanmaqla yanaşı, getdikcə həm də lağ, gülüş obyektinə çevrilirlər. Bəzən insanlarımızın beynində belə belə bir sual yaranır: “Görəsən bu məxluqatlarda öz Vətəninə, xalqına qarşı bu qədər kin-küdurət, antipatiya, satqınlıq hissi haradan qaynaqlanır?”

Şübhəsiz, həmin ağıldankəm, savadsız, siyasi cəhətdən yetkinləşməyən bu insanları Ə.Kərimli, C.Həsənli kimi avantüristlər, satqınlar yoldan çıxarır, yanlış  tərəfə istiqamətləndirirlər. Milli mənlik şüuru və məntiqi zəif olan, hadisələri və prosesləri düzgün analiz edə bilməyən bəzi gənclər isə şeytani hisslərin onların qəlbini, düşüncəsini zəbt etməsinə imkan verməməli, ağı qaradan seçməyi bacarmalı, necə deyərlər, şeytani hisslərə qalib gəlmək bacarığını nümayiş etdirməlidirlər. Artıq gənclər “şüurlu ömrünü” anti-Azərbaycan təbliğata həsr edən orduxanlar, məhəmmədlər, turallar, Qənimət Zahid, şəxsi ambisiyaları naminə ən ali dəyərləri tapdalayıb keçən Ə.Kərimli, C.Həsənli kimilərin mindikləri dəliş-deşik xəyanət gəmisinin sərnişinləri olmaqdan vaz keçməlidirlər. Nəhayət, onlar başa düşməlidirlər ki, mənsub olduqları Vətənə, torpağa xəyanət edən xəyanətkarların aqibəti bu dünyada xalqın nifrəti, o biri dünyada isə cəhənnəm əzabıdır.

Dağıdıcı müxalifətin bu “başbilənləri” Qarabağın ermənilər tərəfindən işğal edilməsindən, bu işğal nəticəsində 25 ildən artıq bir müddətdə dogma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızdan bircə kəlmə olsun belə danışmırlar. Nədən? Çünki xaricdəki anti-Azərbaycan dairələrdəki ağaları tərəfindən onlara bu cür tapşırıq verilib.

Zahid Rza, “İki sahil”