30 yanvar 2019 10:52
222

Dağıdıcıların “görüntü xəstəliyi”

Müxalif düşərgənin radikal qanadı üçün xarakterik xüsusiyyətlərdən biri hər bir seçki prosesindən onlara bu və ya digər ad  altında yeni qurumun xatirə olaraq qalmasıdır. Fatihəsi çoxdan oxunan, amma sadəcə olaraq nəfəsi süni yolla gəlib-gedən “Milli Şura” da belə birliklər sırasındandır. 2013-cü il prezident seçkilərində xarici himayədarlarının növbəti layihəsi kimi həyata vəsiqə alan bu üzdəniraq qurum çox qısa zamanda məqsəd və məramını ortaya qoyub hətta düşərgənin konstruktiv qanadı tərəfindən belə tənqid atəşinə tutulsa da, əli kərimlilər,  cəmil həsənlilər ənənələrinə uyğun olaraq bu günə qədər  varlıqları barədə görüntü yaratmaq, ən əsası  birliklərinin yaradılmasının sosial sifariş olduğunu ictimai fikrə sırımaq üçün dəridən-qabıqdan çıxırlar. Mitinqlərdən, küçə yürüşlərindən bu istəklərini həyata keçirmək üçün bir vasitə  kimi bəhrələnmək cəhdləri də bu istəklərindən qaynaqlanır.   Necə ki, 19 yanvar mitinqində eyni ab-havanı yaşadılar. “Siyasi məhbus”ların azadlığı, korrupsiyaya son qoyulması, Qarabağın azad edilməsi, mətbuat və söz azadlığı və digər maraqlarından irəli gələn əsassız çağırışlarla küçəyə çıxan “Milli Şura”çılar bir daha xalqın dəstəyindən  məhrum olduqlarının şahidinə çevrildilər.  Xalqın onlardan tələbi budur ki, özlərində cəsarət tapıb siyasi meydanı tərk etsinlər. Demokratik cəmiyyətdə müxalifətin olması normal qəbul olunsa da, təbii ki, burada söhbət reallığı olduğu kimi qəbul edib ölkənin hərtərəfli inkişafına dəstək göstərmək üçün konkret təkliflər səsləndirən, milli maraqları üstün tutan müxalifətdən gedir.

19 yanvar  mitinqi dağıdıcıların  “möhtəşəm mitinq”  xülyalarına bir daha işıq saldı. “Milli Şura”-AXCP birliyinin  mitinq şousu düşərgə təmsilçilərinin özləri tərəfindən də birmənalı qarşılanmır. Özlərinin də etiraf etdikləri kimi, mitinqlər siyasi mübarizə forması olsa da, artıq onun zamanı çoxdan keçib.  Bugünümüzün reallıqlarına diqqət yetirmək kifayətdir ki, belə cəhdlərin nə qədər əsassız olduğu açıqlansın. Bu cəhdlərin əsas səbəblərindən biri  xarici himayədarlarının sifarişlərinin icrasının qarşılığında onlardan lazımi miqdarda vəsait qoparmaqdır. İllərdir müxalif düşərgədə  bu vəsaitlərin bölgüsü uğrunda mübarizə gedir.  Amma unudurlar ki, şəxsi ambisiyalarının quluna çevrilmələri mənəviyyatlarının tamamilə itməsinə gətirib çıxarıb ki, bunu xarici dəstəkçilərindən milyonlar qazansalar da, bərpa edə bilməzlər. Keçirilən mitinqlərdə çıxışlardan tutmuş, iştirakçıların müəyyənləşdirilməsinə qədər aparılan bölgü bir daha nümayiş etdirir ki, onlar bu aksiyaları xaricdən gələn sifariş əsasında keçirirlər. Bugünkü proseslər də əvvəlki “fəaliyyətlərinin” təkrarıdır. Əli Kərimlinin pulları mənimsəmək sahəsində böyük təcrübəyə malik olması hər kəsə məlumdur. Öncədən apardıqları təbliğata uyğun olaraq “möhtəşəm mitinq” arzuları illərdir ürəklərində qalan dağıdıcı ünsürlər  min bir bəhanə ilə  vəziyyətdən çıxmağa çalışsalar da  həqiqətin göstəricisi olan fakt qarşısında  acizliklərini gizlədə bilmirlər. Belə bir şəraitin yaranması  dağıdıcılara  ictimaiyyətdən gələn zərbə kimi ağır ittihamdır. Bu günə qədər dağıdıcıların təşkil etdikləri mitinqlərə toplaşanların sayının azlığını nəzərə alsaq  onların “ictimai  rəyə böyük təsir”dən danışmaları gülüncdür. Həmin aksiyalar da sübut edir ki, cəmiyyətdə  nüfuzu olmayan, xalqa xəyanət yolunu seçən radikalların yeri arxivlərin küncləridir.

Əhalinin daha yaxşı yaşaması, firavan həyat sürməsi naminə iqtisadi uğurların sosial islahatların həllinə yönəldilməsi davamlı proses kimi beynəlxalq təşkilatların diqqətini cəlb edir. Maliyyə böhranından əziyyət çəkən  inkişaf etmiş dövlətlərlə müqayisədə Azərbaycanın davamlı inkişafı daim yüksək dəyərləndirilir. Son illərdə iqtisadiyyatı 3 dəfədən çox artan, əhalisinin məşğulluq səviyyəsi 5 faiz  olan, yoxsulluq həddi 5 faizə endirilən Azərbaycanın dövlət büdcəsinin, valyuta ehtiyatlarının artması  da bu inkişafın uğurlu nəticəsidir.  Bu uğurları AXC-Müsavat iqtidarı dövrünün qaranlıq məqamları ilə  müqayisə etməklə bu gün mitinq həvəsinə düşənlərin nə qədər nankor olduqlarını sübuta yetirmək mümkündür.  Ən əsası odur ki, bu  intibah, tərəqqi ölkə əhalisinin iştirakı və insanların gözü qarşısında  baş verir.

Bu deyimi  yenə də təkrarən qeyd etməyi özümüzə borc bilirik- gələcəyə nə qədər tələssən də  keçmişini  özünlə aparırsan. Dağıdıcıların narahatlıqları onların qaranlıq keçmişlərindən, fəaliyyətlərində gizli məqamların çoxluğundan  irəli gəlir. Ona görə də nə qədər özləri barədə böyük görüntü yaratmağa can atsalar da, keçmişlərinə qısa baxışları onları məyus edir və bu süstlüklərini ictimai fikirdən yayındırmaq üçün əks-təbliğat kampaniyasının sürətini artırmaq məcburiyyətində qalırlar.  Amma unudurlar ki, əks-təbliğat reallığın inkarı olsa da, onun həqiqət kimi qəbul olunması deyil.

Yeganə Əliyeva, “İki sahil”