23 avqust 2019 10:09
804

Dağıdıcıların “MiQ-29” “şousu” baş tutmayacaq

Artıq bir neçə gündür ki, “MiQ-29” təyyarəsinin qəzaya uğramasından anti-Azərbaycan dairələr tərəfindən dövlətimizə qarşı qara piar kampaniyası kimi istifadə olunması davam edir. Əvvəlcə qəza zamanı şəhid olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin yas mərasiminə gələrək siyasi gərginlik yaratmağa çalışan dağıdıcı müxalifət, indi də təyyarənin qəza səbəbinə şübhə ilə yanaşır. Belə ki, dünən Müdafiə Nazirliyi qəzanın təyyarənin havada yad cisimlə toqquşması nəticəsində baş verdiyini bəyan etsə də qaragüruhçular bu rəsmi məlumata müxtəlif don geydirməyə çalışırlar.

Sosial şəbəkələrdə bəzi qruplar ictimai fikri çaşdırmaq üçün dövriyyəyə müxtəlif fikirlər ataraq müzakirələr açırlar. Bu da hər zamankı kimi, kimlərinsə maraqlarına xidmət edir və ordumuz, dövlətimiz haqqında mənfi fikir yaratmaq məqsədi daşıyır. Xüsusilə bu mövzunun müzakirəsi anti-Azərbaycan qüvvələrin, ölkəmizə qarşı kampaniya aparan qrupların marağındadır. Lakin yaddan çıxarmaq lazım deyil ki, torpaqlarımız işğal altındadır və müharibə vəziyyətində olan bir ölkənin vətəndaşları hərbi məlumatların müzakirəsi zamanı ehtiyatla davranmalıdırlar. Belə hadisələrin kimlərsə tərəfindən siyasi mübarizə predmetinə çevrilməsinə imkan verilməməli olduğu bir zamanda dağıdıcı müxalifət müəyyən qüvvələrin dəyirmanına su tökmək üçün var gücü ilə əlləşir.

Təbii ki, hər kəsə yaxşı məlumdur ki, bu gün sosial şəbəkələrdə rəsmi dövlət mövqeyini təhrif edənlər hər zaman uğursuzluğa məhkum olunmuş belə dairələrin sifarişi və təsiri altındadır. Bunların az bir hissəsi isə sadəcə sosial şəbəkədə populyar bir mövzu üzərində gündəmə gəlməklə özünü göstərmək istəyənlərdir. Rəsmi mövqeyi nəyin bahasına olursa-olsun təftiş etmək və bu işə sosial şəbəkədə mümkün qədər çox sayda insanları cəlb etmək müəyyən radikal çevrənin məqsədyönlü idarə etdiyi prosesdir.

Müdafiə Nazirliyinin rəsmi mövqeyini siyasiləşdirmək cəhdlərinin tutarsız və perspektivsiz olduğunu isə sübut edən saysız-hesabsız arqumentlər var: Eyni tip təyyarələrin indiyə qədərki qəza tarixçələri araşdırılsa, bir daha əmin olmaq olar ki, nə qədər kiçik fiziki maneələr və texniki səbəblərdən belə qəzalar törənə bilər. Bu gün rəsmi məlumatı şübhə altına almaq təyyarə qəzasını ilk dəqiqələrdən siyasiləşdirməyi qarşısına məqsəd qoyan dairələrin fəaliyyətinin davamı və tərkib hissəsidir. Lakin bütün cəhdlərə baxmayaraq dağlıdıcılar və onların havadarları yenə də bu siyasi qarayaxmadan heç bir nəticə əldə edə bilməyəcəklər.

Taleh Bağırov,

“İki sahil”