29 yanvar 2019 10:38
162

Dağıdıcılıq, sabitliyin pozulması əli kərimlilərin amalıdır

Xəbər verildiyi kimi, yanvarın 26-da 50-60 nəfərdən ibarət bir qrup şəxs “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Yasamal rayonu Mirəli Seyidov küçəsində, İdman-Sağlamlıq Kompleksinin stadionunun (keçmiş “Məhsul” stadionu) yaxınlığında toplaşaraq küçə yürüşü keçirməyə cəhd göstərib. Bakı Şəhər Baş Polis İdarəsi operativ həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayiət olunan bu qanunsuz küçə yürüşünün qarşısını alıb.

Halbuki Bakı Şəhər İcra Hakimiyyəti bu il yanvarın 19-20-də “birləşmiş” dağıdıcı müxalifətin aksiyalarda törətdiyi qanun pozuntularını əsas gətirərək onların kütləvi aksiya təşkil etmələrinə icazə verməyib. Lakin bunu toplaşmaq azadlığının məhdudlaşdırmaq cəhdi kimi dəyərləndirən aksiya təşkilatçıları bu xəbərdarlığa məhəl qoymayıblar və nəticədə öz “sevimli” məşğuliyyətlərindən qalmaq istəməyiblər. Şübhəsiz, bu məsələdə xaricdəki antiazərbaycan dairələrin də təzyiqləri önəmli rol oynayıb. Bu isə o deməkdir ki, ölkəmizdə bəzi qüvvələr hələ də qarşıdurma yaratmaq maraqlarından əl çəkməyiblər. Odur ki, onlar müxtəlif “ssenarilər” cızmaqdadırlar.

Belə aksiyalara xaricdən aldığı qrantlar naminə rəvac verən, millətə faydalı, konstruktiv heç nə təklif edə bilməyən, sosial dayaqlarını çoxdan itirən AXCP sədri Əli Kərimlini və “Milli Şura”nın rəhbəri Cəmil Həsənlini isə nə dövlətçiliyimiz maraqlandırır, nə də son illər beynəlxalq aləmdə atılmış uğurlu addımlarımız. Xarici havadarlarının sifarişlərini yerinə yetirməyə çalışan bu “liderlər” yalnız bir xəbis niyyətin marağındadırlar: dağıdıcılıq, sabitliyin pozulması yolu ilə antiazərbaycan dairələrin yardımından istifadə edərək qeyri-konstitusion yolla hakimiyyəti ələ keçirmək. Dəyişiklik isə qanunlar, demokratik və seçkilər çərçivəsində ola bilər. Amma onlar bu adi reallığı qəbul etmək istəmirlər. Görünür,  yaxşı anlayırlar ki, xalq ictimaiyyət arasında heç bir nüfuzu olmayan siyasətbazların üzərindən birdəfəlik xətt çəkib.

Odur ki, düşmən dəyirmanına su tökənlər öz məkrli məqsədlərinə çatmaq üçün şeytanla da əməkdaşlığa hazırdırlar. Bu mənada indiki şəraitdə pozucu xarakterli aksiyaların məhdudlaşdırılması təbiidir, həm də zəruridir. Yəni bu məqsədlərə xidmət edən aksiyaların qarşısı alınmalıdır. Bu gün ziyalılar da, ictimai-siyasi xadimlər də bu fikirdədirlər. Hətta müxalifət təmsilçisi olan siyasi partiya sədrləri də dağıdıcı müxalifət nümayəndələrinin antimilli mövqeyini kəskin pisləyir, dağıdıcı qrupların kütləvi aksiya təşkil etmək imkanlarının məhdudlaşdırılmasını tələb edirlər. Məsələn, bu günlərdə Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa dövri mətbuata verdiyi açıqlamalarının birində bildirib ki, Əli Kərimlinin təşkil etdiyi mitinqlərdə şəsləndirilən şüarlar bu adamın xəbis niyyətlərini ortaya qoyur: “Müxalifətçiliyi meydanlarda, küçələrdə, Şəhidlər xiyabanında hay-küy salmaq, qışqırmaq və etik normalara sığmayan şüarlar səsləndirməklə ölçmək səviyyəsizlikdir... Ona görə də hesab edirəm ki, indiki şəraitdə belə pozucu xarakterli aksiyalar məhdudlaşdırılmalıdır. Bu, həm də rəhbərlik etdiyim partiya üzvlərinin tələbidir”.

Bəli, bu gün Azərbaycanın beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, ölkəmizdə neqativ hallara qarşı mübarizənin gücləndirilməsi, sistem xarakterli islahatların miqyasının genişləndirilməsi, idarəetmənin təkimilləşdirilməsi, eləcə də Ermənistanla danışıqların yeni intensiv mərhələyə daxil olması anti- Azərbaycan qüvvələri, o cümlədən Əli Kərimli və Cəmil Həsənlini yaman qıcıqlandırır. Mənliyini erməni diasporuna satıb, xalqa və dövlətə xəyanət etməyi şərəf bilən əli kərimlilər, cəmil həsənlilər, eləcə də onların havadarları bu inkişafı, bu tərəqqini, bu intensivliyi sanki özlərinə dərd ediblər. Şübhəsiz, xalqın iradəsi ilə onların niyyətləri gözlərində qalacaq. Başqa sözlə desək, zaman artıq küçə müxalifətinin hökmünü verməkdə, onlara yerini göstərməkdədir. Cəmiyyətimizdə dağıdıcı, eləcə də öz ambisiyalarına müxtəlif don geyindirənlərə yer yoxdur və olmayacaq. Çünki xalq qanuni yolla seçdiyi iqtidarına sadiqdir və onun siyasətini dəstəkləyir. Bir sözlə, artıq xalq kimin kim olduğunu yaxşı bilir.