21 fevral 2019 19:21
550

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsi Ermənistan üçün yeni təhdidlər yaradır

Fevralın 21-də Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu növbəti mətbuat konfransı keçirdi. Konfransda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalmasının işğalçı Ermənistan üçün yeni təhdidlər yaratdığını deyən Mərkəzin rəhbəri bildirdi ki, həm İran, həm də Gürcüstan istiqamətində baş verən proseslər Ermənistanın uydurma da olsa özləri üçün şərəf bildikləri tarixi ləkələyə bilər: “Paşinyanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə vadar edən ən əsas səbəblərdən biri Avropa İttifaqının mövqeyidir. İttifaq ölkələri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə başlanmasını Paşinyandan ən kəskin şəkildə tələb edirlər. Ötən illərə də nəzər saldıqda görürük ki, həqiqətən də Almaniya və Avropa Birliyi heç bir zaman həm ayrı-ayrılıqda, həm də birlikdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə belə böyük maraq göstərməyiblər. Bir müddət əvvəl Münhen Təhlükəsizlik Konfransının sədri Volvqanq İşinger konfransın işini yekunlaşdırarkən diqqətçəkən açıqlama verib. O bildirib ki, Prezident Armen Sarkisyan Azərbaycan Prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar aparmağa razılıq verib. Bu isə o deməkdir ki, Avropa İittifaqı və Almaniya Paşinyanın vəziyyətinin mürəkkəbliyini başa düşür və ehtiyat variant kimi Armen Sarkisyanı Azərbaycanla danışıqlar aparmağa hazırlayırlar”.

Politoloq bildirdi ki, Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə artan marağı A.Merkelin Cənubi Qafqaz regionuna səfərindən başlanıb: “Rusiya qazının Avropaya nəqli uğrunda mübarizə aparan Kansler Merkel bunun əvəzində Avropa İttifaqını Cənubi Qafqazda yeni formatda möhkəmləndirir. Merkelin Azərbaycanda olarkən verdiyi bəyanata görə, bunun yolu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən başlayır”.

M.Əhmədoğlunun fikrincə, Paşinyana görə münaqişənin tənzimlənməsinin cari mərhələsində iki vacib məsələ var: “Paşinyan yaxşı bilir ki, əgər tənzimlənmə prosesi yubanarsa, o halda Rusiya və digər dövlətlər ortalığa əlavə variantlar qoya bilərlər. Eləcə də Paşinyan başa düşür ki, Koçaryanın və Sarkisyanın dəfələrlə atmaq istədiyi addımları indi o atmalıdır. Koçaryan 1999-cu ildə ATƏT-in İstanbul sammitində Azərbaycan Prezidenti ilə sülh müqaviləsi imzalamağa hazır idi. Lakin o zaman Ermənistan parlamentindəki terror hadisəsi bunun qarşısını aldı.

Taleh Bağırov, “İki sahil”