22 yanvar 2020 10:57
782

Daha güclü Azərbaycana dəstək olaq! - FOTO

Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən irəli sürülən Zabelin Mixail Yuriyeviçin seçicilərlə ilk görüşü keçirildi

Yanvarın 21-də 171 saylı məktəbdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən  34 saylı Xətai  ikinci seçki dairəsindən irəli sürülən  Zabelin Mixail Yuryeviçin seçicilərlə ilk görüşü keçirildi.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov görüşün məqsəd və məramını açıqladı. Bildirdi ki, 9 fevral növbədənkənar parlament seskilərinin təbliğat-təşviqat mərhələsi uğurla davam edir. Bu mərhələdə  namizədliyi irəli sürülmüş  şəxslər  seçicilərlə görüşlərini keçirir, platformalarını təqdim edir, seçkilərdə fəal iştirakları,  seçki hüquqlarından istifadə edərək  istədikləri namizədə səs vermələri ilə  bağlı çağırışlar olunur.

H.Mirələmov bildirdi ki, seçkilərə “Daha güclü  Azərbaycan naminə” şüarı ilə qatılan  Yeni Azərbaycan Partiyasının seçki proqramında da qeyd olunduğu kimi,  Azərbaycan  möhtəşəm inkişaf  və  islahatlar  mərhələsini yaşamaqdadır. Qarşımızda ölkəmizi daha da yeniləşdirmək, müasirləşdirmək, iqtisadi və sosial tərəqqinin yeni pilləsinə yüksəltmək kimi əzəmətli  vəzifələr dayanır. “Daha güclü Azərbaycan naminə”   seçki kampaniyasında bütün seçiciləri ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, bütün seçkilərdən qələbə ilə çıxan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırırıq. Partiyanın  34 saylı  Xətai  ikinci seçki dairəsindən namizədi  Zabelin Mixail Yuryeviçin  parlamentdə təmsil olunduğu dövrdə fəaliyyəti göz önündədir.  Daim seçicilərinin rəğbətini qazanan  Mixail Zabelinin  bu seçkilərdə də seçicilərinin dəstəyini  qazanacağı şəksizdir.

Namizədin  səlahiyyətli nümayəndəsi,  YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli   bildirdi ki,  Mixail  Zabelin bütün fəaliyyətini öz Vətəni Azərbaycana  fədakar xidmətlərin  göstərilməsinə həsr edib. O, Azərbaycanın ən ağır günlərində Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı  ulu öndər Heydər Əliyevə ünvanlanan, tarixə “91-lər”in müraciəti kimi daxil olan  müraciətin  müəlliflərindəndir. Mixail Zabelin ulu öndər Heydər Əliyevin siyasi kursuna, onun layiqli davamçısı Prezident İlham Əliyevin  siyasətinə sadiqliyini əməli fəaliyyəti ilə  təsdiqləyir.  Onun fəaliyyəti ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək dəyərləndirilərək  “Şöhrət” ordeni və Fəxri diplomla  təltif edilmişdir.  M.Zabelin  cəmiyyətin idarə olunmasında əhəmiyyətli rola malik olan  qanunlarımızın işlənib hazırlanmasında və  qəbulunda fəal iştirak edir. Seçici rəğbətini əməli fəaliyyəti ilə doğruldan  M.Zabelinə səs verək, yenidən parlamentdə təmsil olunmasına dəstək olaq!

Namizədin  vəkili  Firdovsi Cahangirov Mixail Zabelinlə uzun müddətdir ki çalışdığını, onun hər vədini konkret  əməli işi ilə təsdiqlədiyini əsaslı şəkildə diqqətə çatdırdı. Bildirdi ki,  Azərbaycanı  dərin  məhəbbətlə sevdiyini  hər addımında nümayiş etdirir. 

Rus  icmasında hüquqşünas Nizami  Kəngərli  qeyd etdi ki, Mixail Zabelin  respublikanın müstəqillik əldə etdiyi, Dağlıq Qarabağ münaqişəsinin yarandığı ilk gündən etibarən hadisələrin mərkəzində olmuş, öz Vətəni Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etmişdir.

N.Kəngərli seçiciləri  Azərbaycanın  layiqli oğluna səs verməyə çağırdı.

Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 34 saylı ikinci seçki dairəsindən irəli sürülən, Azərbaycandakı Rus İcmasının rəhbəri  Mixail Zabelin diqqəti ölkəmizin uğurlarına  yönəltdi. Bildirdi ki,  sivilizasiyaların  qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə  etiraf edilən  həqiqətlərdəndir.  Tolerantlığın, multikulturalizmin Azərbaycan təcrübəsi təqdir olunur. 

“Mən rusam,  amma Azərbaycan xalqının oğluyam” söyləyən  M.Zabelin bildirdi ki,  Vətənim Azərbaycanın maraqlarının qorunması üçün əlimdən gələni edir və bundan sonra da edəcəyəm.

Namizəd seçiciləri 9 fevralda fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdı.

Yeganə Əliyeva,
Vüsal Cahanov (foto),
“İki sahil”