08 iyul 2019 20:26
1529

Dahi şəxsiyyət, əzəmətli lider

Əlli ilə yaxın müddətdə Azərbaycana rəhbərlik etmiş şəxslər yalnız “yuxarı”nın tapşırıqlarını yerinə yetirmiş, respublikanın inkişafı barədə düşünməmişdilər. Ancaq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 14 iyul 1969-cu il tarixli plenumundan sonra durğunluğa və astagəl siyasətə son qoyuldu. Cəmi bir neçə gündən sonra MK-nın yeni birinci katibinin başladığı kadr islahatı bütün ölkəyə səs saldı. Heydər Əliyev yüksək çinli şəxslərin ciddi müqavimətinə və təzyiqlərə baxmayaraq tutduğu yoldan geri çəkilmədi.

14i iyul plenumundan çox keçməmiş bütün SSRİ-də və dünyanın bir çox ölkələrində məlum oldu ki, Azərbaycanda fəal siyasətçi, mahir diplomat, yenilikçi, iradəli, təşəbbüskar, işgüzar, yorulmaz və fenomen yaddaşa malik bir rəhbər hakimiyyətə gəlib. Bir neçə ildən sonra isə başa düşdülər ki, onun idarəetmə bacarığı və yüksək intellekti bir müttəfiq respublikanın rəhbərliyinə sığışmır. Çünki onların gözlərinin qarşısında geridə qalmış aqrar respublika olan Azərbaycan çox qısa müddətdə inkişaf etmiş sənaye respublikasına çevrilmişdi. Artıq imperiya hakimiyyətinin yuxarı eşalonunda-Mərkəzi Komitənin Siyasi Bürosunda dərk etmişdilər ki, Heydər Əliyev SSRİ-ni onların hər birindən yaxşı idarə edə bilər. Çünki dövlət idarəetməsi üçün vacib olan bütün bacarıq, keyfiyyət və qabiliyyətlər Heydər Əliyev şəxsiyyətində cəmləşmişdi.

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Andrey Qromıkonun oğlu Anatoli Qromıko Bakıya səfərində yazırdı ki, Sovet yazıçı və jurnalistlərinin bir qrupu Bakıda ezamiyyətdə olanda bir gün axşam Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev onları qəbul edib. Yazıçı xatırlayır ki, Heydər Əliyev bütün gün gərgin iş rejimində çalışmasına baxmayaraq yorğun deyildi və gümrah görünürdü. Heydər Əliyev harasa tələsdiyini hiss etdirdiyini büruzə verməyərək ətraflı söhbətdən sonra gecədən xeyli keçmiş ayağa qalxıb bizimlə xudahafizləşdi. Bildirdi ki, məhsul təhvil verildiyi üçün işləri çoxdur və hələ işlərin gedişinə nəzarət etməlidir. Sonra Heydər Əliyev cəld addımlarla maşına əyləşdi. Onda mənim fikrimdən dərhal keçdi ki, Sovet İttifaqına bax, belə rəhbər lazımdır.

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büro üzvü vəzifələrində işləyərkən Heydər Əliyevin bütün rəhbərlik keyfiyyətləri özünü parlaq surətdə göstərdi. Kremldə bundan fərəhlənənlər olsa da, bədxahlar və paxıllıq çəkənlər daha çox idi.

Ermənilər və onlara yaxın dairələr başda SSRİ rəhbəri Mixail Qorbaçov olmaqla Heydər Əliyevə qarşı sivil müxalif deyil, qatı düşmən münasibəti bəsləyirdilər. Bunların arasında Qorbaçovun arvadı Raisa Qorbaçova, köməkçisi David Şahnazaryan, MK Baş katibinin iqtisadi məsələlər üzrə məsləhətçisi, akademik Abel Aqanbekyan, akademik Andrey Saxarovun dəstəsi, deputat Qalina Starovoytova, ümumiyyətlə , SSRİ-də və xarici ölkələrdə yüksək postlar tutan bütün ermənilər və onların himayəçiləri Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevə qarşı ləkələyici faktlar qondarmaqla sıradan çıxarmağa çalışırdılar. Lakin bizdə deyildiyi kimi, it hürür, karvan isə öz əzəmətli addımları ilə keçib gedirdi.

Bununla belə prosesə ciddi hazırlaşan və əlverişli fürsət gözləyən ermənilər Azərbaycandan ərazi iddialarına Heydər Əliyev Moskvada tutduğu postlardan uzaqlaşandan sonra start verdilər. Ermənilər təbliğat maşınlarını işə salaraq Heydər Əliyev barədə həqiqətə qətiyyən uyğun olmayan məqalələr dərc etdirir, onu xalqın gözündən salmağa cəhd göstərirdilər. Təəssüf ki, düşmənlərimizin dəyirmanına su tökən bəzi satqınlarımız ermənilərə dəstək verərək Moskva mətbuatına dahi Heydər Əliyevi “ifşa” edən materiallar göndərirdilər.

Sumqayıt hadisələrindən az sonra Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin sabiq birinci katibi Karen Dəmirçiyan İrəvandakı Teatr meydanındakı izdihamlı mitinqdə demişdi: “Mənim əziz millətim! Siz çox ağır və həlli çox müşkül bir işə qatılmısınız. Düzdür, ölkənin indiki rəhbəri Mixail Qorbaçov bizim adamdır. O, bizim arxamızdadır. Amma unudursunuz ki, türklərin Heydər Əliyev adlı bir böyük oğlu var. O, neçə ki həyatdadır, siz Azərbaycandan heç nə qopara bilməyəcəksiniz. Mən onu yaxşı tanıyıram. Biz uzun illər bütün dünya ermənilərinin nə qədər gücü varsa, onu məhv eləmək üçün səfərbər etdik. Amma o, çekist məharəti ilə hamısından sıyrılıb qurtara bildi, bizim qurduğumuz bütün planları alt-üst etdi.

Doğrudur, Mixail Sergeyeviçin əli ilə biz onu Kremldən, Siyasi Bürodan uzaqlaşdırdıq. Amma onu məhv eləyə bilmədik. Onu məhv eləmək sizə asan görünməsin. Baxarsınız, onu yenidən hakimiyyətə gətirəcəklər. O zaman bütün havadarlarımızın səyi ilə nə qazanmışıqsa, gec və ya tez hamısını itirəcək, axırda məğlub olacağıq. Heydər Əliyevlə mübarizə aparmaq çox çətindir, bu qeyri-mümkün bir işdir.”

Türklərə sonsuz nifrət bəsləyən Moskvadakı vəzifəli erməni millətçiləri böyük Heydər Əliyevi “Kremldə türk paşası” və ya “Heydər paşa” adlandırırdılar.       

Qanımızı içməyə hazır olan ən böyük düşmənlərimizin rəhbərləri onu belə qiymətləndirirdilər. Çünki Heydər Əliyev SSRİ-nin ən geridə qalmış aqrar respublikası olan Azərbaycanı cəmi on dörd ildə nəhəng imperiyanın iqtisadi cəhətdən inkişaf etmiş respublikasına çevirməyi bacarmışdı. O, bir çox xalqların tanımadığı Azərbaycanı dünya miqyasında tanıtmışdı. Bacarıqlı azərbaycanlı kadrların Moskvada yüksək vəzifələrə irəli çəkilməsinə nail olmuşdu. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafı dostların da, düşmənlərin də gözləri qarşısında baş verirdi. Lakin təəssüf ki, Heydər Əliyevin dühasına qısqanclıq göstərən bəzi başabəla başbilənlərimiz ermənilərin havadarlarının məkrli hiylələrinə aldanaraq Heydər Əliyevin əleyhinə Moskvada təşkil edilmiş “Əliyevşina” adlandırılan iyrənc “hərəkata” qoşuldular.

Böyük ingilis mütəfəkkiri Conatan Sviftin dahilər haqqında belə bir hikmətli fikri var: “O zaman ki, dünyada həqiqi dahi yaranır, onu belə bir əlamətə görə müəyyən etmək olar. Bütün kütbeyinlər onun əleyhinə birləşir.” Həmin kütbeyinlər Heydər Əliyevi hətta tikib-qurduğu və abadlaşdırdığı Bakıya belə buraxmadılar. Əksinə, əgər onlar özləri xalqla bərabər mahir idarəetmə ustası, zəngin dövlətçilik təcrübəsi olan Heydər Əliyevi hakimiyyətə dəvət etsəydilər, onda Azərbaycan bugünkü Dağlıq Qarabağ problemi ilə üzləşməzdi, otuz min şəhid verməzdik, altmış min müharibə əlilimiz olmazdı, torpaqlarımız işğala məruz qalmazdı, indi təmas xəttinə yaxın yaşayış məntəqələrimizdə dinc əhalimiz evində gözlənilməz ölümlə dünyasını dəyişməzdi.

Nəhayət, Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun xəyanətləri, Əbülfəz Elçibəy-İsa Qənbər hakimiyyətinin bacarıqsızlığı nəticəsində müsibətlər çəkən xalq ayağa qalxaraq Heydər Əliyevi qətiyyətlə tələb etdi. Hər zaman doğma xalqının hər bir çağırışını qəbul edən Ulu Öndər Naxçıvandan Bakıya gələrək Ali Sovetin Sədri, payızda isə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Əzəmətli lider qısa zamanda böyük işlər gördü. İlk növbədə ölkəni iflic vəziyyətə salan müharibənin dayandırılmasına və atəşkəs əldə edilməsinə nail oldu. Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirdi, Avropaya və ümumiyyətlə, dünyaya inteqrasiya etdi, özünə çoxlu tərəfdaş qazandı. İqtisadiyyatımız ölü nöqtədən çıxarılıb inkişafa istiqamətləndirildi, cəmiyyətin bütün sahələrində köklü islahatlar aparıldı, ümumxalq səsverməsi ilə demokratik Konstitusiya qəbul edildi, hüquqi, dünyəvi dövlət bərqərar olundu. Bütün bunlar Azərbaycanın imicini bir dövlət kimi yüksəldirdi. ABŞ Prezidenti Klinton 1998-ci ildə 75 yaşının tamam olması münasibətilə Heydər Əliyevə göndərdiyi təbrik məktubunda uzaqgörənliklə yazırdı: “ Sizin rəhbərliyinizlə Azərbaycan firavan gələcəyinin bünövrəsini qoymaqdadır.”

Zaman göstərdi ki, ABŞ Prezidenti öz fikirlərində tamamilə haqlı imiş.

Ulu Öndərimizin qurduğu Azərbaycan dövləti Prezident İlham Əliyev tərəfindən dinamik inkişaf yoluna çıxarıldı, ölkəmizin mövqeləri dünyada daha da möhkəmləndirildi. İndi ölkəmiz beynəlxalq arenada söz sahibidir, regionumuzda heç bir iri layihə onun iştirakı olmadan həyata keçirilmir. Azərbaycan cəmi 28 illik müstəqilliyə malik olmasına baxmayaraq sürətlə inkişaf edərək iqtisadiyyatı və hərbi qüdrəti ilə dünyanın güclü dövlətləri sırasına yüksəlib.

Vəli İlyasov, “İki sahil”