28 yanvar 2019 20:07
207

Danimarka Almaniya ilə sərhəddə divar tikməyə başlayıb

Yanvarın 28-də Danimarka Afrika mənşəli donuz qarayarası virusunun Krallıqda yayılmasının qarşısını almaq məqsədilə Almaniya ilə sərhəd boyu divar tikməyə başlayıb.

AZƏRTAC Danimarka KİV-lərinə istinadla xəbər verir ki, 70 kilometrlik divarın tikintisi cari ilin payızına qədər yekunlaşmalıdır. Ölkənin ətraf mühitin mühafizəsi və ərzaq naziri Yakob Elleman-Yensen jurnalistlərə bildirib ki, bu divar, həmçinin qabanların kütləvi ovlanması infeksiya zəncirini qıracaq və Danimarkada Afrika mənşəli donuz qarayarası virusunun yayılması riskini azaldacaq.

Afrika mənşəli donuz qarayarası virusu insan üçün təhlükəli deyil, amma donuzların bir neçə gün ərzində kütləvi tələfatına səbəb olur. Yerli jurnalistlər xatırladırlar ki, bu virus ilk dəfə 2014-cü ildə Polşada aşkar olunub və onun daşıyıcısı olan qaban qonşu Belarusdan bu ölkənin ərazisinə daxil olub. Ötən ilin sentyabrında Belçikanın Lüksemburq və Fransa ilə sərhədində də virusa yoluxmuş heyvanların tapılması bütün ölkələri profilaktik tədbirlər görməyə məcbur edib və karantin zonasının yaradılması məqsədilə minlərlə qaban və donuz məhv edilib. Almaniyada heyvanların bu virusa yoluxması halları qeydə alınmasa da, Danimarka hökuməti xəstəlikdən qorunmaq üçün müvafiq tədbirlərin görülməsinə qərar verib.

Danimarka Avropada donuz ətinin əsas ixracatçılarından biridir. Hər il bu ölkənin 5 min fermasında 28 milyon donuz yetişdirilir. 2016-cı ilin statistik məlumatına görə, donuz əti Danimarka ixracatının 5 faizini (ildə 4 milyard avro) təşkil edir.