11 iyun 2019 11:53
101

Danimarka parlamentinin spikeri istefasını elan edib

Danimarka parlamentinin spikeri Pia Kersqor iyunun 5-də keçirilən seçkilərdə partiyasının və sağ mərkəzçi blokun məğlubiyyətindən sonra istefa verib.

AZƏRTAC bu barədə siyasətçinin “Facebook” səhifəsinə istinadla xəbər verir.

“Parlament seçkilərindən sonra bir neçə nəfər məndən Folketinqə (parlamentə) sədrlik edəcəyimi soruşub. Yox. Hakimiyyət dəyişib”, - Kersqor sosial şəbəkədə belə yazıb.

Siyasətçi fəaliyyətini mandatının sayı 37-dən 16-ya enən Danimarka Xalq Partiyasının parlament qrupunun heyətində davam etdirəcək. Kersqorun istefası gözlənilən idi: Folketinqin yeni spikeri daha çox səs toplayan partiyalardan birinin nümayəndəsi olacaq.

Danimarkada iyunun 5-də baş tutan parlament seçkilərində sol partiyalar 91 mandat, sağ mərkəzçilər isə 75 mandat qazanıb. Sosial-Demokrat Partiyası 25,9 faiz səs toplayaraq ən yaxşı nəticəni göstərib. Seçkilərdə ikinci yeri 23,4 faiz səslə Liberal Partiyası tutub.