12 dekabr 2019 17:49
718

Danimarkalı turistlər bu il Azərbaycana ikiqat maraq göstərirlər

Danimarkanın “Ekstra Bladet” nəşrinin yazdığına görə, otel və səyahətlərin axtarışı üzrə “Momondo” şirkətinin təhlilində danimarkalıların 2019-cu ildə hansı turizm istiqamətlərinə üstünlük verdikləri məlum olub.

AZƏRTAC xəbər verir ki, Krallığın təbəələri üçün bu il də ən populyar turizm istiqaməti London olub. Onun ardından Malaqa və Banqkok gəlirlər. Lakin ənənəvi favoritlərlə yanaşı, danimarkalıların arasında getdikcə populyar olan yeni istiqamətlər də meydana çıxıb. “Momondo”nun təhlilinə görə, Azərbaycan baxış sayı ən çox artan istiqamətlər arasında rekordçudur. Bu il ölkəmizə səyahət üzrə tələbat ötən illə müqayisədə 54 faiz çox olub. Populyarlığın artması göstəricisinə görə Azərbaycandan sonra ikinci yeri Gürcüstan tutur. Danimarkalılar qonşu ölkə ilə də ötən illə müqayisədə iki dəfə çox maraqlanıblar.

“Momondo” şirkətinin nümayəndəsi Danimarka nəşrinə müsahibəsində qeyd edib: “Biz aydın şəkildə görürük ki, Mərkəzi Asiya ölkələri danimarkalıların daha çox diqqətini çəkir. Həm Azərbaycan, həm də Gürcüstan İpək yolunun üzərində yerləşir, ona görə də bu ölkələrin mədəniyyəti və memarlığı Avropa və Asiya arasında olan karvan yolları vasitəsilə zənginləşib. Eyni zamanda, yay aylarında havanın hərarəti 30 dərəcədən bir az aşağı olur və hər iki ölkədə çimmək və günəş vannası qəbul etmək üçün çox gözəl şəraitin olduğu sahilboyu ərazilər var”.