24 iyun 2019 18:17
1121

Dayanıqlı İnkişaf Məqsədləri üçün rəqəmsal transformasiyaya keçid

BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində daha bir seminar “Dayanıqlı İnkişaf Məqsədləri üçün rəqəmsal transformasiyaya keçid” mövzusunda olub.

AZƏRTAC xəbər verir ki, seminarda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri Rövşən Nəcəf çıxış edib.

Azərbaycanda dövlət xidmətləri sahəsində rəqəmsallaşdırma və avtomatlaşdırmaya keçid barədə danışan şöbə müdiri “ASAN xidmət”in uğurlu fəaliyyətini qeyd edib. O bildirib ki, “ASAN xidmət” artıq Azərbaycan brendinə çevrilib.

Elektron hökumətin rəqəmsal cəmiyyətin təməlini təşkil etdiyini bildirən Rövşən Nəcəf qeyd edib ki, bu, bəşər cəmiyyətinə yeni, mütərəqqi idarəetmə üsulları ilə xidmət edir. Şöbə müdiri ölkəmizdə İKT-nin tətbiqi ilə sosialyönümlü müasir idarəetmə sisteminin bərqərar olduğunu vurğulayıb. Qeyd edib ki, yeni yaradılan imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün məmurlar və vətəndaşlar arasındakı təması minimuma endirmək, eyni zamanda, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.

Diqqətə çatdırılıb ki, "Elektron hökumət” portalı (www.e-gov.az) Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsinə şərait yaradır. "Elektron hökumət" portalı artıq bir neçə ildir ki, bütün sutka ərzində evdən, qatardan, avtomobildən, bir sözlə, zaman və məkan məhdudiyyəti tanımadan internet olan hər yerdən vətəndaşlara xidmət edir.

Ölkəmizdə bulud texnologiyalarının tətbiqini xüsusi vurğulayan Rövşən Nəcəf Prezident İlham Əliyevin bu ayın əvvəlində imzaladığı “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Fərman barədə ətraflı məlumat verib. Azərbaycanda innovasiyaların və texnoloji yeniliklərin tətbiq olunduğunu diqqətə çatdıran şöbə müdiri bunların ölkəmizdə vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq və dövlət xidmətlərinin əlçatanlığını artırmaq üçün rəqəmsal texnologiyadan geniş istifadə üçün hər cür şərait yaratdığını deyib.

BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamentinin rəqəmsal idarəetmə şöbəsinin əməkdaşı Elida Reci bildirib ki, bu seminarda “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) və hədəflərinin tətbiqinin dəstəklənməsi üçün rəqəmsal hökumətin və qabaqcıl texnologiyaların necə istifadə ediləcəyi araşdırılır. Seminarın əsas məqsədləri rəqəmsal hökumət sahəsində mövcud qlobal və regional tendensiyaların, o cümlədən dövlət sektorunda yeni texnologiyaların tətbiqinin DİM-ə nail olunmasında yardımçı, artan və sürətləndirici rolu ilə bağlı problemləri və imkanları təhlil etmək, DİM-də rəqəmsal hökuməti təşviq etmək üçün siyasətçilər, maraqlı tərəflərlə müxtəlif tövsiyələr əsasında gələcək ssenarilər barədə düşünməkdir.

Seminar çərçivəsində “Bütün formalarda korrupsiya və rüşvətxorluğu əhəmiyyətli dərəcədə azaltmaq”, “Hər səviyyədə effektiv, məsuliyyətli və şəffaf dövlət qurumlarının inkişaf etdirilməsi”, “Hər səviyyədə operativ, inklüziv, iştirakçı və təqdim oluna biləcək qərarların verilməsini təmin etmək” və “İctimai informasiyaya əlçatanlığı təmin etmək” mövzularında sessiyalar keçirilib.