13 iyun 2019 10:40
310

Demokratik dövlət quruculuğunun fundamental əsasları Ümummilli Lider tərəfindən qoyulub

Xalqımız tarixi bir bayram - Milli Qurtuluş Günü ərəfəsindədir.  Azərbaycan dövlətçiliyinin xilaskarı, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə  ölkə rəhbərliyinə qayıdışı Milli Qurtuluş Günü kimi elan edilərək hər il respublikamızda və onun hüdudlarından kənarda geniş qeyd olunur. Azərbaycanın müqəddəratının həll edildiyi ən ağır günlərdə üzləşdiyi çətinliklərdən xilas olması, vətəndaş qarşıdurmasının aradan qaldırılması, ictimai-siyasi sabitliyin və inkişafın təmin olunması, dünya birliyində layiqli yer tutması məhz Ulu Öndərin yenilməz iradəsi, misilsiz fədakarlığı sayəsində mümkün olmuşdur.

Milli Məclisin deputatı Elman Məmmədov İki sahil. TV-nin “Siyasi baxış” verilişində bildirdi ki, əgər 1969-cu ildə Ulu Öndərin birinci gəlişi Azərbaycana dirçəliş və çiçəklənmə gətirdisə, 1993-cü ildə ikinci dəfə gəlişi isə Milli Qurtuluş Günü oldu. Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. Amma bütün bunlara nail olmaq üçün ilk növbədə ölkədə ictimai- siyasi sabitliyi təmin etmək lazım idi. Bunsuz dağılmış iqtisadiyyatın bərpasına, xarici sərmayələrin cəlb olunmasına, dövlət quruculuğu ilə yüksək fəaliyyətə nail olmaq mümkün deyildi. Ümummilli lider Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində bu sahədə ciddi tədbirlər görüldü. Ən əsası isə Azərbaycan dövlətçiliyinin varlığına böyük təhlükə olan 1994-cü ilin oktyabr və 1995 -ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, günahkarlar cəzalandırıldı. Bununla da hakimiyyətə silah yolu ilə gəlmə cəhdlərinə birdəfəlik son qoyuldu, ölkədə möhkəm, davamlı sabitlik təmin edildi, demokratiyanın inkişafı üçün sağlam şərait yaradıldı. Ulu öndər  Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıtması və sözün əsl mənasında “Ömrümün qalan hissəsini xalqıma bağışlayıram!” - deyə öz xalqına sahib çıxması böyük fədakarlıq idi. Heydər Əliyevin hakimiyyətə qayıtdığı dövrdə ən ümdə, vacib məsələlərdən biri bədxah qonşumuz, dəyişməz düşmən Ermənistanın getdikcə genişlənən təcavüzünün qarşısını almaq idi. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində bir tərəfdən Azərbaycanın milli maraqlarını qorumağa qadir olan nizamlı silahlı qüvvələr yaradıldı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Bununla da güclü əks zərbələr alan düşmən danışıqlara getməyə məcbur oldu və 1994-cü ilin may ayının 12-də atəşkəs haqqında saziş imzaladı.

E.Məmmədov vurğuladı ki, Azərbaycanda demokratik dövlət quruculuğunun fundamental əsasları da Ümummilli Lider tərəfindən qoyulmuş və onun rəhbərliyi altında ölkəmizin demokratik dəyərlərə əsaslanan hüquqi sistemin formalaşmasına başlanmışdır. Beləliklə də, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin rəhbərliyi altında 1995- ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə ilk Konstitusiya qəbul olundu və bu da demokratik qanunların qəbulunda, keçiriləcək islahatların effektivliyində, Azərbaycanın gələcək inkişafında təməl bünövrə rolunu oynadı. Müstəqil dövlət quruculuğunun bütün dövrlərində Azərbaycan diplomatiyasının qarşısında qoyduğu ən mühüm istiqamətlərdən və vəzifələrdən biri Ermənistanın hərbi təcavüzünün dəf edilməsi, respublikamızın pozulmuş ərazi bütövlüyünün bərpa olunması və işğalçıların ölkə ərazisindən çıxarılması, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq aləmin dəstəyinin qazanılması olmuşdur. Ulu öndər Heydər Əliyev bu istiqamətdə güclü diplomatik manevrlər etmiş, konseptual, praqmatik və balanslaşdırılmış xarici siyasət strategiyasının əsasını qoymuşdur. Belə ki, təcavüzkar Ermənistanı müdafiə edən ölkələrin bir çoxu bitərəfləşdirilmiş və dünya dövlətlərinin Ermənistana təzyiq etməsi üçün hərtərəfli düşünülmüş diplomatik və siyasi iş aparılmış, mövcud informasiya boşluğu aradan qaldırılmışdır.

Elman Məmmədov xüsusi olaraq vurğuladı ki, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra milli mənəvi dəyərlərimizə, zəngin tarixi abidələrimizə yüksək qayğı ilə yanaşı, güclü qanunvericilik bazası da formalaşdırılaraq, respublika insan hüquq və azadlıqlarına, xüsusilə vicdan və dini etiqad azadlığının bərqərar olmasına, ölkəmizin inkişafına və müasirləşməsinə, mənəvi dəyərlərimizin qorunmasına böyük önəm verildi. Heydər Əliyevin ideyaları Azərbaycanın gələcəyi ilə bağlıdır. Bu ideyalar indi ulu öndər Heydər Əliyevin ardıcılları tərəfindən ləyaqətlə və layiqincə həyata keçirilir. Azərbaycan xalqı birmənalı şəkildə 2003-cü il prezident seçkilərində Heydər Əliyevin ideyalarını dəstəklədi. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizin sosial-iqtisadi yüksəlişini təmin etməklə, beynəlxalq nüfuzunu artırmaqla Ulu Öndərin ideyalarını yaşadır. Bütün bunlar Azərbaycanın hərtərəfli inkişafında, yüksəlişində, dövlətçilik qüdrətinin artmasında özünü büruzə verir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş daxili və xarici siyasətimiz bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın iqtisadi inkişaf sürətinə görə dünyada lider mövqe tutması, ölkəmizin beynəlxalq aləmdə, o cümlədən regionda siyasi çəkisinin durmadan artması buna əyani sübutdur.

Şəmsiyyə Əliqızı, “İki sahil”