06 dekabr 2019 10:15
862

Demokratik dövlət quruculuğu yolunda növbəti mütərəqqi addım

Dövlətimizin başçısı  İlham Əliyevin “Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Sərəncamı davamlı inkişafın, təkmilləşmənin dövlət siyasətinin əsasını təşkil etdiyini bir daha təsdiqlədi

Bu günümüzün əsas müzakirə mövzusu Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının təşəbbüsü ilə  parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi məsələsidir.  Qeyd olunduğu kimi, bu mühüm addım Azərbaycan tarixində ilk dəfə olsa da, dünya praktikasında  tez-tez rast gəlinən məsələdir. Noyabrın 28-də  Yeni Azərbaycan Partiyası Siyasi Şurasının  gələcəyə hədəflənmiş təkmil islahatların qanunverici orqanı da əhatə etməsi məqsədilə parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi, məsələnin Milli Məclisdə müzakirəsi ilə bağlı qərarın qəbul olunması, parlamentin dekabrın 2-də keçirilən plenar iclasında dövlətimizin başçısı İlham Əliyevə müraciət, ölkə Prezidentinin bu mühüm addımın qanunauyğunluğunun öyrənilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndərməsi,   dekabrın 4-də Konstitusiya Məhkəməsi Plenumunun iclasında sorğuya baxılaraq Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərarın qəbul edilməsi, yekun olaraq cənab İlham Əliyevin 5 dekabr 2019-cu il tarixli “Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Sərəncamın imzalanması davamlı inkişafın, təkmilləşmənin dövlət siyasətinin əsasını təşkil etdiyini bir daha ortaya qoydu. Sərəncama əsasən   Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edildi.

Bu gün Azərbaycanın inkişafın hansı mərhələsində olduğu göz önündədir. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi tərəqqinin  qeyri-neft sektorunun hesabına olması qarşıya mühüm vəzifə kimi qoyuldu.  İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla icrasının nəticəsidir ki, bu gün  ümumi daxili məhsulda özəl bölmənin payı 85 faiz təşkil edir. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Cari ilin sosial-iqtisadi uğurları 2019-cu ilin  tariximizə  təkmil islahatlar ili kimi qalacağını şərtləndirir.   

Bu gün  ölkəmizin hüquqi dövlət quruculuğu sahəsindəki uğurları da təqdirəlayiqdir. Qanunvericilik orqanın beynəlxalq standartlara uyğun  formalaşması istiqamətində atılan davamlı addımlar göz önündədir.  Ölkənin hərtərəfli inkişafına geniş yol açan qanunların qəbulunda əsas  missiyanı yerinə yetirən, xalqın təmsilçiləri olan  deputatların səmərəli və normal fəaliyyəti üçün bütün zəruri tədbirlər yüksək səviyyədə həyata keçirilir. Bu günümüzün əsas tələbi məhz bu deputat korpusunun tərkibinin yenilənməsi, müasirləşməsi, təkmil islahatların  hakimiyyətin üçüncü qolu olan  qanunverici orqanda da öz əksini tapmasıdır. Təbii ki, yeniləşmə, müasirləşmə hədəflərə yüksək səviyyədə nail olmağı şərtləndirir. Ölkəmizdə müasir və şəffaf idarəetmə sistemi formalaşdırılıb. Ölkə Prezidentinin həyata keçirdiyi gəncləşmə siyasəti ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Təşəbbüskar və bilikli gənc kadrlar önə çəkilib. Beləliklə, 2018-ci ilin prezident seçkilərindən sonra başlanan islahatlar Azərbaycanda keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Gələcəyə hədəflənmiş  islahatların uğurlu icrasında  əsas məqsəd  Azərbaycanı müasir, beynəlxalq münasibətlər sistemində möhkəm mövqeyə malik ölkə kimi  təqdim etməkdir. Bu günümüzün əsas uğurlarından biri Azərbaycanın beynəlxalq aləmdə innovasiyalar ölkəsi kimi tanınmasıdır. Yeni texnologiyaların inkişafı və tətbiqi şəraitində yüksək nəticələrə nail olmaq, iqtisadiyyatın rəqabətqabiliyyətliliyini artırmaq mümkündür. Dövlətimizin başçısı İlham Əliyev daim bu tələbi qarşıya qoyur ki, iqtisadiyyatın elmi əsaslara söykənməsi davamlı inkişafı təmin edir. Dünyanın qabaqcıl ölkələrinin praktikasına nəzər salsaq görərik ki, onu inkişaf etdirən bilikdir, elmdir, yeni texnologiyalardır. Məhz  müasir dünyagörüşünə, savada, biliyə malik gənclərin idarəçilik sistemində irəli çəkilməsi bu hədəflərə geniş yol açır.

Ölkəmizin siyasi həyatında əhəmiyyətli rol oynayan  hadisələr daim keçilən yolu təhlil etməyi və perspektivləri açıqlamağı bir zərurət kimi ortaya qoyur. Bu baxımdan təkmil islahatlarla vəhdətliyin təmin olunması məqsədilə növbədənkənar parlament seçkilərinin keçirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi islahat konsepsiyasının və onun uğurlarının cəmiyyətimizdə ciddi müzakirəsini tələbə çevirib. Dövlətimizin başçısı  İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası bu islahatların həyata keçirilməsinə öz töhfəsini verir və  bundan sonra da verəcək. Yeni Azərbaycan Partiyası hakim mövqedə olduğu 1993-cü ildən bu günədək  Azərbaycanın inkişafında mühüm rol oynayan güclü siyasi qüvvədir. Partiya daim bu günümüz üçün  vacib olan  məsələləri gündəmə gətirib, onların həlli istiqamətində ciddi səylər göstərir.  YAP-ın  Siyasi Şurasının növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə təşəbbüsünün  ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanması da partiyaya olan dəstəyin ifadəsidir.  Xalqımız tam əmindir ki,  növbədənkənar parlament seçkiləri də Yeni Azərbaycan Partiyasının tarixinə növbəti uğur səhifəsini yazacaq. Hər bir seçki prosesinə bu günümüzlə səsləşən şüarlarla qatılan Yeni Azərbaycan Partiyası  yeni parlamentin formalaşmasında təşəbbüskarlığı ilə bu devizin önəmini təsdiqlədi ki,  müasir Azərbaycana təkmilləşən, yeni dövrün tələblərinə cavab verən parlament gərəkdir. Yeni formalaşacaq parlament yeni qanunlara imza atmaqla  ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək.

Yeganə Əliyeva, “İki sahil”