17 may 2019 10:22
273

Deputat: Antimilli radikal düşərgənin sıraları tam seyrəlib

Bu gün Azərbaycan dünya miqyasında söz sahib olan ölkələrdən biri kimi tanınır. Şübhəsiz, ölkəmizin dünyada belə nüfuz qazanmasının təməlində ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır. Bütün bunlar isə anti-Azərbaycan dairələri narahat edir, necə deyərlər, kürkünə birə salır. Postsovet ölkələri, habelə müstəqillik tarixi daha çox olan Avropanın bir sıra dövlətləri ilə müqayisədə Azərbaycanın uğurlarının bədxahlarımızı narahat etməsi başadüşüləndir. Odur ki, tərəqqimizi, inkişafımızı gözü götürməyən, həzm edə bilməyən bu ermənipərəst qüvvələr ölkəmizə qarşı yalan, şər, böhtan kampaniyaları təşkil edirlər. Onlar bu kimi tədbirlərdə “sapı özümüzdən olan baltalar”dan məharətlə istifadə edir və onlar vasitəsilə  ölkəmizin imicinə daha kəskin zərbələr vurmağa çalışırlar.

Mayın 13-də Prezident İlham Əliyev Belçikanın paytaxtı Brüsseldə  işgüzar səfərdə olarkən 3-4 nəfər mənəviyyatsız erməni köləsinin aksiya keçirmək cəhdi onların Azərbaycan dövlətinə və xalqına düşmən münasibətini bir daha əyani şəkildə nümayiş etdirib.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının  rəhbəri Fazil Mustafa mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, xaricdə yaşayan bir neçə mühacirin öz vətənləri haqqında yalnız neqativ böhtan xarakterli məlumatlar yayması artıq adi hala çevrilib: “Digər tərəfdən, onların həmin aksiyası qlobal prosesləri hələ də dərk etmədiklərini göstərir. Bəli, iqtidara qarşı hər hansı fəaliyyət göstərmək olar, bu qəbahət sayılmır. Amma o yerdə ki, Azərbaycanın taleyi həll olunur, ölkə ilə bağlı mühüm məsələ müzakirə olunur, belə aksiyalar yolverilməzdir. Baxın, ölkə başçısı Azərbaycanın ərazi bütövlüyünü qoruyan prinsipial mövqe ortaya qoyur. Bəs, ey erməninin pul kisəsinə xidmət edənlər, mənəviyyatları tam deqradasiyaya uğramışlar, bəs siz nədən bu cür aksiya ilə Prezidentn fəaliyyətinə müəyyən dərəcədə kölgə salmağa çalışırsınız? Axı bu addımınız iqtidara qarşı deyil, bütövlükdə Azərbaycana qarşı sayğısızlıqdır. Bununla da bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə zərbə vurmağa çalışırlar. Diqqət etsək görərik ki, xaricdə bizə qarşı fəaliyyət göstərən “mühacirət müxalifəti”, problemlərdən danışarkən bir dəfə də olsun Dağlıq Qarabağdan danışmırlar. Çünki onlar, sadəcə, anti-Azərbaycan dairələrdən aldıqları təlimatlarla hərəkət edirlər. Ermənistanın xüsusi xidmət orqanları ilə əlbir olaraq milli maraqlarımıza xor baxan bu cür ünsürlərin isə bir adı var: Vətən xaini”.  Bir məsələni də xüsusi vurğulamaq istərdim. Həmin kadrlardan açıq-aydın görünür ki,  antimilli radikal düşərgənin sıraları tam seyrəlib. Aksiyada iştirak edən 2-3 nəfəri isə tam iflas prosesi yaşayan ünsürlərin  son nümayəndələri adlandırmaq olar”.

Qeyd edək ki, hazırda qarşılıqlı maraqlara söykənən Azərbaycan-Avropa İttifaqı əlaqələri davamlı olaraq inkişaf etməkdədir. Amma həmin ünsürlər Azərbaycanla Avropa İttifaqı arasında imzalanması gözlənilən strateji tərəfdaşlıq sazişi barədə yalnız yalan məlumatlar yayırlar. Belə ki,  Brüsseldə keçirilən tədbirdə Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin imzalanması əvvəlcədən nəzərdə tutulmayıb. Bu, qeyri-obyektiv məlumatların yayılması qərəzli münasibətin göstəricisidir. Digər tərəfdən, bu  sənəd üzərində hələ iş gedir. Həmin saziş imzalanan zaman orada Azərbaycanın ərazi bütövlüyü, hər iki tərəfin əməkdaşlıq əlaqələrinə və maraqlarına cavab verəcək şərtlər öz əksini tapacaq.

Milli Məclisin deputatı Fazil Mustafanın bildirdiyi kimi, bu məsələdə Azərbaycanın mövqeyi tamamilə haqlıdır və bu mövqeyinin qorunması üçün həmişə çalışır: “Unutmayaq ki, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunmayan hər hansı sənəddə hər hansı şəkildə iştirakımız mümkün deyil. Buna kimsənin şübhəsi olmasın”.

Qvami Məhəbbətoğlu, “İki sahil”