01 iyun 2020 11:03
1063

Deputat: Gənclər ölkəmizin uğurlu inkişafında fəal rol oynayırlar

Azərbaycanda hər zaman gənclərə yüksək qayğı olub, dövlət bu sahəyə xüsusi diqqətlə yanaşıb. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün sağlam gəncliyin yetişməsində bu siyasətin böyük rolu var. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva öz çıxışlarında davamlı olaraq gənclərə müraciət edərək onları ölkənin ictimai həyatında aktiv olmağa, daim öz üzərlərində işləməyə, peşəkar bilik və bacarıqlarını artırmağa çağırırlar. Bu çağırışlara əsasən bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Demək olar ki, gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmiş və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır.

Prezident İlham Əliyev mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışı zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bununla bağlı deyib: “Mən gənclərin rolunu həmişə çox yüksək qiymətləndirmişəm. Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. Deyə bilərəm ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclərimiz var və DOST mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir. Məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və eyni zamanda, dediyim kimi, digər ölkələrlə bu təcrübəni bölüşsün. Ona görə gənclərlə çoxsaylı görüşlərim əsnasında mən onları həmişə biliklərə cəlb edirəm, dəvət edirəm ki, yaxşı oxusunlar, yaxşı peşəkar olsunlar və öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərsinlər. Şadam ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından. Eyni zamanda, onu da bildirməliyəm ki, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək”.

Milli Məclisin deputatı Cavid Osmanov məsələ ilə bağlı fikirlərini qəzetimizlə bölüşərək bildirdi ki, Prezident İlham Əliyev sözügedən müsahibəsində gənclərə xüsusi yer ayırması da bu sahəyə göstərilən diqqət və qayğıdan irəli gələn addım kimi qiymətləndirilir: “Şübhəsiz ki, Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında fəal rol oynayırlar. DOST mərkəzlərinin fəaliyyətə başlaması da gənclərin fəallığı, onların müasir biliklərə malik olmasının bir təzahürüdür. Dövlət başçısının da qeyd etdiyi kimi, məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və digər ölkələrlə bu təcrübəni bölüşsün. Artıq bir neçə ölkə DOST mərkəzlərinə dair təcrübə ilə bağlı ölkəmizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır. Bu gün gənclərimiz çox böyük peşəkarlıq nümayiş etdirir, müasirlik baxımından ən yüksək meyarlara cavab verirlər. Gələcəkdə də gənclərimiz yaxşı oxumalı, peşəkar olmalı, öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərməlidirlər”.

Deputat onu da qeyd etdi ki, bu gün gənclər fəaliyyətlərini həm dövlət qurumlarında, həm də özəl sahələrdə uğurla davam etdirirlər: “Azərbaycanda bilikli və peşəkar gənc kadrların bir sıra mühüm postlara təyin olunması istiqamətində ciddi tədbirlər həyata keçirilir. Son illər çoxlu sayda perspektivli gənclər müxtəlif sahələrdə mühüm postlara təyinat alıblar. Hazırda bu siyasət uğurla davam etdirilir. Bildiyiniz kimi, 2020-ci ildə ölkəmizdə keçirilən parlament seçkilərində də bu məsələyə xüsusi diqqət ayrıldı. Bu gün çoxlu sayda gənc Milli Məclisdə təmsil olunur, qanunvericilik bazasının təkmilləşməsində yaxından iştirak edirlər. Bu gün gənclərimizin də üzərinə böyük vəzifə düşür. Dövlətimizin onlardan gözləntiləri çoxdur. Onlar daim üzərlərində işləməli, bilik və bacarıqlarını artırmalıdırlar. Bu gün dövlətimiz üzərinə düşəni edir. Bu sahəyə gənclər də öz töhfələrini verməlidirlər”.

Mənsumə Babayeva,

“İki sahil”