20 oktyabr 2020 21:52
815

Deputat: Xalqımızın uzun illər həsrətində olduğu qələbə anı addım-addım yaxınlaşmaqdadır

Təcavüzkar Ermənistanın növbəti təxribatından sonra işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Respublikasının Vətən müharibəsi davam edir. Müharibə başlandığı ilk saatlardan bu günə kimi müzəffər ordumuzun qələbə xəbərləri xalqımızı sevindirməkdədir. Otuz il ərzində xalqımızın sülh tərəfdarı olduğunu, münaqişənin sivil yolla, beynəlxalq hüquq çərçivəsində həll edilməsinin tərəfdarı olduğunu səbirlə nümayiş etdirməsi qarşısında beynəlxalq ictimaiyyət və özünü dünyada sülh və ədalətin qoruyucusu kimi təqdim edən səlahiyyətli qurumlar və güclü dövlətlər ikili siyasət yürütməklərindən utanmadılar. Haqq səsimizi eşitmək istəmədilər. Nəhayət Respublikamızın Prezidenti, Ali Baş Komandanımız bütün dünyaya sübut etdi ki, bu məsələni biz müharibə yolu ilə də həll edə bilərik, daha bir 30 ili də gözləmək fikrimiz yoxdur. Ötən 24 gün ərzində xalqımız nəyə qadir olduğunu da sübut etdi.

"İki sahil" xəbər verir ki, bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Ülviyyə Ağayeva bildirib. Deputat qeyd edib ki, müzəffər Azərbaycan Ordusu ana Vətənin torpaqlarını düşmən tapdağından xilas etmək kimi şərəfli missiyanın öhdəsindən gələ bildiyini göstərdi. Qısa müddət ərzində əsas strateji əhəmiyyətli mövqelər, Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri, Cəbrayıl rayonunun bir çox kəndləri və Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi, Zəngilan şəhəri və bir çox digər yaşayış məntəqələri düşmənin tapdağından azad edildi, Xudafərin körpüsü üzərində bayrağımız ucaldıldı. Prezident İlham Əliyevin xalqa bugünkü müraciəti göstərdi ki, xalqımızın uzun illər həsrətində olduğu qələbə anı addım-addım yaxınlaşmaqdadır.

“Bu hadisələr göstərir ki, Azərbaycan xalqının dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhər və kəndlərimiz qaytarılacaq. Müzəffər ordusuna və xalqının həmrəyliyinə arxalanan Prezidentimiz Böyük Qayıdış ərəfəsində olduğumuzu bəyan edib. Torpaqlarımızın işğaldan azad olunduğu hər bir gün xalqa sevinc və qürur hissləri bəxş edir.

Düşmən işğalı altındakı torpaqlarımızı viran qoyaraq, şəhər və kəndlərimizi dağıdıb. Ancaq heç kimin şübhəsi yoxdur ki, dağıdılmış bu şəhər və kəndlər yenidən qurularaq abadlaşdırılacaq. Prezidentimiz İlham Əliyevin dediyi kimi, işğaldan azad olunmuş bütün ərazilərdə məscidlər bərpa olunacaq və oralardan azan səsi eşidiləcək, buraya yeni həyat gələcək.

Dövlətimizin başçısı müharibənin başlandığı ilk gün işğal olunmuş torpaqlarımızda yaşayan ermənilərə müraciət edərək bildirmişdi ki, qorxmasınlar, Azərbaycan Ordusu mülki əhaliyə güllə atmır. Cəbhədə sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan rəhbərliyi isə bunun qisasını mülki əhalidən, döyüş zonasından uzaq olan şəhərlərimizin sakinlərindən almaqla bir daha öz mənfur xislətini bütün dünyaya nümayiş etdirdi. İsti yatağında yatmış qocalar, qadın və uşaqlar işğalçı ordu tərəfindən raket atəşinə tutuldu. Hələ dil açmamış məsum körpə, neçə-neçə uşaq, qadın və qoca qətlə yetirildi. Bir əsrdən artıq müddətdə bütün dünyaya soyqırımı nağılı danışan ermənilər Azərbaycan xalqına qarşı növbəti dəfə soyqırımı törətdilər və bununla da Ermənistanın dünyada sülhün düşməni olduqlarını göstərdilər. Bu, bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Buna göz yuman dövlətlər özləri də həmin cinayətin iştirakçılarına çevrilirlər. Bizim mübarizəmiz isə haqq işidir və biz mütləq qalib gələcəyik”, - deyə Ülviyyə Ağayeva vurğulayıb.