18 aprel 2019 20:12
854

Deputatlar "İntellekt" məktəb-liseyində

Milli Məclisin deputatları 49 nömrəli “İntellekt” məktəb-liseyində olublar

Aprelin 18-də YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Aydın Mirzəzadə və Hikmət Məmmədov Səbail rayonunun ən qədim məktəblərindən biri olan 49 nömrəli “İntellekt” məktəb-liseyin qonağı olublar. Əsası 1929-cu ildə qoyulan bu məktəb Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq 2012-ci ildə Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində əsaslı şəkildə təmir olunaraq yenidən qurulub.

Deputatlar sinif otaqlarını gəzərək dərs prosesi ilə tanış olublar, ibtidai, orta və yuxarı sinif şagirdləri ilə fikir mübadiləsi aparıblar. Məktəbdə ümumi tədris mühiti, müəllim-şagird münasibətləri və mənəvi-psixoloji vəziyyətlə maraqlanıblar və müvafiq tövsiyələrini veriblər. Deputatlar məktəbin direktor müavinləri, psixoloqu və bir qrup müəllimləri ilə görüşüblər, şagirdlərlə aparılan psixoloji təlimin səviyyəsi, məktəblilərin ümumi mənəvi-psixoloji vəziyyəti, şagirdlərə göstərilən psixoloji dəstəyin forma və metodları, valideynlərlə görülən işlər və s. ilə maraqlanıblar. Deputatlar xidmət səviyyəsinin yüksəldilməsi və daha da təkmilləşdirilməsi məqsədilə məktəbin direktoru və psixoloquna öz təklif və tövsiyələrini veriblər.

Cavid Əkbərov, “İki sahil”