17 mart 2020 17:11
592

Deputatlar seçildikləri dairələrdə fəal, seçicilərlə daim təmasda olmalıdırlar

Millət vəkili Ağalar Vəliyevin Goranboy, Ağdam və Tərtər rayonlarının müvafiq məntəqələrində seçicilərlə səyyar görüşlərində dövlətimizin başçısı İlham Əliyevin rəbərliyi ilə paytaxt və bölgələrdə görülən işlərin ölkə ictimaiyyətində böyük ruh yüksəkliyi yaratdığı xüsusi qeyd olunub

9 fevral növbədənkənar parlament seçkiləri Azərbaycanın demokratik inkişaf tarixinə yeni bir səhifəni yazdı. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yeni-yeni hədəflərin gerçəkləşməsinə öz töhfələrini verən Yeni Azərbaycan Partiyasının bütün sahələri əhatə edən təkmil islahatların qanunverici orqanda da öz əksini tapması təşəbbüsünə xalqın dəstəyi 9 fevral parlament seçkilərində bir daha özünü nümayiş etdirdi.

 Bu günlərdə altıncı çağırış Milli Məclisin ilk iclasında dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın bütün sahələrdə qazandığı uğurlardan geniş bəhs edərək qanunvericilik bazasının hədəflərlə uzlaşmasını qarşıya mühüm vəzifə kimi qoyaraq, deputatların bu istiqamətdə fəaliyyətlərini daha da artırmalarının vacibliyini bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, beşinci çağırış Milli Məclisin, onun deputatlarının, rəhbərliyinin ölkəmizin uğurlu inkişafında böyük rol oynadığını, parlament tərəfindən qəbul edilmiş qanunların uğurlu inkişafımızın hüquqi bazasını gücləndirdiyini xüsusi qeyd edərək bu əminliyi ifadə etmişdir ki, altıncı çağırış Milli Məclis də uğurla fəaliyyət göstərəcək və beləliklə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək.

 Cənab İlham Əliyev qeyd olunan nitqində bu tövsiyəsini də çatdırmışdır ki, deputatlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar: «İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır. Əvvəllər belə hallar kifayət qədər çox olubdur. Öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və sair və ilaxır. Mən dərinə getmək istəmirəm. Ona görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki bizim əsas islahatlarımızın mahiyyəti də budur. Əgər bizim vətəndaşlar yaxından baxsalar görərlər ki, siyasi sahədə, struktur islahatları, kadr islahatları, vəzifələrə gətirilən kadrlar təmizdirlər. Yəni, onların arxasında heç bir, necə deyərlər, mənfi iz yoxdur. Milli Məclis də, onun deputatları da bu meyarlara cavab verməlidirlər. Sabah siz xalq qarşısında cavab verməli olacaqsınız. Ona görə siz seçildiyiniz dairələrin problemləri ilə daim maraqlanmalısınız, seçicilərlə görüşməlisiniz, dairələrdə olmalısınız. Eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmalısınız. Bunları icra orqanlarının qarşısına çıxarmalısınız, mərkəzi icra orqanlarının diqqətinə çatdırmalısınız. Hesab edirəm ki, yeni tərkibdə formalaşan Milli Məclis bu sahədə də uğurlu fəaliyyət göstərəcək.»

Dövlətimizin başçısı İlham Əliyevin bu tapşırığına uyğun olaraq deputatlarımız seçicilərlə görüşür, onları narahat edən məsələlərlə yaxından tanış olur, həlli istiqamətində aidiyyəti qurumlara müraciət olunur.

 Bu günlərdə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyevin Goranboy rayonunun Qızılhacılı qəsəbəsində və Tərtər rayonunun Sarov kəndində seçicilərlə növbəti səyyar görüşləri keçirilib.

Görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxt və böləgələrdə, o cümlədən Goranboy və Tərtər rayonlarında görülən işlər barədə ətraflı məlumat verilib. A.Vəliyev qeyd edib ki, hər bir ölkənin inkişafında əhmiyyətli rol oynayan sabitlik iqtisadi tərəqqinin geniş vüsət almasında stimulverici amildir. Ölkəmizlə iqtisadi əlaqələrin daha da genişlənməsi, ən əsası Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası ölkəmizə böyük iqtisadi uğurlar qazandırır. Bu gün böyük inamla qeyd edirik ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır. Təkcə ötən ildə bu rəqəm 13, 5 milyard dollar olub. Valyuta ehtiyatlarımız 52 milyard dollardır. 2020-ci ilin ilk aylarında valyuta ehtiyatlarımız bir milyard dollar artıb. Son 16 ildə 2 milyondan artıq yeni iş yeri yaradılıb. Təkcə ötən il bu rəqəm 98 min olub. Regionların potensial imkanlarından səmərəli istifadə etmək məqsədilə təsdiqlənən Dövlət proqramlarının uğurlu icrası bu fikri böyük inamla söyləməyə əsas verir ki, bu gün nəinki neft, eyni zamanda, qeyri-neft sektoru sahəsində mövcud imkanlar beynəlxalq səviyyədə təqdir olunur, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasında əhəmiyyətli rol oynayır. 2003-cü ildə dövlətimizin başçısı İlham Əliyevin «neft kapitalını insan kapitalına çevirək» tezisinə uyğun olaraq atılan addımlar bu gün öz bəhrəsini verir. Belə ki, bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olaraq sabibkarlığın inkişafı öncə bölgələrdə infrastrukturun yenilənməsini bir zərurət kimi ortaya qoydu. Gerçəkləşən Dövlət proqramları, infrastruktur layihələri, quruculuq-abadlıq işləri qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas yaratdı.

 Millət vəkili görüşlərdə bu məqamı da xüsusi qeyd edib ki, ölkəmizin iqtisadi imkanlarının artması güclü sosial siyasətin həyata keçirilməsi ilə müşayiət olunur. Təkcə ötən il dövlətimizin başçısı İlham Əliyevin təsdiqlədiyi iki sosial paketin uğurlu icrası nəticəsində 4 milyondan artıq insanın sosial müdafiəsi gücləndirilmişdir. Əməkhaqlarının, pensiyaların, müavinətlərin dəfələrlə artırılması, özünüməşğulluq proqramının uğurlu icrası əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına stimul verdi. Cənab İlham Əliyev daim çıxışlarında bildirir ki, həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır. İnsanların rahatlığının təmin olunması, onların təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayışı prioritetdir. Dövlətimizin başçısı İlham Əliyevin Dövlət proqramlarının icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə yaxından tanış olmaq üçün böləgələrə səfərləri, bir sıra sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərində iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşləri, onları narahat edən problemlərlə yaxından tanış olması və sair kimi biri-birindən əhəmiyyətli addımlar ölkə əhalisində böyük ruh yüksəkliyi yaradır, dövlətimzin başçısı İlham Əliyevin ətrafında sıx birləşərək, yeni-yeni hədəflərin həyata keçirilməsinə öz töhfələrini verirlər.

 A.Vəliyev dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələri əhatə edən islahatlardan, onların əhəmiyyətindən geniş bəhs edərək bildirib ki, islahatlar yeni yanaşma, inkişaf, tərəqqi deməkdir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Bu vəzifələrin uğurlu icrası birgə səylərin göstərilməsinin zəruriliyini daha da aktuallaşdırır.

Səyyar görüşlərdə, həmçinin dövlətimizin sosial siyasətinin əsas tərkib hissələrindən biri kimi, şəhid ailələrinə, Qarabağ əlillərinə, aztəminatlı ailələrə həssaslıqla yanaşıldığı xüsusi qeyd olunaraq, bu istiqamətdə atılan addımlardan, görülən tədbirlərdən bəhs edilib. A. Vəliyev bildirib ki, hər il dövlətimizin başçısı İlham Əliyevin sosial müdafiənin gücləndirilməsinə xidmət edən ilk addımı məhz şəhid ailələrinə, müharibə əlilərinə diqqət və qayğı ilə başlayıb.

Millət vəkili Goranboy rayonunun Qızılhacılı qəsəbəsində rayon rəhbərliyinin iştirakı ilə Milli Qəhrəman ailələrini ziyarət edib, onlara Novruz bayramı münasibətilə xüsusi təbrik açıqcaları, bayram sovqatları və maddi yardım təqdim edib.

 A.Vəliyevin təşəbbüsü ilə həmin gün yerli ictimaiyyətin nümayəndələri ilə birgə Goranboy rayonunun 24 kəndindən 460, Tərtər rayonunun 3 kəndindən 90, Ağdam rayonunun Yeni İmamqulubəyli qəsəbəsində, Tərtər rayonunda, Yevlax və Sumqayıt şəhərlərində məskünlaşan 350, bütövlükdə isə 3 rayon üzrə 900 şəhid, əlil və aztəminatlı ailənin hər birinə deputatın adından Novruz bayramı münasibətilə təbrik açıqcaları və bütün zəruri ərzaq məhsullarından ibarət olan bayram sovqatları çatdırılıb.

Səyyar görüşlər zamanı bəzi seçicilər millət vəkili tərəfindən fərdi qaydada qəbul olunub və onların gündəmə gətirdikləri sosial problemlərin həlli istiqamətlərində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görüləcəyi vurğulanıb.

Seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Qeyd olunub ki, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın qazandırdığı uğurlar ölkəmizin inkişaf modelinin beynəlxalq səviyyədə təqdir olunmasını şərtləndirir. Bu gün Azərbaycanın hər bölgəsində, kənd və qəsəbəsində quruculuq-abadlıq işləri həyata keçirilir. Bir sözlə, ölkəmiz quruculuq meydançasını xatırladır.

 Seçicilər bu kimi görüşlərin davamlı olmasını arzulayıb, yeni formalaşan parlamentin işinə uğurlar diləyiblər.

 Təbii ki, hər bir Milli Məclisin deputatı müəyyənləşdirilən dövr ərzində öz missiyasını uğurla yerinə yetirib, seçici-millət vəkili münasibətlərini yüksək səviyyədə qurmaqla özünə etimadı artırır, seçici məmnunluğunun yüksəldilməsinə stimul verir. Daim seçicilərinin görüşündə olan, onları parlamentdə uğurla təmsil edən, narahat edən məsələlərin Milli Məclisdə gündəmə gətirməklə həlli istiqamətində addımlar atan millət vəkilinə etimad yüksək olacaq. Dövlətimizin başçısı İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı məhz deputatlarımıza bu çağırışdır ki, təkmil qanunvericilik bazasının formalaşdırılmasına dəstək olmaqla ölkəmizin hərtərəfli inkişafının sürətləndirilməsinə öz töhfələrini versinlər. Hakimiyyətin hər üç- icra, qanunvericilik və məhkəmə-hüquq sistemində təkmilləşmə ümumilikdə qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin uğurlu icrasını şərtləndirir. Düşünürük ki, yeni formalaşan parlament qarşıdakı dövr ərzində yüzlərlə təkmil qanunu qəbul etməklə ayrı-ayrı sahələrin, ümumilikdə isə ölkəmizin hərtərəfli inkişafının təmin olunmasına öz töhfəsini verəcək.