20 fevral 2020 10:38
1643

Dilimiz dünyada təqdimatımızdır

UNESCO-nun Baş konfransında qəbul edilən qərara əsasən  2000-ci ildən  fevralın 21-i Beynəlxalq Ana Dili Günü  elan edilib. Bu günün özəl tarix kimi  keçirilməsinin isə səbəbləri var. Məqsəd dünyada mövcud olan dilləri qorumaq, hər kəsə öz doğma dilinin varlığını hiss etdirmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək, dil-üslub xüsusiyyətlərinə əməl etməkdir. Həmin gün təlim-tədris müəssisələrində ana dilinin əhəmiyyətindən, xalqın varlığı üçün zərurətindən bəhs edilir, bu günə həsr olunan  tədbirlər, yığıncaqlar keçirilir.

Dünyanın müxtəlif  ölkələrində  yaşayan xalqlar üçün dil  millətin tarixi mədəniyyətinin və digər özünəməxsus xüsusiyyətlərinin  kompleks halında birləşdiyi unikal hadisə kimi səciyyələndirilir. Dilin universal xarakterə malik olduğunu təsdiqləyən əsas amillərdən  biri də odur ki,  istənilən xalq və ya etnos üçün ən ümdə fərqlənmə etalonu kimi qəbul edilir.

Beynəlxalq Ana Dili Günü ölkəmizdə də ənənəvi olaraq qeyd edilir.  Azərbaycan dilinin çox qədim və qiymətli tarixi var. Dilimiz  tükənməz sərvətimiz, qürur və fəxarətimizdir. Dövlətin mövcudluq, millətin vahidlik rəmzidir. Dilimiz dünyada təqdimatımızdır. Tarixin ağır sınaqlarından çıxıb bu günümüzə yetişən Azərbaycan dili artıq milli dövlətçiliyimizin əsas göstəricilərindən biri kimi layiq olduğu ali məqama yüksəldilmişdir. Ana dilinin dövlət dili statusuna yüksəlməsi, haqlı olaraq, tarixi hadisə, milli dövlətçiliyimizin tarixinin önəmli səhifəsi sayılır.

“Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən  həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyən ulu öndər Heydər Əliyev öz böyük və qədim xalqının dilinin - Azərbaycan ədəbi dilinin  inkişafına, tətbiqinə xüsusi önəm vermişdir.  Ulu Öndərin Azərbaycana rəhbərliyimin birinci dövründə imperiya əsarəti altında olmağımıza baxmayaraq Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də Ulu Öndərin adı ilə bağlıdır.

Ümummilli Liderin ideyalarını bütün sahələrdə rəhbər tutan və dövrün tələblərinə uyğun gerçəkləşdirən Prezident İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz cənab İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin  12 yanvar 2004-cü il  tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu.

Yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitəsilə yayılması, latın qrafikasında “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın yaradılması qarşıya məqsəd kimi qoyuldu. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, “Elektron hökumət”, “Elektron dərslik”, “Elektron kitabxana” terminləri yarandı və bu sahədə önəmli uğurlar əldə olundu. “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Sərəncam imzalandı. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adlı proqram sənədin hazırlanıb Azərbaycan Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilməsi də önəmli tarixi hadisədir. Müasir dövrün tələblərini, konkret olaraq, qloballaşma prosesinin fəlsəfəsini nəzərə alan həmin Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsi və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını təmin etməkdir. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”kı Fərmanda ana dilimizin qorunması üçün həyata keçiriləcək islahatlar, hədəflər əksini tapır.

Ana dilimizin yad təsirlərdən qorunması naminə aparılan islahatlar, həyata keçirilən tədbirlər nəticəsində mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malik Azərbaycan dilinə başqa millətlər tərəfindən də maraq göstərilir. Bir sözlə, nəzərdə tutulan hər tədbir, islahat Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı formatı ilə fərqlənən Azərbaycan dilinin qorunmasına xidmət edir.

Bu gün - XXI əsrdə biz gənclərin öhdəsinə düşən əsas vəzifə öz dilimizə, dinimizə, mədəniyyətimizə, adət-ənənələrimizə sahib çıxmaq,  gələcək nəsillərə yad ünsürlərdən uzaq, saf şəkildə çatdırmaqdır.

Yaqut Ağaşahqızı, “İki sahil”