30 yanvar 2019 10:12
530

Dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etmək

Azərbaycanın islahatçı, yenilikçi ölkə olduğunu, sosial-iqtisadi islahatları zamanın tələbinə uyğun olaraq təkmilləşdirdiyini    beynəlxalq maliyyə qurumlarının hesabatları da təsdiqləyir. Bu günlərdə ənənəvi keçirilən Davos İqtisadi Forumunun sayca 49-cu toplantısı, eyni zamanda, ötən il  yeni metodologiya  əsasında təqdim edilən Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı inkişafın Azərbaycan modelinin təkmilləşməyə, yeniləşməyə nə kimi yol açdığına bir daha işıq saldı. Qeyd edilən hesabatda   Azərbaycan institutlar, infrastruktur, İKT-nin istifadə səviyyəsi, səhiyyə, əmək bazarı, biznes dinamikliyi və innovasiya potensialı sütun indikatorları üzrə yüksək nəticələr əldə edib. Ən əsası ölkəmiz dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi qeyd edilib.

İnkişafı şərtləndirən əsas amillərdən biri sosial-iqtisadi islahatların zamanın tələbinə uyğun  təkmilləşməsidir. Diqqət yetirsək, iqtisadi imkanların təqdimatı üçün əsas məkan kimi dəyərləndirilən və ənənəvi   keçirilən Davos  İqtisadi Forumunun hesabat xarakteri daşıyan hər bir iclasına Azərbaycan iqtisadi uğurları ilə qatılıb.  İldən-ilə  müzakirə üçün seçilən mövzular da  özündə günün tələblərini əks etdirməklə yanaşı, səylərin, təcrübə mübadiləsinin birləşdirilməsinin önəminə çağırış edir. Davos İqtisadi Forumu çərçivəsində  dövlətimizin başçısı İlham Əliyev “Ölkənizdəki neft və qaz sektorunun inkişafı iqtisadiyyatınızın yüksək səviyyəyə qaldırılmasına imkan verib və bu, Sizin baxışınız nəticəsində mümkün olub. Sualım belədir ki, bu, dayanıqlı olacaqmı” sualını cavablandırarkən bildirmişdir ki, biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq. Lakin indi bizim əsas vəzifəmiz iqtisadiyyatımızı şaxələndirmək və neft-qazdan asılılığımızı azaltmaqdır. Son illərdə əsasən infrastruktura sərmayə yatırmışıq. Dünya Bankının “Doing Business” reytinqində  25-ci yerdəyik.

Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında Azərbaycanın bugünkü inkişafına yol açan əsas məqamlar  öz əksini tapır. Öncə sabitlik, xalq-iqtidar birliyi önə çəkilir. Digər mühüm məqam isə təbii ki, hədəflərdir. Qarşıya qoyulan məqsəd ona çatmağın yollarını da özündə əks etdirir.  Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bir neçə il bundan öncə  əsas hədəflərimizdən biri yoxsulluq və işsizliyin azaldılması idi. Buna uğurla nail olduq.  Dövlət proqramlarından irəli gələn vəzifələrin icrası nəticəsində hazırda  yoxsulluq və işsizlik 5 faiz səviyyəsindədir. Son 15 ildə əhali 1,5 milyon nəfər artıb. Əhalinin artımı yeni iş yerlərinin yaradılmasının daimi proses olmasını şərtləndirir.

Azərbaycanda mövcud sabitlik, normal iqtisadi mühit ölkəyə investisiya axınını da sürətləndirir. Qeyd etdiyimiz kimi, son 15 ildə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiyanın qoyulması Azərbaycanın bu gününə və gələcəyinə inamı özündə əks etdirməklə yanaşı, normal  biznes mühitinin  mövcudluğunun da göstəricisidir. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında  Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb. Belə yüksək nəticənin əldə olunması  təbii ki, son illərdə  ölkə  Prezidenti İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların nəticəsidir.

Dünya Bankı tərəfindən açıqlanan “Doing Business 2019” hesabatında  Azərbaycan  dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur.  Ümumilikdə “Doing Buisness” hesabatı xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda  baza rolunu oynayır.  Dünya Bankının  açıqladığı  “Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar” hesabatında da  bildirilirdi ki, Azərbaycanda  inamla reallaşdırılan islahatlar, böyük investisiya layihələləri iqtisadiyyatın müxtəlif sahələrində  dönüş yaradır. Şəffaflığın qorunması, idarəetmə sistemində təkmilləşmə beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın uğuru kimi dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyevin yeni ilin ilk ayından  struktur islahatların davamlılığını özündə əks etdirən sərəncamları  beynəlxalq səviyyədə də təqdir edilir.

Zamanın tələbinə uyğun olaraq həyata keçirilən  struktur islahatların bugünkü inkişafı şərtləndirdiyini daha aydın görmək mümkündür. Yeni texnologiyaların yol açdığı müasir dövrümüzdə  idarəetməni daha təkmil formada həyata keçirmək, qarşıya qoyulan hədəfə daha qısa zamanda nail olmaq inkaredilməzdir. Cənab İlham Əliyevin bu cağırışını da xatırlatmaq istərdik- Kadr hazırlığı iqtisadi inkişafın səviyyəsinə uyğunlaşdırılmalıdır. 2016-cı ildə keçirilən ümumxalq səsverməsinə çıxarılan bir sıra məsələlər də idarəetmədə təkmilləşməyə yönələn addımlar sırasından oldu. Vitse-prezidentlik institutunun yaradılması, gənclərin idarəçilikdə təmsil olunmalarına dəstək olaraq  yaş məhdudiyyətinin aradan götürülməsi və s. kimi məsələlər ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Dövlətimizin başçısı İlham Əliyevin təhsilin, elmin və iqtisadiyyatın  birliyinin yaradılması tələbi də  kadr hazırlığının yüksək səviyyədə təşkilinə xidmət edən addımlardandır. Məlumdur ki, bu çağırışa uyğun olaraq, dövlətimizin başçısı İlham Əliyevin  29 noyabr 2011-ci tarixli  Fərmanı ilə Bakı Ali Neft Məktəbi yaradıldı. Mütəxəssis hazırlığı  Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq  çərçivəsində həyata keçirilir. Məqsəd  beynəlxalq standartlara uyğun ən müasir tədris  proqramları və tədris texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə sənayenin müasir tələblərinə  cavab verən yüksək ixtisaslı mütəxəssislərə ehtiyacını ödəməkdir. Son 8 ildə Bakı Ali Neft Məktəbinin göstəricilərinə diqqət yetirsək, qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olunduğunu görərik.

SOCAR fəaliyyətində kadr hazırlığına xüsusi diqqət yetirir.  Təqaüd Proqramı, həmçinin “Yay təcrübəsi”, “Yay məktəbi” kimi layihələr bu məqsədə xidmət edir. Nəzərə alaq ki,  təşəbbüsləri reallığa çevirən ölkə kimi tanınan Azərbaycan bir layihənin uğurlu sonluqla başa çatması ilə yeni bir layihənin gündəmə gətirilməsinə səy göstərir. Bu layihələrin uğurlu icrası isə  öz növbəsində kadr hazırlığının aktuallığını nümayiş etdirir. Ötən il TANAP-ın, “Star” neft emalı zavodunun, bu il isə “SOCAR karbamid” zavodunun istifadəyə verilməsi bir daha günümüzün bu çağırışının önəmini açıqlayır.

Neft siyasətinin məntiqi davamı kimi qeyri-neft sektorunun inkişafı prioritetliyini saxlayır. Əgər inkişaf etmiş ölkələr sırasında addımlamağı əsas hədəf seçmişiksə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnmək, idarəçilik sistemində təkmilləşmə aparmaq, kadr hazırlığını sürətləndirmək mütləqdir. Əsas hədəf iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Antiinhisar tədbirlərinin gücləndirilməsi,  “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”nın icrası, “ASAN” xidmətin fəaliyyətinin coğrafiyasının genişləndirilməsi, həmçinin “ABAD”, “DOST” mərkəzlərinin yaradılması bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan  sahibkarlığın inkişafına geniş yol açan mühüm addımlardandır. Ailə biznesinə asan dəstəyin göstərilməsi, hər bir ailənin istehsal etdiyi məhsullarla tanınması üçün onlara zəruri olan köməkliyin edilməsi, eyni zamanda, sosial müdafiənin gücləndirilməsinə xidmət edir. Məqsəd  təbii ki, iqtisadi imkanların genişlənməsi fonunda hər bir vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına nail olmaqdır. “Doing Business 2019” hesabatında kiçik və orta sahibkarlara dəstəyə görə Azərbaycan ikinci yerdə qərarlaşıb.

Dövlətimizin başçısı İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində “Bu balansı tapmaq üçün Sizdən nə tələb olunur? Biz artıq bunun müsbət və mənfi tərəflərini on illərdir ki, görmüşük. Lakin Sizə və ölkənizə ən yaxşı balansı tapmaq üçün nə lazımdır? Yeri gəlmişkən, bunu tapmaq o qədər də asan deyil. Siz bu balansa necə nail olursunuz” sualına “Daxili və iqtisadi siyasət baxımından, əlbəttə, düşünürəm ki, bizim nailiyyətlərimizdən biri neft və qazdan əldə etdiyimiz gəlirlərin düzgün idarə edilməsinə nail olmağımızdır. Neft bizim iqtisadiyyatımıza, bizim xalqımıza, bizim infrastruktura, sosial problemlərin həllinə böyük dəstək olub. Bu kimi işlərin aparılması çox düzgün idi. Biznes dairələri, investorlarla qarşılıqlı fəaliyyət nöqteyi-nəzərindən biz çox yaxşı investisiya mühiti yaratdıq” cavabı iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasının, ən əsası idarəetmədə təkmilləşmənin yol açdığı uğurların aydın mənzərəsini yaradır.

Yeganə Əliyeva, “İki sahil”