19 fevral 2019 11:09
1419

Dini və mədəni müxtəlifliyə hörmət, ümumbəşəri dəyərləri milli dəyərlərlə uzlaşdırmaq təcrübəsi

Cari ilin may ayının 2-3-də keçirilməsi nəzərdə tutulan Forumda dünya siyasətinin aktual məsələləri müzakirə olunacaq, xalqlar arasında münasibətlərin yaxşılaşdırılmasına yönələn, dövlət və hökumət başçılarının, siyasətçilərin rəy və təklifləri dinləniləcək. Bakıda keçirilən Humanitar, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları haqqında qonaqların ümumi fikri “Dünyada Azərbaycanın etdiyi kimi keçmişdən dərs alan çox az ölkə var. Təsadüfi deyil ki, biz burada-Bakıda toplaşmışıq. Bakı dünya şəhəridir- həm qədim, həm də çox müasir şəhərdir” sözlərində əksini tapır.

Eyni münasibət Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərinin Prezident İlham Əliyevə ünvanladıqları müraciətdə də əksini tapır.   Regionda sülh və sabitliyin  təminatında, təhlükəsizliyin qorunmasında xüsusi xidmətləri olan, bütün xalqların əmin-amanlıq şəraitində yaşaması üçün multikulturalizm və tolerantlıq nümunəsi göstərən dövlət başçımızın fəaliyyətinə yüksək dəyər verilən müraciətdə deyilir: “Möhtərəm cənab Prezident. Qafqaz Xalqları Ali Dini Şurasının və bölgə dindarlarının, dini icma və konfessiya rəhbərlərinin arzu və iradəsini ifadə edərək Sizə- Azərbaycan xalqının ləyaqətli oğluna və dünyanın tanınmış siyasi xadiminə salamlarımızı və təşəkkürlərimizi ünvanlamaqdan qürur duyuruq. Bu təşəkkür borcumuz Zati-alinizin şəxsi yardımı sayəsində yenidən bərpa olunmuş Vladiqafqaz Cümə məscidi dindarları, bütün Osetiya- Alaniya xalqının son günlərdə yaşadığı  böyük  sevinc və minnətdarlığın təzahürüdür. Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin müraciətinə olan yüksək diqqəti, Sizin milli mənəvi dəyərlərə verdiyiniz önəmi, yalnız Azərbaycan deyil, dünyanın bir çox  nöqtələrində  ümumbəşəri, dini- mənəvi irsə qayğı və  himayənizi yüksək qiymətləndirir, bununla bağlı bölgə dindarlarının ümumi minnətdarlıqlarını Zati-alinizə yetirmək məsuliyyətindən şərəf hissi keçiririk.”

Bütün xalqlara  hörmət və ehtiramla yanaşan, qarşılıqlı əməkdaşlıqda milli  mənəvi dəyərləri qiymətləndirən  dövlət başçımıza ünvanlanan bu minnətdarlıq məktubu  ilk olmadığı kimi, son da deyil. Çünki  Azərbaycanın tarixinə,  mənəvi dəyərlərimizə  xüsusi diqqət  göstərən cənab İlham Əliyevin bütün xalqlara da münasibəti eynidir.

Dünyanın ən qədim, 743-cü ildə inşa edilmiş məscidi Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir.  Qafqaz albanlarının kilsəsi Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi mədəni irsimizin tərkib hissəsi kimi qorunur. Son  illərdə  ölkəmizdə 200-dən artıq məscid tikilib, 80 dini ocaq təmir olunub.  Ölkədə rəsmi şəkildə 525 İslam, 34 digər təmayüllü dini icma,  11 kilsə, 6 sinaqoqun fəaliyyət göstərməsi, Azərbaycanda  katoliklər, yəhudilər üçün yaradılan şərait tolerantlıq nümunəsidir. Ölkəmizdə inkişaf etdirilən demokratiyanın tələblərinə uyğun olaraq insanlar üçün sərbəst düşünmək, istədiyi dinə inanmaq imkanı yaranıb, dövlət-din münasibətləri sivil prinsiplərə uyğun tənzimlənir.

Dövlət-din münasibətlərində  multikultural dəyərləri, tolerantlığı  daim diqqətdə saxlayan dövlət başçımızın humanizm və xeyirxahlıq prinsiplərinə əsaslanan fəaliyyəti  beynəlxalq aləmdə nümunə göstərilir. Separatizm və ksenofobiya meyillərinin artdığı, münaqişə ocaqlarında dini radikalizmin minlərlə insana fəlakət gətirdiyi mürəkkəb bir zamanda  bilərəkdən yaradılan islamofobiyaya qarşı ən bariz nümunə olan belə qiymətləndirmələr, həm də bəşəri dəyərlərə sadiqlik, hörmət və ehtiram nümunəsidir. Suriyaya, Fələstinə yardım kampaniyalarında fərqlənən Azərbaycan miqrantlara göstərilən ədalətsizliyə  münasibətini etirazları ilə bildirir. Siyasi, iqtisadi böhrandan əziyyət çəkən dünyamızda mənəvi dəyərlərin qorunması, millətlərarası münasibətlərin  möhkəmlənməsi, bütün dövlətlərin ümumi inkişafına yardım göstərən  ideyaların aktuallaşması baxımından Azərbaycanın təcrübəsi ilə müqayisə olunacaq təşəbbüslər  barmaqla  sayıla biləcək qədər azdır.

Şərqlə Qərbin qovuşuğunda yerləşən, sivilizasiyalararası münasibətlərin  formalaşmasında böyük rola malik, beynəlxalq əhəmiyyətli, mühüm tədbirlərin Azərbaycanda keçirilməsinin  özü dünya ictimaiyyətinə təqdim olunan tolerantlıq nümunəsidir. Davos  İqtisadi Forumu kimi mötəbər qurumun iclasının Bakıda təşkili, Qafqaz və Orta Asiyada gedən proseslər, iqtisadi və siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsi üçün  Azərbaycanın seçilməsi bir daha göstərir ki, ölkəmiz  regionun coğrafi, siyasi, iqtisadi və mədəni mərkəzidir. Dünya miqyasında mötəbər təşkilat kimi tanınan, çox böyük nüfuza malik  siyasətçiləri, ictimai xadimləri birləşdirən  Madrid Klubunun toplantısının, Amerika-Azərbaycan konfransının, Birinci Qafqaz, Krans Montana forumlarının Bakıda keçirilməsi də  çox əlamətdar hadisə idi.  BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu,  Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 10 ili qeyd olunan “Bakı prosesi”  Azərbaycanı humanitar platforma kimi tanıdır, dinlər və  mədəniyyətlərarası mərkəz kimi formalaşdırır. Belə mühüm  tədbirlər üçün Azərbaycanın seçilməsi  onu deməyə əsas verir ki, dövlət siyasətimizin əsas prinsiplərindən olan   milli,  ümumbəşəri dəyərlərə  hörmət meyillərini yaşadan   tolerantlıq və multikulturalizm xalqları bir məqsəd naminə birləşdirir. 2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması, 2018-ci ildə bu şans üçün Azərbaycanın ayrılmaz və qədim tarixə malik Naxçıvan şəhərinin seçilməsi bütün dövrlərdə Qərb dünyasına bağlı olan ölkəmizin tarixi, mədəni inkişafının göstəricisidir.

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş”in imzalanmasında, Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının, Parisdə  “Azərbaycan şəhərciyi”nin rəsmi açılışlarında çıxış edən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bildirdiyi kimi, tarixən multikulturalizm köklərinə bağlı Azərbaycan müxtəlif dini, mədəni və tarixi abidələrin qorunub saxlanılmasına da töhfələrini verir: “Bu gün biz müasir, müstəqil Azərbaycanda hökm sürən tolerantlıq, dözümlülük, qarşılıqlı  hörmət şəraiti ilə fəxr edirik. Biz müsəlman ölkəsi olmaqla ənənələrimizə, dinimizə, mədəniyyətimizə hörmət edirik. Lakin bununla bərabər, biz dünyanın bütün mədəni müxtəlifliyinə eyni dərəcədə hörmətlə yanaşırıq.”

Bu baxımdan V Ümumdünya  Mədəniyyətlərarası  Dialoq Forumu  Azərbaycanın sivilizasiyaya daha bir töhfəsi olacaq. Bir daha təsdiqlənəcək ki, yüksək dərəcədə dözümlülük, ümumbəşəri dəyərləri milli dəyərlərlə uzlaşdırmaq təcrübəsi, dini və  mədəni müxtəlifliyə hörmət əsrlər boyu Azərbaycan xalqının sadiq qaldığı insani keyfiyyətlərdir.

Xuraman İsmayılqızı, “İki sahil”