07 sentyabr 2019 14:14
113

DMX 22 rayonda əmək yarmarkası keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu ilin ötən dövrü ərzində 22 rayonda əmək yarmarkası təşkil edib. May ayında başlanan yarmarkalarda işsiz və işaxtaran vətəndaşlara 513 dövlət və özəl müəssisədən 6757 vakant iş yeri təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasıya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək yarmarkalarında işsiz və işaxtaran şəxslərə peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslərin isə peşə hazırlığı kursuna cəlb olunması üçün qeydiyyatı aparılıb. İştirakçılardan bir qismi öz arzularına uyğun olaraq ödənişli ictimai işlərə cəlb edilib. Yarmarkaya gələn hər kəsə Dövlət Məşğulluq Xidməti tərəfindən keçirilən digər aktiv məşğulluq tədbirləri haqqında məlumat verilib.

Qarşıdakı dövrdə də paytaxtda və bölgələrdə yarmarkaların keçirilməsi davam edəcək. Ümumilikdə ilin sonunadək ölkəmizin 56 şəhər və rayonunda əmək yarmarkalarının təşkili nəzərdə tutulur.