20 may 2019 10:48
1032

“Doing Business 2019”: Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerə yüksəlib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Doing Business 2020” islahatlarına dair növbəti icmalını hazırlayıb.

Sözügedən icmalda 11 indikator üzrə aparılan islahatlar barədə ətraflı məlumatlar təqdim olunur. Vurğulanır ki, sözügedən dövrdə ölkədə biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam edib. Onlayn vahid ixrac ərizəsi, yaşıl dəhliz, elektron məhkəmə, tikintidə “Bir pəncərə”, biznesə başlamaq, elektrikə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası, əmlakın qeydiyyatı sahələrində mühüm islahatlar həyata keçirilib.

İcmalda bildirilir ki, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2019” hesabatında Azərbaycan 190 ölkə arasında 32 pillə irəliləyərək, 57-ci pillədən 25-ci (o cümlədən biznesə başlamaq üzrə 18-ci pillədən 9-cu, tikinti üçün icazələrin alınması üzrə 161-ci pillədən 61-ci, elektrik təchizatı şəbəkələrinə qoşulmaya görə 102-ci pillədən 74-cü, əmlakın qeydiyyatı üzrə 21-ci pillədən 17-ci, kreditlərin alınmasına görə 122-ci pillədən 22-ci, kiçik investorların maraqlarının qorunmasına görə 10-cu pillədən 2-ci, vergilərin ödənilməsi üzrə 35-ci pillədən 28-ci, müflisləşmənin həllinə görə 47-ci pillədən 45-ci) yerə yüksəlib.

Qeyd etmək lazımdır ki, Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib reytinq göstəricisi hesab olunur. “Doing Business” komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir. Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir. İslahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir.

Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, öz növbəsində, “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Belə ki, 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Son hesabatda Azərbaycan dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.

Hesabata əsasən ölkəmiz “Tikinti üçün icazələrin alınması” və “Kreditlərin alınması” indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib. Bunlarla yanaşı, “Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, “Biznesə başlama” (9-cu yer) indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub. Bütövlükdə “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb. Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə də aparılmış islahatlar Dünya Bankının ekspertləri tərəfindən qəbul edilib.

“Doing Business 2019” hesabatında deyilir: “Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib”.

“Doing Business 2019” hesabatında yüz faiz artımı olan indikatorlardan biri tikinti ilə bağlıdır. Məsələn, tikinti sahəsində aparılan işlərlə bağlı yüz faiz uğur əldə edilib. Həmçinin bank kreditlərinə çıxışla bağlı yüz faiz irəliləmə var. Elektrik enerjisinin təchizatında böyük irəliləyiş var, hansı ki, bu, “ASAN xidmət” vasitəsilə həyata keçirilir”.

Bu reytinqdə irəliləməyimizin əsas üstün cəhəti isə odur ki, bu amil gələcəkdə Azərbaycana investisiya qoyacaq ölkələrin fikirlərinə çox müsbət təsir edir. Hər bir dövlət investisiya qoyan zaman həmin ölkənin müxtəlif qurumlar tərəfindən əldə olunmuş nəticələrini əvvəlcə təhlil edir. Təbii ki, Dünya Bankı kimi nüfuzlu bir qurumun hesabatında yüksək pilləyə qalxmağımız bütün bunları şərtləndirən ən vacib amillərdən biri olacaq.

Bu uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətin alternativsizliyini və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, mənafelərini əks etdirdiyini bir daha göstərir.

Belə ki, sözügedən icmalda əksini tapan bu tədbirlər Azərbaycanın hədəf kimi seçdiyi məqsədlərə çatmaq üçün atılan növbəti addımlardır.

Cavid Əkbərov, “İki sahil”