KÖŞƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Dövlət Adamı olmaq… və ya ola bilməmək

28 oktyabr 2019 16:06
1424

Prezident İlham Əliyev kadr və struktur islahatlarında yeni mərhələni həyata keçirməkdədir. O, Baş nazir, ardından da onun müavinlərini hörmət-izzətlə yola salmaqla bir çoxlarına xoş məramlı ismarıc verəcək qədər nəzakətli davranır. Novruz Məmmədovu Baş nazir vəsifəsində Prezidentin güvəndiyi Əli Əsədov əvəz etdikdən sonra Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov istefa ərizəsi yazaraq yerlərini yeni nəslə buraxmaq istədiklərini bildirdilər. Prezident İlham Əliyev də bir müdrik dövlət adamı kimi onlara nəzakət göstərdi, xalq və dövlət qarşısındakı xidmətlərinə görə təşəkkür etdi, olduqca sayğılı davrandı. Eyni zamanda işarə etdi ki, yaşı 70-i keçmiş digər vəzifəli şəxslər də bundan örnək götürər, istefa verər.

Prezidentin bu qədər nəzakətli və alicənab çağırışına ilk və hələlik tək reaksiya verən Administrasiyanın rəhbəri Ramiz Mehdiyev oldu. Əsl dövlət adamına yaraşan bir şəkildə istefasını elan etdi. Prezident İlham Əliyev də onu ən yüksək sayğıyla uğurladı. Akademik R.Mehdiyevin bu addımı, əslində, başqaları üçün ciddi bir örnək təşkil etməliydi. Amma baxırıq ki, həm Prezidentin xoşməramlı çağırışı, həm də Ramiz Mehdiyevin bu addımı onları hərəkətə gətirmir. Halbuki Ramiz Mehdiyev bu gün yaşı 70-i ötmüş və vəzifədən dördəlli yapışmağa davam edənlərin hamısından qat-qat artıq bu dövlətə lazımdır, xidmətləri olub və bundan sonra da AMEA-nın prezidenti kimi dövlətə fayda verməyə davam edəcək. Yəni əslində, Ramiz Mehdiyevə qədər xeyli vəzifəli şəxs var ki, istefa ərizəsini yazmış olmalıydı. Amma səsləri çıxmır. Səsləri çıxanlar da özlərinin əvəzedilməzliyini sübut etməyə çalışır!

Dirəniş göstərənlərə sadəcə sual etmək istərdik: budurmu sizin cənab Prezidentə sədaqətiniz, sayğınız? Budurmu sizin dövlətçilik yolunda cəfakeşliyiniz? Budurmu sizin mənsub olduğunuz siyasi komandaya xidmətiniz?

Belə anlaşılır ki, bu adamların dövlət və dövlətçilik anlayışları çox qüsurludur! Elə olmasaydı belə davranmazdılar! Bizə görə lider çağırış edirsə heç kim heç bir bəhanə gətirmədən ona uyğun davranmalıdır! Yəni əgər Prezident İlham Əliyev deyirsə ki, yaşı 70-i keçmiş vəzifəli şəxslər örnək götürməlidir, elə də etmək lazımdır. Cənab Prezident sizə sadəcə nəzakətlə – mədəni şəkildə deyir ki, artıq getmək vaxtınız çatıb. Vəzifənizi buraxın, dincəlin, həyatın dadını çıxarın. Sizsə nə edirsiniz? Belə üzürəm, elə qaçıram, sağlamlığım yerindədir filan kimi fikirlərlə cəmiyyətdə Prezidentə etimadsızlıq toxumları səpirsiniz!

Bəli, Prezidentin çağırışını istənilən bəhanəylə geri çevirənlər ona sayğısızlıq edir, cəmiyyət içində nüfuzunu yerə vurur! Düzdür, Azərbaycan insanı kimin kim olduğunu bilir, anlayır. Lakin istənilən halda bu cür davranış sayğısızlıqdır!

Yeri gəlmişkən, ərizə yazıb istefasını bəyan etməkdən qorxanların heç də hamısı işindən atılmayacaq ki. Yəqin ki, cənab Prezident onların bəzilərini vəzifəsində saxlayacaq. Yaxud, əminik ki, bəzi şəxslər ərizə yazmaq istəyini ən azından cənab Prezidentə çatdırıb və o da hələlik məsləhət görməyib. Bu da mümkün variantdır. Amma yenə də deyirik, Prezident o işarəni vermişdisə, hakimiyyət komandasının o yaşı keçmiş bütün üzvləri dərhal ərizə yazmalı idi…

Yazarlarmı, yazmazlarmı bilmirik. Lakin anlayırıq ki, yazmasalar cənab Prezident onları özü yollamalı olacaq. Hə, bax, onda da bu adamların gedişi, örnək üçün, hörmətli akademik Ramiz Mehdiyevin gedişi kimi urvatlı olmayacaq. Sadəcə axşam Az.TV-də xəbərlərə baxanda xəbər tutacaqlar ki, vəzifədən azad ediliblər. Beləmi yaxşıdır, yoxsa hörmət-izzətlə yola salınmaqmı? Hələ ki, imkan var, seçim də sərbəstdir.

Sözardı: Bəzən yaşlı vəzifə sahiblərinə sayğısızlıq ifadə edən fikirlərə rast gəlirik. Əsla belə etmək olmaz. Yaşlı insanlara hər zaman sayğılı davranmaq lazımdır. Onların vəzifədən yola salınması sadəcə yeni nəslin iş başına gəlməsi üçündür. Yəni cənab Prezident öz komandasını daha çevik və günün tələblərinə cavab verən yeni təfəkkürlü kadrlarla tamamlamaq istəyir.