20 may 2020 13:25
321

Dövlət başçısı sənayenin inkişafına böyük diqqət yetirir

Son illərdə Azərbaycan hökumətinin həyata keçirdiyi düşünülmüş iqtisadi strategiya respublikamızın dünya dövlətləri içərisində özünəməxsus inkişaf tempinə görə fərqlənməsinə səbəb olub. Azərbaycan iqtisadiyyatında aparılan genişmiqyaslı, köklü islahatlar nəticəsində sənaye sahəsində əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, son on beş ildə ölkə iqtisadiyyatının bütün sahələri kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb, sənaye məhsulları istehsalının həcmi xeyli dərəcədə artıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə mövzu ilə bağlı qəzetimizə bildirdi ki, biz hər dəfə dövlət büdcəsi parlamentdə müzakirəyə çıxarılanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirmişik: “Hazırda Azərbaycanda tibb sənayesinin inkişafı koronavirus infeksiyası ilə əlaqədar daha aktual və zəruri xarakter alıb. Bu sahədə idxaldan asılılığı azaltmaq, öz daxili ehtiyatlarımız hesabına ehtiyacı təmin etmək prioritet məsələlərdən biri idi. Nəzərə alsaq ki, pandemiya hələ də davam edir, o zaman bu cür müəssisələrin açılışının nə dərəcədə vacib olduğu faktı bir daha üzə çıxır. Dövlət başçısı tərəfindən bu sahəyə böyük diqqət yetirilir.”

A.Mirzəzadə söylədi ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak edərkən də bu məsələnin zəruriliyinə toxunuldu: “Qısa zaman kəsiyində Azərbaycanın milli tibb sahəsinin inkişafı və eləcə də pandemiya ilə mübarizə istiqamətində görülən tədbirlər cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi yekunudur. Pandemiya ilə mübarizədə Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdən biridir. Məhz bu addımlar nəticəsində vəziyyəti tam nəzarətdə saxlamaq mümkün oldu.”

A.Mirzəzadə qeyd etdi ki, yaranmış vəziyyət bir daha sübut etdi ki, tibb sənayesinin inkişafı böyük əhəmiyyət daşıyır: “Pirallahı adasında biri dərman preparatları müəssisəsi, digəri isə tibbi şprislərin istehsalı olmaqla iki müəssisənin fəaliyyətə başlaması tibb sənayesinin inkişafına yeni bir təkan verəcək. Eyni zamanda, təqdirəlayiq məqam ondan ibarətdir ki, özəl sektor da böyük sosial təşəbbüs göstərərək dövlətin çağırışına cavab verdi və qısa müddət ərzində lazım olan addımlar atıldı. Bu müəssisələrin məhsullarının həm daxili bazarda tanınması, həm də ixrac potensialına malik olması bizə tam əminliklə deməyə əsas verir ki, cənab Prezident tərəfindən irəli sürülmüş sənayeləşmə siyasəti uğurla həyata keçirilir.”

Cavid Əkbərov, “İki sahil”