08 fevral 2019 10:37
130

Dövlət başçısının yeritdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır

İkisahil.TV-nin “Siyasi baxış” verilişinin qonağı Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirovla ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin uğurlarından danışdıq


- Elman müəllim, şəhid ailələrinə göstərilən dövlət qayğısı, xüsusilə Prezident İlham Əliyevin müvafiq Fərmanı son günlər ölkə mediasının gündəmindədir. Bu Fərmanın əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, eyni zamanda, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  yanvar ayının 29-da Prezident Sarayında şəhid ailələri ilə görüşü çox böyük simvolik mənası olan hadisədir. Heç kəsə sirr deyil ki, dövlətimizin, dövlət başçısının yeritdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı və təhlükəsizliyi dayanır. Bu amillər bütövlükdə dövlət siyasətinin fəlsəfəsini təşkil edir. Eyni zamanda, xüsusi həssas kateqoriyadan olan insanlar var. Bunlar şəhid ailələri, məcburi köçkün və qaçqınlar, müharibə veteranları və əlilləridir. Belə həssas kateqoriyadan olan insanlara cənab İlham Əliyevin çox böyük diqqəti və qayğısı var. Hesab edirəm ki, məhz bu diqqət və qayğının nəticəsində bü günə qədər 265 min məcburi köçkün ev və mənzillə təmin edilib. Bu kateqoriyadan olan insanlar üçün tikilən şəhərciklərin sayı artıq 100-ü ötüb. Keçən il 5900 məcburi köçkün ailəsinə mənzillər verildi. Bu il artıq 6000-dən artıq mənzilin verilməsi gözlənilir. Cənab Prezidentin ötən ilin  aprel ayında imzaladığı yeni Fərmanda şəhid ailələrinə verilən məbləğ də öz təsdiqini tapdı. Vərəsələrin sayı 10 mini keçdi. 2725 yeni vərəsələr bu istiqamətdə öz haqlarını alacaqlar. Belə bir addımın atılması nəticəsində bu problem birdəfəlik həllini tapdı. Seçicilərimizlə görüşlərimizdə də cənab Prezidentin bu addımı çox yüksək qiymətləndirilir. Bu addım növbəti dəfə göstərir ki, dövlətimizin başçısı vətəndaşların qayğısına qalır. Xüsusilə də şəhid ailələrinə diqqət əsas məsələlərdən biridir.

- Həyata keçirilən islahatlar ölkədən kənarda da böyük maraq və diqqətlə izlənilir...

- Şəhid ailələri ilə görüşdə ölkə başçısı bildirdi ki, biz minlərlə şəhid vermişik, bir milyondan çox məcburi köçkün və qaçqınımız var. Lakin heç bir zaman torpaqlarımızın işğal altında qalması faktı ilə barışmayacağıq. Bunu birdəfəlik hər kəs bilsin. Hesab edirəm ki, cənab Prezidentin bu mesajı təkcə məcburi köçkünlərə, qaçqınlara, şəhid ailələrinə deyildi. İlk növbədə bu mesaj Ermənistan dövlətinə, onun yeni rəhbərliyinə və ATƏT-in  Minsk qrupuna  ünvanlanmış bəyanat idi.

- Regionlar Bakıdan fərqlənməyəcək...

- Bəli, cənab Prezidentin hər zaman sözü ilə əməli üst-üstə düşür. Qısa zaman ərzində-2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi. Artıq 4-cü dövlət proqramına start verilir. Bu dövlət proqramlarının uğurlu icrasının nəticəsində  regionlarımız sözün həqiqi mənasında siması dəyişib. İlk növbədə regionlarda yaşayan əhalini ən çox narahat edən məsələ elektrik enerjisi ilə təminat, qaz, bəzi yerlərdə su, ən əsası işsizlik problemlərinin həlli idi. Cənab Prezident bu istiqamətdə çox ciddi addımlar atdı. Artıq Azərbaycanda 31 Su Elektrik Stansiyası fəaliyyət göstərir. Hansı ki, 2004-cü ilə qədər onların sayı 9 idi.  Cənab Prezident hakimiyyətə gələn zaman əhalinin qazla təminatı 51 faiz idi. Bu gün artıq ölkənin qazlaşdırılması 95 faiz təşkil edir. Müqayisə üçün qeyd edim ki, Bolqarıstan kimi Avropa ölkəsində əhalinin qazla təminatı 3 faiz təşkil edir. Orada alternativ istilikdən istifadə edirlər. On beş ildə əhalinin içəməli su ilə təminatı 75 faiz öz həllini tapıb. Hansı ki, 2003-cü ildə içməli su təminatı 26 faiz təşkil edirdi. Bütün bunlar çox ciddi nailiyyətlərdir. Regionlarda çox saylı məktəblər, xəstəxanalar, uşaq bağçaları, Olimpiya idman  kompleksləri tikilib əhalinin istifadəsinə verilib. Bütövlükdə son 15 il ərzində 3200-dən artıq məktəb, 640-dan çox xəstəxana tikilib və təmir edilib. 44 Olimpiya İdman Kompleksi tikilib. Bütün bunlar nəticə etibarilə ona gətirib çıxarıb ki, insanların sosial həyat şəraiti dəyişib. Əmək haqqı 7 dəfə, pensiyalar 9 dəfə artıb. Ölkədə inflyasiyanın səviyyəsi 2,3 faizdir. Bunlar çox ciddi nailiyyətlərdir. Təsadüfi deyildir ki, Azərbaycanda xüsusilə sahibkarlığın inkişafı ilə bağlı çox mühüm addımlar atılır. İndiyə qədər Sahibkarlığın İnkişafı Fondu çərçivəsində 2 milyard manatdan çox vəsait məhz xırda və orta sahibkarlığın inkişafı məqsədi ilə sərf olunub. Təsadüfi deyildir ki, “Doing Business”-in hesabatında 2006-cı ildə ölkəmiz 98-ci mövqedə idisə, 2018-ci ildə artıq 25-ci yerə çatıb. Ölkəmiz, göründüyü kimi, çox ciddi nailiyyətlərə imza atıb. Artıq şəhərlə kənd arasında fərq aradan götürülüb. Bu gün Bakı şəhəri  ilə yanaşı, regionlarımız da öz gözəlliyi ilə dünyanın diqqətini cəlb edir. Bütün bunlar isə  öz növbəsində turizmin inkişafına unikal imkanlar yaradır.  Təsadüfi deyildir ki, 2018-ci ildə ölkəmizə kifayət qədər turist gəlib ki, onların 800 mindən çoxu Rusiya  vətəndaşları olub. Bütün bunlar dövlət başçısının yeritdiyi məqsədyönlü siyasətin nəticələridir.

- Qarşıdakı illərdə regionların sosial-iqtisadi inkişafında hansı sahələrə daha çox diqqət göstəriləcək?

- İnfrastruktur sahəsində bəzi tamamlanmamış işlər var. Qeyd edim ki, ölkədə qazlaşdırma səviyyəsi 95 faizdir. Yəni ölkə əhalisinin 100 faiz qazla təminatı təmin olunacaq. Əsas hədəflərdən biri budur. Son 15 il ərzində cənab Prezidentin yeritdiyi siyasət sayəsində 15 min km yol çəkilib. İndi əsas hədəflərdən biri kənddaxili yolların çəkilməsidir. Əhalinin içməli su ilə təminatı məsələsində də işlər davam etdiriləcək. Regionlarda təhsilin və səhiyyənin inkişafı ilə bağlı bütün problemlərin həllinə çalışılacaq. Kənd təsərrüfatının inkişafı ilə də bağlı bütün yarımçıq qalan işlərin həlli davam etdiriləcək. “Made in Azərbaycan” brendi altında məhsullarımızın xarici bazarlara ixracı təşkil ediləcək. Bu istiqamətdə çox ciddi işlərin həyata keçirilməsi planlaşdırılır.

Şəmsiyyə Əliqızı
Şəfiqə Dadaşova, 
“İki sahil”