KÖŞƏ

Sevinc Azadi

Dövlət daim öz vətəndaşının yanındadır

27 iyul 2020 10:49
1987

Ermənilərin atəşi nəticəsində Tovuzda əhaliyə dəyən ziyanın aradan qaldırılmasına başlanıb

Son hərbi təxribat zamanı Ermənistanın Tovuz rayonu istiqamətində yaşayış məntəqələrini qəsdən iriçaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində insan itkisi ilə yanaşı, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib. 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozub. Düşmən gərginliyi artırmaq məqsədilə növbəti hərbi təxribat törətməklə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaqla hücuma keçmək cəhdi ediblər. Beləliklə, Ermənistan özünün təcavüzkar və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirməklə milli ədavət və düşmənçilik niyyəti ilə dinc əhalinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutub, nəticədə Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusu şəhid olub, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, o cümlədən cəbhə bölgəsindəki yaşayış məntəqələrinə, mülki əhaliyə də mühüm ziyan dəyib, Tovuz rayonunun Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub.

Bütün bunları nəzərə alan Prezident İlham Əliyev iyulun 20-də “Tovuz rayonunu Ermənistan silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncamın tələblərinə uyğun olaraq artıq ilkin qiymətləndirmə aparılıb. Müəyyən edilib ki, erməni hərbi birləşmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri təxribat nəticəsində Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə ciddi ziyan dəyib. Dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi ortaya çıxıb. Bununla yanaşı, intensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib - bu, əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur. Qeyd edək ki, dəymiş ziyan tam həcmdə müəyyən edildikdən və qiymətləndirmə aparıldıqdan sonra dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq, zərər vurulmuş obyektlərin və yaşayış evlərinin tam bərpası işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək. İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir.

Xalqımız 2016-cı ildə də analoji yanaşmanın şahidi olmuşdu. Belə ki, Ermənistanın hərbi təxribatları zamanı zərər yetirilmiş yaşayış məntəqələrində bərpa işləri həyata keçirilmiş, mülki əhalinin problemlərinin həlli istiqamətində ardıcıl addımlar atılmışdı. Bütün bu faktlar Azərbaycan dövlətinin vətəndaşların təhlükəsizliyinin təmin olunmasını, rifahının yüksəldilməsini daim diqqət mərkəzində saxladığını əyani surətdə nümayiş etdirir. Ölkə başçının bəyan etdiyi kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı və mənafeyi dayanır. Son 17 ilin təcrübəsi də onu göstərir ki, təbii fəlakət, düşmənin hərbi təxribatları və digər bu kimi müxtəlif çətinliklərlə üzləşən vətəndaşların problemləri məhz dövlət tərəfindən qısa müddətdə aradan qaldırılıb, bu məsələlər şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olub. Bir məqamı da xüsusi vurğulayaq ki, Birinci vitse-prezident Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq. Azərbaycan dövləti, eyni zamanda vətəndaşının təhlükəsiz yaşaması üçün bütün təbirləri görürür, insanlar ordumuzun qüdrətinə arxayındırlar.