24 iyun 2020 09:18
206

Dövlət dəstəyi davamlıdır: Onlar bu dəfə də diqqətdən kənar qalmadılar

Azərbaycanda sosial rifahın dəstəklənməsi sahəsində  görülən tədbirlər çərçivəsində ciddi karantin rejiminin tətbiq edildiyi ərazilərdə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə təkrar veriləcək.

Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, hazırda ciddi karantin rejiminin tətbiq edildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə ödəmənin verilməsi təkrar olaraq birdəfəlik şəkildə həyata keçiriləcək.

Qərara əsasən, Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nına uyğun olaraq 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra müvafiq ödəmə ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki,  ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq. Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək. Həmçinin birdəfəlik ödəmə üçün təkrar müraciətə ehtiyac yoxdur. Ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək.

Həmçinin Nazirlər Kabinetinin digər Qərarında ölkə üzrə ünvanlı dövlət sosial yardımının müddəti bitmiş aztəminatlı ailələrə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin də davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyevin  tapşırıqlarına uyğun olaraq, Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı əsasında ölkəmizdə pandemiya ilə əlaqədar 4,8 milyon vətəndaşı əhatə edən məşğulluğa və sosial rifaha dəstək tədbirləri həyata keçirilib. Bu çərçivədə işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara aprel-may aylarında aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi proqramı icra olunub, həmçinin işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə, ünvanlı dövlət sosial yardımının verilmə müddəti bitənlərə, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara müvafiq ödənişlərin verilməsi müddətinin uzadılması təmin edilib.

Bu siyasətin davamı olaraq Nazirlər Kabinetinin məlum qərarları Azərbaycanda həyata keçirilən sosial siyasətin mahiyyətini bir daha əks etdirir. Söhbət ondan gedir ki, bu qərarlar heç bir ölkə vətəndaşının dövlətin diqqət və qayğısından kənarda qalmamasına xidmət etməklə özündə, həmçinin sosial ədalət prinsipini birləşdirir.

Ceyhun Piriyev,

“İki sahil”