03 iyun 2020 15:24
779

Dövlət dəstəyindən faydalanıb gəlir əldə edirlərsə...

Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışındakı nitqində  bu yaşayış massivini digər belə obyektlərdən fərqləndirən cəhətini özəl sektorun hesabına ərsəyə gəlməsi ilə izah edib. Bildirib ki, bir neçə il əvvəl etdiyi çağırışdan sonra özəl sektor da belə sosial layihələr həyat keçirməyə başlayıb: ”Bu böyük tikinti layihəsi bir daha onu göstərir ki, biznesin sosial məsuliyyəti artır. Şadam ki, bu təşəbbüsə digər özəl şirkətlər qoşuldu və bu yaxınlıqda digər şirkətlər tərəfindən iki bina tikilir. Ümid edirəm ki, bizim başqa şirkətlərimiz də bu işə qoşulacaqlar. Çünki Azərbaycanda bir çox böyük şirkətlər, holdinqlər var. Onlar Azərbaycanda pul qazanırlar, ölkəmizdə hökm sürən sabitlikdən, biznesə göstərilən dəstəkdən faydalanırlar. Əlbəttə ki, onların sosial məsuliyyəti də lazımi səviyyədə olmalıdır.”

Korporativ Sosial Məsuliyyət (KSM)  hədəf qruplarının maraqları üçün  sosial-mədəni məsələlər üzrə təşkilatın funksional fəaliyyətinə inteqrasiya edən könüllü bir addımdır. Bu məfhum cəmiyyətin və ətraf mühitin qorunmasına,  eyni zamanda,  inkişaf etməsinə yönələn könüllü davranış mədəniyyətidir. Nəzəriyyəyə görə, korporativ sosial fəaliyyətlə məşğul olmaqla,  ölkədə olan bir sıra sosial-ekoloji problemlərin həllini tapmasına kömək etməklə yanaşı, cəmiyyətdə imicinin də formalaşmasına və nüfuzunun artmasına səbəb olur. Tarixinə gəlincə, müasir KSM anlayışının yaranması və inkişafı Qərb ölkələrinin adı ilə bağlı olsa da, bəzi tədqiqatçılar onun ilkin rüşeyimlərinin Şərqdə yarandığını bildirirlər.

Azərbaycanda da sosial məsuliyyətin yaranması və formalaşmasının müəyyən tarixi var.  Hələ 19-cu əsrin sonlarından Azərbaycanın neft sənayesinin inkişafı ilə əlaqədar formalaşan milli burjuaziyanın nümayəndələri yerli əhalinin sosial vəziyyətinin yaxşılaşması, kasıb təbəqədən olan istedadlı gənclərin təhsil almalarına, məktəb və xəstəxanaların tikilməsinə, yolların çəkilməsinə,  teatr və mədəniyyət ocaqlarının açılmasına dəstək olublar.

Hazırda beynəlxalq praktikada KSM tədbirləri şirkətlərin fəaliyyətində böyük yer tutur və bu institutun əhəmiyyəti artmaqdadır. Eyni zamanda, yerli şirkətlərə bu sahədə fəaliyyətlərini istiqamətləndirmək üçün Azərbaycan Korporativ İdarəetmə Standartlarının 8-ci fəslində müvafiq tövsiyələr nəzərdə tutulub. Lakin müşahidələr onu  göstərir ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra iri biznes qurumları var ki, onların KSM sahəsində fəaliyyətləri olsa da, görülən işlərin həcmi elə də  böyük deyil. Həmçinin bir sıra böyük şirkətlərin KSM sahəsində fəaliyyətinə, ümumiyyətlə, rast gəlmək mümkün deyil. Nəticədə son bir neçə layihəni nəzərə almasaq, Azərbaycanda həyata keçirilən iri sosial layihələr dövlət vəsaiti hesabına reallaşdırılır. Aydın məsələdir ki, dövlət büdcəsinin də xərcləri təkcə sosial istiqamətdən ibarət deyil.

Hərçənd ki, ölkədə mövcud olan biznes strukturları, xüsusilə də qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri uzun illərdir ki, dövlət dəstəyindən yararlanırlar. Onların bir çoxunun fəaliyyətinin genişlənməsinin mərkəzində ölkədə sahibkarlığın dövlətin diqqət və qayğısı, o cümlədən güzəştli kreditlər, vergi və gömrük sahəsində güzəştlər dayanır. Digər tərəfdən, Azərbaycanda 27 ildir ki, hökm sürən siyasi sabitlik biznes strukturlarının da inkişafına xidmət edir. Başqa sözlə, siyasi vəziyyətin proqnozlaşdırıla bilən olması biznes subyektlərini böyük risklərdən qoruyur. Bütün bunların müqabilində özəl sektor dövlət əhəmiyyətli sosial layihələrin həyata keçirilməsində iştirak etməklə sosial məsuliyyət nümayiş etdirməlidir.

Bununla belə, istər ölkə başçısının çağırışı və ondan dolayı məcburi köçkünlər üçün məlum yaşayış komplekslərinin ərsəyə gətirilməsi, istərsə də koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən layihələr sosial məsuliyyətlə bağlı ənənələrin bərpasına böyük ümid yaradır.

Ceyhun Piriyev,

“İki sahil”