21 may 2020 14:59
224

Dövlət hər zaman vətəndaşının arxasındadır

Son illər ərzində Azərbaycanda reallaşdırılan islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafına yönələn tədbirlər bir sıra siyasi dəyişikliklər və struktur yeniləmələrilə müşayiət olunur. Belə demək mükündürsə,  respublikada siyasi transformasiya mühiti də getdikcə şəffaflaşır, aydınlaşır. Artıq struktur və kadr islahatlarının davamlı xarakter alması özünü qabarıq şəkildə büruzə verir. Bütün bunlarla bərabər, beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilən korrupsiya ilə mübarizə tədbirləri getdikcə gücləndirilir, bu istiqamətdə dövlət qurumlarının hər bir pilləsində şəffaflığın qorunması diqqət mərkəzində saxlanılır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə pensiya, ünvanlı yardım, əlilliyə görə müavinətlərin verilməsi, habelə məşğulluq sahələrində şəffaflığın, həmçinin sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik, həmçinin korrupsiya, rüşvətxorluq hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı vaxtaşırı ciddi, önəmli addımlar atılır. Əlbəttə, şübhə yoxdur ki, bütün bu tədbirlər, gerçəkləşdirilən islahatlar, yeniləşmələr ölkənin gələcək dayanıqlı inkişafının şərtləndirilməsi məqsədi daşıyır.

Hamımız yaxşı xatırlayırıq, dövlətimizin başçısı Azərbaycanın yeni Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən, bu məsələlərlə əlaqədar bir sıra mühüm məqamlara toxundu, öz dəyərli tapşırıq və tövsiyələrini verdi. Cənab İlham Əliyev respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər, neqativ hallara–korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi, habelə qanunun aliliyinin təmin olunması sahəsində hüquq-mühafizə orqanlarının qarşısında duran vəzifələrdən ətraflı danışdı. Həmişəki  kimi, bu dəfə də ölkə rəhbəri vəzifəyə təyin edilən şəxslərin xalqa xidmət göstərməli olduqlarını xatırlatdı və bildirdi ki, vəzifəli şəxslər vətəndaşların problemlərinə daim həssaslıqla yanaşmalı, onların üzləşdikləri müəyyən çətinliklərin aradan qaldırılmasına yardımçı  olmalıdırlar: “…Biz hər bir vətəndaşa kömək etmək istəyirik, hər bir vətəndaşa! İcra başçılarının, digər mərkəzi və yerli icra orqanlarının rəhbərlərinin vəzifəsi budur. Hər bir icra başçısı vəzifəyə təyin olunanda ona mənim əsas sözlərim odur ki, get, vətəndaşlara xidmət et, get, vətəndaşlarla bir yerdə ol, təmiz işlə, rüşvət alma, vətəndaşları incitmə, kömək göstər, eyni zamanda, sahibkarlara kömək göstər, onların malını əlindən alma, onların fəaliyyətindən özünə pay istəmə. Hər birinə bu sözləri deyirəm. Bu məsələ ilə bağlı bizim mövqeyimiz birmənalıdır.”

Burada bir məqamı xüsusilə qeyd etmək istərdim ki, Cənab İlham Əliyev Prezident kimi fəaliyyət göstərdiyi 17 il ərzində keçirdiyi bütün rəsmi, yaxud qeyri-rəsmi görüşlərində, tədbirlərdə məmurlara, ilk növbədə, yerlərdə vəziyyəti düzgün qiymətləndirməyin, bununla bağlı çox ciddi təhlillər aparmağın, çatışmayan cəhətlərin üzə çıxarılmasının, habelə mövcud problemlərin həlli üçün səy  göstərilməsinin zəruriliyini diqqətə çatdırıb. Yalnız belə halda xalqa ləyaqətlə xidmət etmək nümunəsi göstərilməsinin mümkünlüyünü xatırladıb. Dövlətimizin başçısı deyib: “Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir.”

Prezident İlham Əliyev çıxışlarında, eyni zamanda,  ümidlərini doğrultmayan, korrupsiya və rüşvətxorluğa yol verən məmurların ciddi şəkildə cəzalandırılacaqlarını da xatırladıb.

Təəssüf ki, ölkə rəhbərinin bir sıra hallarda  tövsiyələrinə əməl etməyən məmurlara da rast gəlinir. Artıq onların, başqa sözlə,   Azərbaycan Prezidentinin etimad göstərib vəzifəyə təyin etdiyi şəxslərin qanunazidd əməllərə, özbaşınalığa yol verdikləri də aşkarlanır, üzə çıxarılır və təbii ki,   cəzalandırılır. Bununla bağlı son bir neçə ayda Yevlax şəhərinin və Ağstafa, Biləsuvar  və Neftçala rayonlarının icra hakimiyyəti başçılarının qanunsuz əməlləri ilə bağlı keçirilən əməliyyatlar haqqında çox danışmaq olar. Lakin az müddət bundan əvvəl ictimaiyyətin diqqətini çəkən bir hadisəni xatırlatmaq istərdim. Belə ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən cinayət başında yaxalanan İmişli Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlara qayğı göstərmək, onların problemləri ilə maraqlanmaq, kömək etmək əvəzinə, hətta vətəndaşlara məxsus əmlaklara tamah salıb, onları ələ keçirib. Bu və buna bənzər hərəkətlər adamı dəhşətə gətirir. Görünür, belələri üçün vətənpərvərlik, vətəndaşlıq mövqeyi, dövlətçiliyə sədaqət, insanlara diqqət və qayğı göstərmək deyil, şəxsi mənafe, haram yolla sərvət toplamaq, varlanmaq hər şeydən üstündür. Şübhəsiz ki, xalqın, Prezidentin etimad və etibarını itirən bu cür şəxslərin gec-tez cəzalandırılmaları da təbiidir.

Yuxarıda vurğuladığım kimi, ölkə rəhbəri tərəfindən icra hakimiyyəti başçıları, eləcə də digər strukturların rəhbərləri vəzifəyə təyin ediləndə, onlara insanların qayğıları ilə maraqlanmaq, vətəndaşlara həssas münasibət bəsləmək, bürokratik əngəllər yaratmamaq,  eyni zamanda, sahibkarlığa, özəl bölməyə dəstək olmaq, investisiya mənbələri axtarmaq, yeni iş yerlərinin açılmasında təşəbbüskarlıq göstərmək ümdə vəzifə kimi tapşırılır. İcra başçıları isə həmin tapşırıqlara laqeyd yanaşanda, bir çox hallarda isə vəzifələrindən sui-istifadə edəndə, təbii ki, cəmiyyətdə müəyyən narazılıq, sosial gərginlik halları da müşahidə olunur. Əlbəttə, dövlət başçısı həmin vəzifəli şəxslərin belə neqativ əməllərinə biganə yanaşmır, dərhal reaksiya verir, hüquq-mühafizə orqanlarından korrupsiya və rüşvətxorluğa qarşı daha sərt mübarizə aparmalarını tələb edir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbər kadrları vəzifəyə təyin edərkən verdiyi tövsiyyə və tapşırıqlardan da aydın görünür ki, ölkə rəhbəri respublikada korrupsiyanın, rüşvətxorluğun kökünü birdəfəlik kəsməkdə qəti qərarlıdır. Bu işdə vətəndaşlar olaraq bizlər də qeyd-şərtsiz dövlətimizin yanındayıq. Dövlət başçısına olan dəstəyin bariz nümunəsi kimi ölkənin bütün guşələrindən Prezident İlham Əliyevə gələn saysız-hesabsız  minnətdarlıq məktublarını da qeyd etmək olar. Hər bir məktubda prezidentimizə olan inam və etimad vurğulanaraq, belə çətin bir dövrdə Cənab İlham Əliyev kimi liderə sahib olmağın ölkəmiz üçün şans olduğu qeyd olunur.

Sonda bir fikrimi də diqqətə çatdırmaq istərdim. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlara, korrupsiyaya, həmçinin  koronavirus pandemiyasına qarşı aparılan tədbirlərin uğurlu nəticələri antiazərbaycan dairələrin sifarişlərini yerinə yetirən antimilli ünsürlər, yəni ölkəmizdəki “beşinci kolon” nümayəndələri tərəfindən qısqanclıqla yanaşılır. Həmin qüvvələr respublikada sabitliyin pozulmasına çalışır,  ölkəmizin əleyhinə bəyanatlar verirlər. Bütün bunlar isə Azərbaycanın  artan beynəlxalq nüfuzuna zərbə vurmaq məqsəd daşıyır. Amma hər zaman olduğu kimi, onlar bundan sonra da məqsədlərinə çata bilməyəcəklər.

Arzu Cahangirova,

Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri