05 fevral 2019 16:46
100

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Fevralın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünləri qəbul edib.

Bu barədə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Dövlət Komitəsinin sədri əvvəlcədən qəbula yazılmış vətəndaşlarla fərdi qaydada görüşüb, onların müraciətlərini dinləyib. Komitənin digər səlahiyyətli şəxslərinin də yanına gələnlər fərdi qaydada qəbul olunublar. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib. Vətəndaşlar, əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Məcburi köçkünlərə bir daha bildirilib ki, onların problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasət sahəsində müəyyənləşdirdiyi prioritet istiqamətlərdəndir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür və bu proses mərhələli şəkildə həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ilk növbədə ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır.

Vətəndaşların qaldırdıqları məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.

Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Dövlətimizin başçısının tələb və tapşırıqlarına uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində zəruri tədbirlər həyata keçirilir, hər həftənin çərşənbə axşamı günü vətəndaşların komitə sədri, onun müavinləri, aparat rəhbəri və digər məsul işçiləri tərəfindən qəbulu təşkil olunur.