07 avqust 2020 22:27
1781

Dövlət müəssisələrinin idarə olunmasında yeni sistem...

Azərbaycan İnvestisiya Fondu dövlət müəssisələrində səmərəliliyi, şəffaflığı, hesabatlılığı, rəqabət qabiliyyətliliyini və dövlət-özəl tərəfdaşlığının inkişafını stimullaşdıracaq

Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi videoformatda müşavirə zamanı dövlət müəssisələrinin fəaliyyəti ilə bağlı bir sıra məqamlara toxunub. Dövlət başçı bildirib ki, Azərbaycanda halal pul qazanmaq üçün kifayət qədər imkanlar var. Ona görə bu, sevindiricidir. Ancaq narahat edən nədir? Bəs dövlət şirkətlərinin payı? Bəs, dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz:  “Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. Xəzər Dəniz Gəmiçiliyi. Düzdür, digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik - yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır. “Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər – AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir”.

Prezident İlham Əliyev dövlət müəssisələrinin fəaliyyətinin tənzimləməsi üçün təklif də irəli sürüb və vurğulayıb ki, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Elə ötən gün Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin yaradılması sözügedən istiqamətdə atılan ilkin addım kimi qiymətləndirilməlidir.

Əlbəttə ki, Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədlərinə xidmət edir. Bu istiqamətdə ölkədə institusional və tənzimləyici çərçivə təkmilləşdirilib, milli iqtisadiyyatın özəyi olan təsərrüfat strukturlarında idarəetmənin sağlam prinsiplər əsasında inkişafı və tam şəffaflaşması üçün möhkəm zəmin yaradılıb. Sözügedən islahatlar biznes mühitinin xeyli yaxşılaşmasını şərtləndirib. Həmçinin ölkədə sosial-iqtisadi infrastruktur inkişaf edib, yeni strateji mərhələnin çağırışlarına adekvat formada qurulan idarəetmənin çevikliyi artıb.

Ötən müddətdə struktur islahatlarının əhəmiyyətini nəzərə alaraq dövlət xidmətləri və məhsul istehsalı sferasının da qabaqcıl prinsiplər əsasında idarə olunmasına xüsusi önəm verilib. Bu istiqamətdə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi üçün bir sıra işlər görülüb, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə mühüm islahatlar həyata keçirilib.

Müasir dövrdə yalnız azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafı sürətləndirmək mümkündür. Buna görə də dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur. Məhz dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə Azərbaycan İnvestisiya Holdinqi yaradılır.

Qeyd edək ki, Azərbaycan iqtisadiyyatında Dövlət Müəssisələrinin xüsusi çəkisi böyükdür. Dövlət Müəssisələrinin məşğulluqda payı təqribən 25%-dir. 15 ən iri Dövlət Müəssisələrinin aktivlərinin həcmi ölkənin ÜDM ilə müqayisə edilə bilən səviyyədədir. Dövlət səhmdar olaraq Dövlət Müəssisələrinin müasirləşməsi, texnoloji yenilənməsi, kapitallaşması və maliyyə dayanıqlığını təmin edərək onların keyfiyyət və səmərəlilik baxımından yeni inkişaf səviyyəsinə keçidi üçün zəmin yaradıb.

Dövlət İnvestisiya Holdinqinin yaradılması ilə Dövlət Müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiq olunması, idarəetmə strukturları və konsepsiyalarının təkmilləşdirilməsi, aparıcı özəl müəssisələrə məxsus səmərəlilik, şəffaflıq və hesabatlılıq əsasında fəaliyyətləri təmin ediləcək.

Eyni zamanda, səmərəliliyin artırılması onların beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin güclənməsinə səbəb olacaq. Çünki Azərbaycan Dövlət Müəssisələri xarici bazarlara çıxdıqca və ya xaricdə fəaliyyətlərini genişləndirdikcə (məsələn, SOCAR) rəqabət qabiliyyətliliyin önəmi daha da artacaq. Qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər Dövlət Müəssisələrinin ixrac potensiallarının artmasına töhfə verəcək.

Əlavə  edək ki, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyi aydın, ölçülə bilən  və şəffaf səmərərəlilik göstəriciləri (KPİ) vasitəsilə müəyyən ediləcək. Dövlət İnvestisiya Holdinqi Dövlət Müəssisələrinin korporativ idarəetmə orqanlarında iştirak etməklə onların Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə verməsini təmin edəcək. Eləcə də, Dövlət Müəssisələrinin əldə etdiyi mənfəət iqtisadiyyatın inkişafına yönəldiləcək, onların fəaliyyət göstərdiyi sahələrə özəl investisiyalar cəlb ediləcək, bu məqsədlə dövlət-özəl tərəfdaşlığının inkişafı stimullaşdırılacaq.

Ümumiyyətlə, aparılan islahatlar ilə Dövlət Müəssisələri və özəl sektor arasında rəqabətin ədalətli və bərabər şərtlərlə aparılması təmin ediləcək. Dövlət Müəssisələri səmərəli fəaliyyət göstərməklə milli inkişaf hədəflərinə nail olunmasına xidmət edəcəklər. İqtisadiyyatın davamlı inkişafının təmin edilməsi məqsədilə innovasiyalar və rəqəmsallaşma daha geniş şəkildə tətbiq və təşviq ediləcək. Əslində, bu, Azərbaycanda təcrübədən çıxarılan bir ilk deyildir. Çünki artıq dünya ölkələrində belə təcrübə var və səmərəsi də yüksəkdir. Məsələn, Sinqapur (Temasek), Malayziya (Khazanah), Qazaxıstan (Samruk Kazına) və digərləri uğur nümunələri olaraq qəbul edilir. Bu ölkələrdə Dövlət Müəssisələri idarə edən dövlət investisiya holdiqnləri beynəlxalq təcrübədə geniş yayılıb.

Bir sözlə, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan dövlət müəssisələrinin fəaliyyətinin tənzimlənməsi, təkmilləşdirilməsi və əlavə gəlir gətirməsi sahəsində uğurların əldə olunmasına şərait yaradacaq.

Rəşad Bağırov, “İki sahil”