13 fevral 2019 10:54
244

Dövlət siyasətinin prioriteti: insan amili və sosial rifah

Minimum əməkhaqqının 50 manat artırılması əhalinin rifah halının yüksəlməsinə, xüsusilə aztəminatlı və imtiyazlı təbəqələrin sosial durumunun yaxşılaşdırılmasına kömək edəcək

Bu gün bütün dünyada cərəyan edən iqtisadi və maliyyə böhranına baxmayaraq ölkəmizdə dərin elmi əsaslara söykənən və uzaqgörənliklə reallaşdırılan sosial-iqtisadi siyasət nəticəsində uğurlu nəticələr əldə edilib.  Prezident İlham Əliyevin rəhbərliyi ilə  bu istiqamətdə görülən tədbirlər sistemində daim ünvanlılıq prinsipinə əməl edilib, aztəminatlı, ailə başçılarını itirən, eləcə də şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Son 15 il ərzində ölkə üzrə orta əməkhaqqı 7 dəfə, minimum əməkhaqqı isə 6,5 dəfə artırılıb.

Respublikamızda həyata keçirilən tədbirlər nəticəsində əhalinin sosial rifah halının ardıcıl şəkildə yaxşılaşmasına, pensiya təminatına, məşğulluğun təmininə, yoxsulluğun aşağı salınmasına, mənzil təminatının, təhsil və səhiyyə imkanlarının yaxşılaşdırılmasına nail olunub. Sosial müdafiəyə ehtiyacı olan insanlara dövlət öz yardımını göstərir. Ehtiyacı olanlara ünvanlı sosial müavinətlər verilir, əməkdə, təhsildə, mədəniyyətdə və s. sahələrdə fərqlənənlərə Prezidentin xüsusi təqaüdü verilir. Eyni zamanda, dövlət tərəfindən əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Bununla yanaşı, Qarabağ əlilləri və şəhid ailələri üçün dövlətin ayrıca proqramı mövcuddur ki, hər il yüzlərlə belə ailələr mənzillə təmin olunurlar.

Bundan başqa, əlil şəxslərlə bağlı qanunvericilik son illərdə təkmilləşdirilib, bu çərçivədə çox sayda hüquqi-normativ akt qəbul edilib. Belə şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Ölkə başçısı tərəfindən imzalanan müvafiq Fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Dövlətin əlil vətəndaşlara qayğısı çərçivəsində yeni reabilitasiya mərkəzlərinin tikintisi də həyata keçirilir.

Prezident İlham Əliyevin Sərəncamı ilə bu il martın 1-dən minimum əmək haqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılması yüzminlərlə vətəndaşı əhatə edən dövlət qayğısının bariz nümunəsidir. Təbii ki, minimum əməkhaqqının 50 manat artırılması əhalinin rifah halının yüksəlməsinə, xüsusilə aztəminatlı və imtiyazlı təbəqələrin sosial durumunun yaxşılaşdırılmasına kömək edəcək. Bu artım 600 min nəfəri əhatə edəcək.

Ölkə əhalisinin böyük hissəsini əhatə edəcək bu artım aztəminatlı ailələrlə normal gəlirli ailələr arasındakı fərq azalacaq. Üstəlik, ölkədə əsasən aşağı maaşlı işlərdə qadınlar çalışdığından bu artımla qadın və kişilərin gəlirləri arasındakı fərq də azalmış olacaq. Eyni zamanda, bu dəyişiklik özəl sektora da təsir edəcək. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili və vətəndaşların sosial rifahının yaxşılaşdırılması dayanır.

Bu artım dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə 450 mindən çox işçiyə şamil olunacaq. Belə ki, onların sırasına elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma müəssisələrində, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər və digər təhsil işçiləri istisna olmaqla, təhsil müəssisələrində çalışan işçilər, o cümlədən dövlət qulluğunun xüsusi növündə çalışan, əmək haqları üzrə ödənilən mülki işçilər daxil olacaq.

Bundan başqa dövlət qulluğunun ümumi növündə yardımçı vəzifələrdə minimum əmək haqqından aşağı maaş alan dövlət qulluqçuları, dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu hesab edilməyənlər (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) bu artımdan yararlanacaqlar.

Minimum əmək haqqı artımı özəl sektorda çalışan və əmək haqqı 180 manatdan az olan təxminən 150 min nəfərin əmək haqqının artmasına səbəb olacaq. Dövlət başçısının yeni sərəncamı ilə minimum əmək haqqının artırılması muzdla çalışanların azı 40 faizinin əmək haqlarının artmasına imkan verəcək.

Zahid Rza, “İki sahil”