31 yanvar 2019 11:04
395

Dövlət siyasətinin təməlində vətəndaş və onun rifahı dayanır

Yanvarın 29-da Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfrans keçirildi. Konfransda  2004-cü ildə əsası qoyulan islahatlar barədə söhbət açan Prezident İlham Əliyev ötən 15 il ərzində Azərbaycanın sosial, iqtisadi və siyasi mənzərəsini statistik rəqəmlərlə diqqətə çatdırdı.  Dövlət başçısının nitqində və müzakirələrdə qeyd olunduğu kimi, son 15 il ərzində Azərbaycan  bəzi ölkələrin 100 illərlə keçə bilmədiyi böyük bir inkişaf yolu keçmişdir. İnkişafın Azərbaycan modelinin  tətbiq olunduğu sahələrdə  görülən işlər milli maraqlara və dövlətçiliyin qorunmasına,  ölkə əhalisinin rifahının yüksəlməsinə, iqtisadiyyatın güclənməsinə yönəlmişdir.

Konfransla bağlı “İki sahil” qəzetinə açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, bu gün uğurla qeyd etdiyimiz islahatlar sosial, iqtisadi sahəni əhatə etməklə paralel olaraq həyata keçirilmişdir: “Reallığa əsaslanan Prezident İlham Əliyevin çıxışı son illərdə ölkə iqtisadiyyatının inkişaf istiqamətini, şaxələndirmə siyasətini əks etdirən məntiqə əsaslanan təhlil kimi razılıqla qarşılandı. İnsan amilinə diqqətin artırıldığı ölkəmizdə  sosial islahatların nəzərdə tutulduğu vaxtda  həyata keçirilməsinin özü  vətəndaşlara diqqət və qayğıdan irəli gəlir.  Belə ki,  15 il ərzində 3200-dən çox məktəbin, 640-dan çox tibb müəssisəsinin, 44 olimpiya kompleksinin, 15000 kilometrə yaxın avtomobil yollarının çəkilməsi, qlobal beynəlxalq  layihələrin icra olunması respublikamızın maliyyə imkanlarının tükənməzliyini  əks etdirir. Bundan başqa, 400 meqavat gücündə olan “Şimal 2” stansiyasının açılışı gözlənilir ki, bu da ölkəmizi daha irəliyə aparacaq. Regionların qazlaşdırılması 50 faizdən 95 faizə qalxıb, içməli su, kanalizasiya xidmətləri və enerji təminatı ilə bağlı məsələlər həllini tapıb. Bundan başqa, ölkənin hər bir nöqtəsi müasir elektron-rabitə xidməti sisteminə keçib. Ən əsası isə son 15 ildə Azərbaycanın sənaye potensialı 2,6, valyuta ehtiyatları isə 24 dəfə artıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövlətinin siyasətinin təməlində ölkə vətəndaşı və onun rifah halı dayanır. Bu böyük nəticələrin əldə olunması da sözsüz ki, ölkə başçısına xalqın etimadı, xalq ilə dövlət arasındakı birliyin nəticəsidir”. 

Deputat, həmçinin onu da qeyd etdi ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dördüncü proqramın həyata keçirilməsinə artıq start verilib: “Belə ki, sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək. Bu il ən azı 5000 məcburi köçkün ailəsi üçün evlər tikiləcək və 7 min ailə özünüməşğulluq proqramı ilə əhatə olunacaq. Bununla da regionların inkişafı ilə bağlı dördüncü proqramın başa çatdırılması və müəyyən olunacaq hədəflərin icrası Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil edəcək”.

Milli Məclisin deputatı Elman Nəsirov isə bildirdi ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda da cənab Prezident ilk növbədə onun üzərində dayandı ki, növbəti dörd il ərzində regionlarımızın inkişafı təmin edilib, infrastrukturun yenidən qurulması istiqamətində çox ciddi addımlar atılıb: “Xüsusilə də qazlaşdırma sahəsi əsas diqqət mərkəzində idi. Ölkə başçısı hələ 2003-cü ildə Prezident kimi fəaliyyətə başlayarkən o zamanlar qazlaşdırma səviyyəsi cəmi 51 faiz idi. Amma bu gün qazlaşdırma 95 faizə gəlib çatıb. Eləcə də əhalinin içməli su ilə təminatı 26 faiz idisə, artıq bu rəqəm 70 faizə yaxın səviyyədədir. Kənd əhalisinin elektrik enerjisi təminatı məsələsində də bütün problemlər öz həllini tapıb”.

Deputat qeyd etdi ki, əgər ölkəmizdə siyasi sabitlik təmin olunmasaydı, ümumi inkişaf üçün optimal şərait yaranmasaydı bu gün əldə etdiyimiz nəticələrdən söhbət gedə bilməzdi. “Bu illər ərzində Azərbayacan iqtisadiyyatı üçün 250 milyard dollar sərmayə qoyulmuş, ölkəmizdə sağlam, şəffaf investisiya mühiti yaradılmışdır. Sevindirici haldır ki,  ötən müddətdə  ölkə iqtisadiyyatına  qoyulan investisiyalarda  xarici sərmayələrin çoxluq təşkil etdiyini gördük. Azərbaycanda optimal mühit, sabitlik yaradılmasaydı, xarici iş adamlarının, tanınmış investiya şirkətlərinin ölkəmizə marağı olmazdı və  iqtisadiyyatımıza sərmayə yatırılmazdı. Bu gün Azərbaycan iqtisadiyyatına qoyulan bütün sərmayələr ayrı-ayrı sahələrin inkişafına, işsizlik probleminin həllinə, davamlı inkişafı şərtləndirən mühüm islahatların, infrastruktur layihələrinin reallaşmasına,  iqtisadiyyatın dinamik inkişafına yönəldilir. Məntiqi nəticə isə  ölkəmizdə işsizlik səviyyəsinin 5 faiz, yoxsulluq həddinin isə 5,1 faiz olmasıdır. Bu göstərici də dünyanın inkişaf etmiş ölkələrinin göstəricilərini üstələyir”.

“Artıq bundan sonra Prezident İham Əliyevin rəhbərliyi altında sayca dördüncü proqramın həyata keçirilməsi istiqamətində işlərə start veriləcək. Bu da nəticə etibarilə ona gətirib çıxaracaq ki, təkcə Bakı şəhəri deyil, eləcə də bizim regionlarımız da çox sürətlə inkişaf edəcək. Göründüyü kimi, bu gün artıq şəhərlə kənd arasındakı fərqin aradan qaldırılması istiqamətində çox diqqətəlayiq və intensiv işlərin aparıldığının şahidiyik”, - deyə deputat vurğulayıb.

Mənsumə Babayeva, “İki sahil”