KÖŞƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Dövlətə sahiblənməyənə hakimiyyət verilməz!

11 mart 2019 19:37
1926

Steynar Gil yenə də ortaya çıxıb. Bir neçə gün öncə bir yazımda qeyd etdiyim məsələylə bağlı. Diqqətli oxucularımız “Abbaszadə – Vartanyan – Geyikyan – Əylisli” adlı yazımı xatırlar yəqin. Söhbət Azərbaycana qarşı yeni cəbhə açmaq üçün bu şəxsləri birləşdirən “dəyərlər” əsasında meydan sulamaqdan gedirdi.

Yazının tam məğzini bir kənara qoyub qeyd etmək istərdim ki, bu Vartanyan-Geyikyan mavi erməni cütlüyü Əkrəm Əylislinin şahid kimi təqdim edildiyi boş bir “hesabat”la Azərbaycanın üzərinə gəlməyə çalışıb. Guya ki, Naxçıvandakı erməni xaçkarlarını dağıdırıqmış. Ümumiyyətlə isə, Azərbaycanda erməni kimliyinə dövlət səviyyəsində dözümsüzlük var və vandalizm tətbiq edilir. Belə halların şahidi də Əkrəm Əylisli və adı açıqlanmayan Azərbaycanlı tarixçilərmiş. “Hesabat” qeyd edilən mavi erməni cütlüyə aid saytda dərc edilib. Müəlliflərindən biri Mağakyan soyadlı ermənidir. “The Guardian” da o “hesabat”ın əsasında yazı hazırlayıb.

Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gil də erməni kampaniyasında tərəf tutaraq fəallaşıb. Sanki öz gözüylə görüb, şahidi olubmuş kimi erməni yalanlarını bizə sübut etməyə çalışır. Düzdür, sosial media fəallarımız ona yetərincə tutarlı cavablar verirlər. Lakin adam inadkarlıqla dediyinin – əslində isə ermənilərin Əkrəm Əylislini şahid gətirərək uydurduğu yalanların üzərində durur.

Bizim işimiz Steynar Gillə deyil heç. Adamın kim olduğunu, nəyə, kimə xidmət etdiyini indi deyil, o, Bakıda səfir olduğu zamandan bilirik. Şəxsən özüm də onunla görüşmüşəm, nə ilə nəfəs aldığını da yaxşı bilirəm. Məsələ isə başqadır.

Steynar Gilin erməni yalanlarını tirajlamaq üçün könüllü alətə çevrilməsinə sadəcə müxalifətin önündə getdiyini iddia edənlərin münasibət bildirməməsi diqqətimi çəkir. Yəni burada da məsələ Azərbaycan hakimiyyətinə müxalifətçilikdə deyil ki. Steynar Gil ermənilərə qoşulub ümumiyyətlə Azərbaycan dövlətçiliyini danır. Bizim düşüncəmizə görə, siyasi mövqeyindən asılı olmayaraq hər kəs ona yerini göstərməlidir. Yəni azacıq da olsa milli təəssübkeşliyə sahib olanlar Steynar əmilərinə izah etməlidir ki, Azərbaycan dövlətinə əl və dil uzatmaq onun həddi deyil və olmamalıdır! Amma görürük ki, adamlar ağızlarına su alıb durublar. Başqa bir tərəfdə isə Azərbaycan dövlətinə canla-başla xidmət edənlərə qarşı tərbiyəsiz kampaniyalarında çox fəaldırlar.

Hə, deyir dostunu göstər, deyim sən kimsən. Bu müxaliflərin də dostu Steynar Gildir. Steynar da ermənilərin könüllü sözçülərinin önündə gedir. Məqsədi ermənilərlə əlbir olub Azərbaycan dövlətini dünyanın gözündən salmaqdır. Belə olan halda məntiqlə “bizim” müxaliflər də Steynar əmiləri kimi erməni dostu deyilmi? Elədir ki, var. Əgər onlar işi-gücü Azərbaycan dövlətinə və Azərbaycanlılara ermənilər qədər kin qusmaq olan Steynar Gil və onun kimilərlə hələ də dostluq edirlərsə, elə ermənilərin bir tayıdırlar.

Yeri gəlmişkən, Steynar Gilə cavab verənlərin arasında Xədicə İsmayılın da adını görəndə az qala sevinmək istəyirdim ki, əlim ağzımda qaldı. Xədicə Steynara “sübut” edirdi ki, erməni xaçkarlarının dağıdılmasını ermələrə qarşı düşmən münasibətə yozmaq lazım deyil. İlk baxışdan “əhsən” deyəcəkdim ki, gördüm, söhbətin davamı da var. Xədicə bir az da dərinə gedib Steynar əmisinə izah edir ki, ümumiyyətlə Azərbaycan hakimiyyəti ölkənin hər yerində guya mədəniyyətə və mirasa düşmən kəsilib! Halbuki bizə görə, Xədicə ona sadəcə olaraq ermənilərin donuz tövləsinə çevirdiyi Şuşa məscidinin şəklini göndərib şərhini istəyə bilərdi. Nə qədər də olmasa, əmisidir axı. Amma etmir. Əksinə, Steynara qoşulub Azərbaycanın bir barbar dövləti olduğunu dünyaya “sübut” edir.

Və günlərin birində ermənilərin “tutarlı” tarixi “araşdırmalarında” Xədicə İsmayılın Steynar əmisinə yazdıqları da yer alacaq. Erməni “tarixçilər” məhz Azərbaycanlıların öz dilindən “sübut” edəcək ki, biz barbarıq. Bunu kim deyir? Adı da, soyadı da Azərbaycanlı olan Xədicə İsmayıl!

Ey müxaliflər! Nə qədər ki, siz bu milli məsələlərdə belə xəyanət yolu tutacaqsınız, Azərbaycanda ağlı başında olan heç bir milli təəssübkeş sizin arxanızca gələn deyil! Məhz belə xəyanət yolu tutduğunuz üçün ölkənin parlamenti, vicdanlı mediası, dövlət qurumları sizin üzünüzə qapalıdır! Azərbaycan xalqı sizin kimi erməni dostlarını heç vaxt önə buraxmaz, etimad göstərməz, bunu bilin!

Biz heç kimin siyasi müxalifətçiliyinə qarşı deyilik. Əksinə, bunu cəmiyyətimiz üçün faydalı sayırıq. Lakin siyasi müxalifətdə olduğunu iddia edib gecə-gündüz Azərbaycanı gözdən salmaqla məşğul olanlar, bizə qarşı cəbhə açmış ermənilərə dolayısıyla və ya susaraq dəstək verənlərin əməlləri müxalifətçilik kimi qəbul edilə bilməz! Bu, öz dövlətinə qarşı düşmən mövqeyidir və bu dövlətin vətəndaşları da sizin kimilərinə etimad göstərməməkdə hər zaman haqlıdırlar!

Əgər müxalifətdəykən bu dövlətə sahib çıxmağa can atmırsınızsa, sizə hakimiyyəti əsla etibar etmək olmaz!