19 may 2020 19:23
408

Dövlətimizin başçısı: “Ağıllı ölkə” proqramı üzərində işləməyə başlamışıq

Prezident İlham Əliyev: Gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək

Gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"İnformasiya-kommunikasiya texnologiyaları sahəsi bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycanda geniş vüsət almağa başlamışdır. Xatırlayıram, biz kosmik sənayenin yaradılması ilə məşğul olmağa başlayanda bəziləri təəccüb edirdi, bəziləri düşünürdü ki, Azərbaycan o qədər də böyük ölkə deyil, - kosmik klub dünya miqyasında çox məhdud bir klubdur, - və Azərbaycan üçün orada özünə yer tapmaq çətin olacaq. Ancaq həyat göstərdi ki, biz düzgün yoldaydıq. Çünki kosmik sənayenin yaradılması, üç peykin orbitə çıxarılması təkcə iqtisadi və digər maraqlarımızı təmin etmir, eyni zamanda, bu, kadrların hazırlanması, gənc kadrların yeni texnologiyalara sahib çıxması baxımından da çox önəmli idi. Kadr hazırlığı olmadan müasir texnologiyalar heç bir ölkədə inkişaf edə bilməz. Ona görə biz həm dövlət resurslarımızı bu istiqamətə cəlb etdik və çox düzgün proqram tərtib etdik, həm də kadr hazırlığı ilə əlaqədar əməli-praktiki addımlara start verdik. Çünki bax, bu gözəl DOST Mərkəzinin timsalında görürük, əgər burada peşəkar kadr olmasa, bu Mərkəz fəaliyyət göstərə bilməz. Azərbaycan əksər ölkələr kimi, texnologiyaları idxal edir. Ancaq bu texnologiyaları işlətmək, onları mənimsəmək, bu texnologiyalar əsasında yeni intellektual məhsul yaratmaq artıq kadr peşəkarlığından, kadr hazırlığından bilavasitə asılıdır.

Ona görə informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı bütün addımlarımız düzgün idi və CISCO şirkətinin rəhbərləri ilə videokonfrans çərçivəsində keçirdiyim görüş də bunu bir daha göstərdi. Biz təkcə CISCO şirkəti ilə əməkdaşlıq etmirik, biz demək olar ki, dünyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bütün aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik. CISCO şirkəti ilə biz, deyə bilərəm ki, artıq strateji tərəfdaşlıq əlaqələrinə yaxınlaşırıq. Əlbəttə ki, onların təklif etdiyi intellektual məhsul bizim gələcək inkişafımıza çox lazımdır. Misal üçün, biz hazırda ağıllı şəhər – “Smart City” layihəsi üzərində işləyirik. Bu layihənin ilkin təzahürləri artıq görünməkdədir. Biz daha uzağa gedərək artıq “Smart Nation” – yəni, “Ağıllı ölkə” proqramı üzərində işləməyə başlamışıq. Ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiq edilməsi bizim prioritet sahəmizdir.

Pandemiya dövründə, özünütəcrid şəraitində informasiya texnologiyaları olmadan iş görmək mümkün deyil. Misal üçün, mənim görüşlərim, videokonfrans şəklində keçirdiyim Zirvə görüşləri müasir texnologiyalar olmadan mümkün deyil. Ona görə hazırda həm iqtisadi sahədə, həm təhsil, səhiyyə, kənd təsərrüfatı sahələrində və digər sahələrdə, o cümlədən bizim su resurslarının nəzarəti, su balansının formalaşması və itkilərin azaldılması istiqamətində də məsələ qaldırıldı. Ona görə bu sahə, hər kəs bunu bilməlidir, gələcəyə atılan addımdır. Biz gecikə bilmərik, yubana bilmərik, geciksək uduzarıq. Ona görə bütün resurslarımızı, o cümlədən maliyyə, intellektual və kadr resurslarımızı səfərbər etmişik. Əminəm ki, gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək".