07 oktyabr 2019 16:28
91

Dövlətimizin başçısının “Valday” bəyanatı Azərbaycanın haqlı mövqeyini qətiyyətlə davam etdirəcəyini dünyaya göstərdi

Prezident İlham Əliyevin “Valday” klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatı Azərbaycanda və beynəlxalq arenada ciddi müzakirəyə səbəb olub. Prezident İlham Əliyevin bu məlum bəyanatı bir neçə aspektdən mühüm əhəmiyyətə malikdir.

Trend-in məlumatına görə, bu fikirləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

C.Xəlilov bildirib ki, dünya ictimaiyyətinin gözü qarşısında Ermənistanın baş naziri Nikol Paşinyan heç bir beynəlxalq normaya riayət etmədən həyasızcasına Qarabağın erməni torpağı olduğunu iddia edir. Halbuki bütün dünya etiraf edir ki, Qarabağ Azərbaycan torpağıdır. Ermənilər heç vaxt bu torpaqlarda olmayıb. Onlar sonradan bu torpaqlara köçürülüb, bir müddətdən sonra isə müxtəlif iddialara düşüblər. Ermənistan daxilindəki bəzi qüvvələr erməni cəmiyyətini yolundan azdırır, onları yanlış istiqamətə yönəldir. Bəzi siyasətbazlar isə şəxsi ambisiyaları naminə erməni xalqını da bəlaya salıblar.

Sədr müavini diqqətə çatdırıb ki, sadə ermənilər Azərbaycanın inkişafını görürlər. Onlar qeyd edirlər ki, siyasətbazların ambisiyaları olmasaydı, Azərbaycanın inkişafından bəhrələnə bilərdilər. Erməni xalqı istəyir ki, Azərbaycanın ərazi bütövlüyü tanınsın və bu münaqişəyə son qoyulsun. Lakin bəzi erməni siyasətbazlar reallığı əks etdirməyən ideyalarla siyasi xal qazanmağa, şəxsi maraqlarını təmin etməyə çalışırlar.

“Prezident İlham Əliyev dəfələrlə beynəlxalq tədbirlərdə vurğulayıb ki, Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq. Çünki Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Dövlətimizin başçısı “Valday” klubunda səsləndirdiyi bəyanatla Azərbaycanın ilkin, ənənəvi mövqeyindən imtina etmədiyini, onu sonadək qətiyyətlə qoruyacağını bütün dünyanın diqqətinə çatdırıb. Bu baxımdan mən “Valday” bəyanatını Azərbaycanın növbəti uğuru, siyasi-diplomatik əzələ nümayişi kimi qiymətləndirirəm.

Respublika Veteranlar Təşkilatı olaraq biz də Prezident İlham Əliyevin “Valday” klubundakı çıxışını yüksək qiymətləndirir, dövlətimizin başçısına Qarabağ uğrundakı mübarizədə uğurlar arzulayır və bu yolda Ali Baş Komandanımızın ətrafında sıx birləşmişik. Biz Respublika Veteranlar Təşkilatı olaraq hər zaman dövlətimizi, Prezidentimizi dəstəkləmişik və bundan sonra da var qüvvəmizlə dəstəkləməkdə davam edəcəyik”.