KÖŞƏ

Azər Qismət

Dövlətin islahatı, vətəndaşın rifahı

02 may 2019 17:09
4436

Azərbaycanda sosial-iqtisadi inkişafın yeni mərhələsi həm də yeni yanaşmalar tələb edir. Məhz bu zərurətdən ölkədə yeni və mühüm strategiya hazırlanır. 2019-cu ilin birinci rübünün müsbət yekunları da sübut edir ki, Azərbaycan qarşıya qoyduğu hədəfləri uğurla reallaşdırır. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında müəyyənləşdirlən yeni prioritetlər isə belə deməyə əsas verir ki, 2019-cu il bötövlükdə ölkənin sosial-iqtisadi həyatında keyfiyyətcə yeni mərhələ olacaq.

2019-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarının təhlili  göstərir ki, Azərbaycan artıq perspektivləri təmin edən yeni reallıqlar yaratmağa nail olub, dərinləşən islahatlarla inkişafın yeni mərhələsinə qədəm qoyub.

Birmənalı şəkidə demək olar ki, nəticələr gözləntiləri tam doğruldub. Təkcə bir faktı xatırlamaq kifayətdir: Son 15 ildə Azərbaycan qədər dünyada inkişaf edən ikinci ölkə yoxdur. Burada mühüm məqamlardan biri inkişafın davamlı və artan templərlə müşayiət olunmasıdır. İlin birinci rübünün sosial-iqtisadi göstəriciləri də məhz bu həqiqəti ortaya qoyur. Yanvar-mart ayları ərzindəki rəqəmləri nəzərdən keçirək.

-ümumi daxili məhsul  3%, sənaye istehsalı 4,4%;

-qeyri-neft sektorunda sənaye istehsalı 15,6%;

-kənd təsərrüfatı 3,6%;

 -əhalinin gəlirləri 5,5% artıb;

-inflyasiya aşağı 2,1% səviyyəsində olub;

– ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub və s.

Rəqəmlərdən də göründüyü kimi, ölkə iqtisadiyyatında müsbət dinamika yüksələn xətlə gedir. Əlverişli biznes mühiti, sərmayələrin qorunması istiqamətində aparılan islahatlar isə daha böyük perspektivləri gündəmə gətirir. Həm yerli, həm də xarici investorların Azərbaycan iqtisadiyyatına, xüsusi ilə qeyri-neft sektoruna artan marağı bunun real göstəricisidir. Elə ilin ilk rübündə karbamid və yüksək sıxlıqlı polietilen zavodlarının açılışı da sübut edir ki, qeyri-neft sektoru daha böyük sürətlə irəliləməkdədir. Şəffaflıq, yeni yanaşmalar istiqamətində aparılan islahatlar, gömrük və vergi orqanlarında işə salınan effektiv mexanizmlər isə ölkənin iqtisadi potensialının daha da güclənməsi, büdcəyə əlavə vəsitin daxil olması ilə nətcələnib. Təbii ki, bu imkanlar ilk növbədə, sosial sahəyə yönəldilir. Çünki prezidentin dəfələrlə qeyd etdiyi kimi, dövlət syasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Elə dövlət başçısının ötən il və bu ilin 3 ayında imzaladığı çoxsaylı fərman və sərəncamlar da dövlətin vətəndaşın rifah halını yaxşılaşdırmaqda israrlı mövqeyini əyani şəkildə nümayiş etdirir.

-minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40%, sosial müavinətlər orta hesabla 2 dəfə artırılıb;

-məcburi köçkünlərə verilən müavinət 50%, həmçinin tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artırılıb;

-800 000-dən çox insanı əhatə edən problemli kreditlərlə bağlı məsələ ən yüksək səviyyədə həll olunub;

-vaxtilə tikilmiş, ancaq istismara qəbul edilməmiş evlərin sənədləşməsi prosesi artıq başlanıb;

-ümumilikdə 3 milyondan çox insanı əhatə edən sosial islahatlar paketi həyata keçirilib və s.

Bunlarla yanaşı, makroiqtisadi sabitlik və maliyyə dayanıqlığı fonunda ciddi infrastruktur layihələr həyata keçirilib. Yeni təhsil ocaqları, xəstəxanalar istifadəyə verilib, yollar salınıb, bir sözlə, yüzlərlə sosialyönümlü layihələr icra edilib. Təbii ki, dərinləşən islahatlar nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Elə Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın bir il ərzində 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması, dünyanın 10 ən islahatçı ölkəsi kimi yüksək qiymətə layiq görülməsi də bunu təsdiq edir.

Şübhəsiz ki, bütün bunlar beynəlxalq miqyasda ölkəmizin nüfuzunu daha da möhkəmləndirir. Birinci rübdə Azərbaycanın ev sahbliyi etdiyi 7-ci Qlobal Forum, OPEK formatı, Cənub Qaz Dəhlizi Məşvərət Şurası kimi qlobal təşəbbüslər də buna əyani nümunədir. Şübhəsiz ki, burada dövlət başçısının prinsipal mövqeyi əsaslı rol oynayır, xarici siyasətin çevik konturları əməkdaşlığa mühüm töhfələr verir. Eyni zamanda, regionda inkişafa, təhlükəsizliyə başlıca təhdid olan Ermənistanın təcavüzkar siyasətinə son qoyulması, işğal faktının aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün formalaşan hüquqi bazanı daha da möhkəmləndirir.

Azərbaycanın artan iqtisadi və hərbi potensialı, diplomatik və siyasi üstünlükləri də məhzbu reallığı diktə edir. Bu potensialı 52%-i uğurla icra olunan Strateji Yol xəritələri daha da gücləndirir. Lakin dövlət əldə olunanlarla kifayətlənmək fikrində deyil. Ona görə də  yeni iqtisadi inkişaf strategiyası üzərində işlənilir, 2021-2025-ci illəri əhatə edən yeni proqram tərtib edilir, idarəetmədən tutmuş bütün digər sahələrdə islahatlar dərinləşdirilir. Məhz bu zəmin üzərində Azərbaycan yeni iqtisadi inkişaf modelini təkmilləşdirir. Əlbəttə, bütün bunların ali məqsədi yenə də Azərbaycan vətəndaşı, onun rifahının daha da yüksəldilməsidir.

Prezidentin müşavirədə bir daha bütün məmurlarla vətəndaşın yanında olmaq, onun problemini həll etmək tapşırığı da məhz bundan irəli gəlir. Beləliklə, ilin ötən dövrünün yekunları sübut edir ki, Azərbaycan nəzərdə tutduğu hədəfə doğru uğurla irəliləyir. Müşavirədə müəyyən edilən yeni prioritetlər isə şübhəsiz ki, ölkənin sosial-iqtisadi inkişafına güclü təkan verəcək və onları qısaca belə ümumiləşdirmək olar. İlin sonuna qədər hansı işlərin görülməsi nəzərdə tutulur:

–elektrik enerjisi ilə bağlı modernləşdirmə, 95% səviyyəsində olan qazlaşdırma prosesi davam etdirilməli, xidmətdə maksimum şəffaflığa nail olunmalıdır;

-5 şəhərdə içməli su layihələri başa çatdırılmalıdır;

-12 şəhərdə işlər davam etdirilməli, meliorativ tədbirlər gücləndirilməlidir;

-100-ə yaxın məktəb tikilməli və ya əsaslı təmir olunmalı, 10 yeni mərkəzi rayon xəstəxanası fəaliyyətə başlamalıdır;

-inşaat sektoru, kənd təsərrüfatının sürətli inkişafı təmin edilməli, kəndlərin yeni inkişaf konsepsiyası hazırlanmalıdır;

-yerli və ya xarici şirkətlər qarşısında süni əngəllər aradan qaldırılmalı, investisyaların təşviqi iqtiqamətində ciddi iş aparılmalıdır;

-süni qiymət artımının qarşısı qətiyyətlə alınmalıdır;

-məcburi  köçkün, şəhid ailəsi, Qarabağ əlillərinin mənzillə təminatı prosesi üstün sürətlə davam etdirilməlidir;

 -iş yerlərinin yaradılmasına daimi proses kimi baxılmalı və özəl sektorun sosial təşəbbüslərdə fəallığı artırılmalıdır;

-bu il bölgələrdə 5 “ASAN xidmət” mərkəzinin yaradılması ilə onların sayı 20-yə çatdırılmalıdır və s.

Qarşıya qoyulan bu hədəflərin reallığı üçün Azərbaycanda güclü siyasi iradə və böyük potensial var. Son 15 ildə qət edilən inkişaf yolu, verilən bütün vədlərin yerinə yetirilməsi də məhz  bu həqiqəti təsdiqləyir. Təbii ki, burada güclü vətəndaş cəmiyyəti, xalq-dövlət, xalq-lider birliyi həlledici rol oynayır. Dövlətin və liderin hər zaman vətəndaşının yanında olması isə bu birliyi daha da gücləndirir və ölkənin uğurlu gələcəyini təmin edir.