09 avqust 2019 11:20
93

Dövlətin sosial siyasəti:  insan amili prioritetdir

“Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Eyni zamanda, bizim maliyyə imkanlarımız buna imkan verir. Maliyyə imkanlarımızı biz əldə etmişik, biz yaratmışıq. Məhz aparılan islahatlar nəticəsində bizim gəlirlərimiz, büdcə gəlirlərimiz artır, artacaq və artmalıdır. Ona görə bir daha demək istəyirəm ki, bizim iqtisadi inkişafımız sosial məsələlərin həlli ilə nə qədər bağlıdır. Bu da təbiidir” deyən Prezident İlham Əliyevin siyasi fəaliyyətində Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.

Son illərin reallıqları ondan ibarətdir ki, ölkəmizin dinamik iqtisadi inkişafı sosial sahənin də yüksəlməsinə səbəb olub. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini də gücləndirmək üçün möhkəm zəmin yaradıb. Artıq iqtisadi inkişafın, uğurla həyata keçirilən yeni neft strategiyasının elə bir mərhələsini yaşayırıq ki, indi nəinki problemlərin həlli, o cümlədən yeni sosial layihələrin həyata keçirilməsi üçün dövlətin kifayət qədər maliyyə imkanları var.

Ölkə başçısı hələ 2018-ci ilin sonlarında bəyan etmişdir ki, qarşıdan gələn dövrdə əhalinin sosial durumunun daha da yüksəldilməsi prioritet təşkil edəcək. Prezident İlham Əliyev 2019-cu ilin əvvəlindən başlayaraq iki böyük sosial islahat paketi təsdiq edib.

Birinci paket 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlərinin artırılması, mühüm sosial məsələlərin həllinə 1.6 milyard manatın yönəldilməsini nəzərdə tutub və icra olunub. İkinci paketin icrası ilə bağlı hazırlıq işləri tamamlanmış, sentyabrın 1-dən minimal əmək haqqının 250 manata çatdırılması, əlavə olaraq 400 min nəfərin maaşının 20-50 faiz artırılması, 750 min pensiyaçıya verilən vəsaitin oktyabrın birindən yüksəldilməsi nəzərdə tutulub.

Prezident İlham Əliyev iyunun 18-də minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması haqqında bir sıra sərəncamlar imzalaması, dövlət və özəl sektorda çalışanların gəlirlərinin  əhəmiyyətli dərəcədə artırılması bunun əyani sübutudur.

Əmək haqlarının, əmək pensiyalarının, təqaüd və müavinətlərin artırılması bir daha sübut edir ki, dövlət siyasətinin mərkəzində insan amili dayanır.  Önəmli olan məsələlərdən biri odur ki,  ölkə başçısının 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə minimum əmək haqqının 250 manata çatdırılması ölkəmizdə ilk dəfə olaraq minimum əmək haqqının yaşayış minimumunu üstələməsinə imkan verib.

Bundan başqa,  dövlət başçısının 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə martın 1-dən ölkəmizdə minimum əməkhaqqı 38,4 faiz artırılaraq 180 manata və dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında qəbul olunan qanunla əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq 160 manata çatdırılıb. Hər iki artım respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verən mühüm addımlar olub.

Ölkə başçısının 2019-cu il 28 yanvar tarixli Fərmanı ilə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsi genişlənib. Dövlətimizin başçısının  2019-cu il 30 yanvar  tarixli Fərmanı ilə şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü 242 manatdan 300 manata, eləcə də Əfqanıstanda şəhid olanların ailələri üçün Prezident təqaüdü 220 manatdan 300 manata çatdırılıb.

Prezident İlham Əliyevin 2019-cu il 26 fevral tarixli Sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırılaraq 60 manata çatdırılması, bu müavinəti alan 500 mindən çox məcburi köçkünün rifah halının daha da yaxşılaşmasına ciddi təkan verdi. Bundan başqa, ölkə başçısının imzaladığı sərəncamlarla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların işçilərinin, hərbi qulluqçuların, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları və bir sıra digər təşkilatların işçilərinin əməkhaqqı 20, 40 və 50 faiz artırılıb.

Bundan başqa, dövlətimizin başçısının yeni qanunvericilik təşəbbüsü kimi, əmək pensiyasının minimum məbləği cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması ilə minimum pensiya pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələmiş olacaq. Minimum əməkhaqqının artımı 950 min insanı, dövlət sektoru üzrə müxtəlif sahələrdə əmək haqlarının artımı isə 400 min insanı əhatə edir. Bütövlükdə ölkə baçısının yeni inqilabi  sosial paketi ümumilikdə 1 milyon 350 min insanın əmək haqlarının, 750 mindən çox pensiyaçının pensiyasının, nəticə etibarilə 2,1 milyon vətəndaşın əmək haqqı və pensiya formasında gəlirlərinin ciddi şəkildə artımına imkan verəcək.

Bütün bunlar bir daha təsdiq edir ki, ölkə başçısı əhalinin rifahının yüksəlməsi məsələsini prioritet sahə kimi daim diqqətdə saxlayır. Artıq bu istiqamət üzrə çox böyük işlər görülür və qarşıdan gələn illərdə də bu tendensiya qorunub saxlanılacaq.

Zahid Rza, “İki sahil”