25 yanvar 2019 16:50
150

Dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmaq ən vacib məsələdir

AŞPA-da “Milli azlıqlara mənsub şəxslərin hüquqlarının təşviq edilməsi” adlı qətnamə layihəsinin müzakirəsi zamanı Azad Demokratlar Qrupu adından çıxış edən qrupun vitse-prezidenti, Milli Məclisin deputatı Qənirə Paşayeva ərazi bütövlüyü məsələsinə xüsusi diqqət ayıraraq Avropanın gələcəyi üçün bu məsələdə yanaşmanın birmənalı olmasının vacibliyini bildirib.

AZƏRTAC xəbər verir ki, deputat milli azlıqların hüquqlarının qorunması ilə bağlı Çərçivə Konvensiyasının Avropa Şurasının ümumi hüquqi müqavilələr sistemində mühüm yer tutduğunu söyləyib. O deyib: “2018-ci ildə Konvensiyanın 20-ci ildönümü qeyd edildi və mübaliğəsiz bildirilməlidir ki, ötən illər ərzində bu sənəd Avropada insan haqlarının müdafiəsi sistemində özünün əhəmiyyətini və mühümlüyünü göstərib. Çərçivə Konvensiyası özlüyündə çox vacib, eyni zamanda, milli azlıqların qorunması ilə bağlı həssas məsələləri əhatə edir. Biz hamımız qəbul edirik ki, milli azlıqların qorunması insan haqlarının ümumi qorunmasında mühüm element təşkil edir. Milli azlıqların hüquqlarının kifayət qədər qorunması olmadan gücləndirilmiş insan haqlarının qorunması sisteminə malik həqiqi demokratik cəmiyyət qurmaq mümkün deyil. Digər tərəfdən, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsipinə əməl etmək çox vacibdir”.

Çərçivə Konvensiyasının 21-ci maddəsinə istinad edən deputat bildirib: “Bu Çərçivə Konvensiyasında heç bir şərt beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə dövlətlərin suveren bərabərhüquqluluq, ərazi bütövlüyü və siyasi müstəqilliyinə zidd olan fəaliyyət və ya hərəkət hüququ kimi təfsir edilməməlidir. Buna görə də Konvensiyaya uyğun hüquqların icrası dövlətlərin ərazi bütövlüyünü və Konvensiyanın monitorinq sistemini sarsıdan fəaliyyətləri nəzərdə tutmamalıdır. Məşvərət komitəsini bu məsələlərdə ehtiyatlı olmağa çağırıram. Məşvərət komitəsinin vəzifəsi üzv dövlətlərdə müvafiq hüquq və azadlıqların yaxşılaşmasına yönələn tövsiyələr verməkdir. Buna görə də çox vacibdir ki, komitə üzvləri məsələnin həssaslığını daha yaxşı anlayan və Avropanın müxtəlif regionlarının və ölkələrinin tarixi, şərtləri və xüsusiyyətləri barədə zəruri ixtisasa və bacarıqlara malik təcrübəli, bilikli ekspertlərdən təşkil olunmalıdır. Komitənin tövsiyələri, öz növbəsində, Konvensiyanın dilinə və ruhuna uyğun olmalı və milli azlıqların hüquqlarının qorunmasını və təşviqini irəli çəkmək məqsədinə xidmət göstərməlidir. Bu məsələlərin həssaslığını nəzərə alaraq bütün səylər Avropada bölünmələrin və gərginlik mənbələrinin yaradılmasının qarşısının alınmasına yönəlməlidir. Komitə öz işində Çərçivə Konvensiyasının səmərəli həyata keçirilməsi vasitəsilə Avropa xalqları arasında birlik və həmrəyliyin əldə edilməsi məqsədi daşımalıdır. Azərbaycan Çərçivə Konvensiyası çərçivəsində qarşılıqlı hörmət və anlaşma əsasında konstruktiv dialoqa hazırdır”.