KÖŞƏ

Qvami Məhəbbətoğlu

Döyüş bölgəsində uduzan Ermənistan beynəlxalq aləmdə də qınaq obyektinə çevrilir

21 oktyabr 2020 18:53
1719

Bu gün də işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyi öz ənənəsinə sadiq qalaraq Azərbaycan, həmçinin döyüş meydanında baş verən hadisələr haqqında  yalan məlumatlar yaymaqda davam edir. Məsələn, bildirilir ki, guya Azərbaycan Ermənistana qarşı təkbaşına vuruşmur. Halbuki dəfələrlə bəyan edilib ki, Azərbaycanın əvəzinə onlara qarşı digər qüvvələr mübarizə aparmır. Onlara dərs verən Azərbaycan xalqı, Azərbaycan gəncləri, müasir hərbi texnika ilə silahlanmış Azərbaycan əsgəridir. O Azərbaycan əsgəri ki, işğalçılıq siyasətindən, faşizm xislətindən əl çəkməyən təcavüzkar Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalini hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başladığı qətiyyətli əks-həmlə əməliyyatları nəticəsində 100-dən çox yaşayış məntəqəsini işğalçılardan təmizləyib və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla davam etdirir. Nəticədə hər gün işğaldan azad edilmiş ünvanların sırasına yeniləri əlavə olunur. Oktyabrın 20-də Zəngilan şəhərinin, eləcə də 24 kəndimizin azad olunması bunun bariz sübutudur. Bəli, hər ötən gün tariximizə qələbə günü kimi həkk edilir. Bununla da Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızın işğaldan tam azad olunmasının elan ediləcəyi tarixi sürətlə yaxınlaşdırır.

Hərbi əməliyyatlardakı uğursuzluqlarını  ört-basdır etməyə çalışan, olmayan "qələbə”lərindən əfsanələr uyduran, dezinformasiyaları  ilə xalqını sakitləşdirməyə çalışan Ermənistan rəsmiləri isə öz yalanlarından əl çəkmirlər ki, çəkmirlər. Bir sözlə, hazırda dezinformasiya onların yeganə silahına çevrilib. Amma artıq erməni xalqı onların yalanlarına inanmır. Belə ki, erməni xalqı yaxşı dərk edir ki, Azərbaycan Ordusunun zərbələri nəticəsində minlərlə itki verən və döyüşçü tapmaqda çətinliklərlə üzləşən Ermənistan hazırda qadınlardan ibarət batalyonun ümidinə qalıb. Bu günlərdə isə Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın “Facebook”da "vətənpərvər" ruhuna hesablanmış fikirləri erməni cəmiyyətində ciddi narazılıqla qarşılanıb. Məsələn, Armen Aramyan adlı istifadəçi Ermənistan hökumətinin nazir və məmurlarının fotokollajını paylaşaraq qeyd edib ki, əvvəlcə döyüşə Sorosun erməni komandasını göndərin.

Bütün bunları özlərinə sığışdıra bilməyən, nəticədə daha da azğınlaşan, işğalçı olduqlarını etiraf etmək əvəzinə həyasızcasına Azərbaycan tərəfindən terrora məruz qaldıqlarını bəyan edən Nikol Paşinyanın başçılıq etdiyi Ermənistanın siyasi-hərbi rəhbərliyi  beynəlxalq hüquq normalarına zidd olaraq dinc əhalinin yaşadığı Gəncəni və digər şəhər, kəndlərimizi raket atəşinə tutmaqla təsəlli tapmağa calışır. Amma utanmaz-utanmaz dünyanı inandırmağa çalışırlar ki, guya bu vəhşiliyi onlar törətmirlər. Məsələn, Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan Gəncəyə atılmış, 14  nəfər mülkü əhalinin ölümünə, 50-dən çox insanın yaralanmasına səbəb olmuş son raket hücumunda Ermənistanın əli olduğunu qətiyyətlə təkzib edərək deyib: “İrəli sürülən iddialar tamamilə yalandır və gerçəkliyə heç bir aidiyyəti yoxdur.”

Halbuki, müasir zəmanədə ballistik raketlərin start nöqtəsi və atış istiqaməti dünyada aparıcı ölkələr tərəfindən izlənilir. Bu yerdə Prezident İlham Əliyevin oktyabrın 20-də xalqa müraciətindəki bu fikirləri xatırlatmaq yerinə düşərdi: “…Bəs kim atıb Gəncəyə bu raketi? Biz özümüzə atmışıq? Necə ki, yalan danışırdılar, Azərbaycan özü Xocalı soyqırımını törədib, indi də yalan danışırlar.” Bəli, bir milyona yaxın dinc əhalini ata-baba yurdlarından didərgin salan, Xocalı soyqırımını törədən Ermənistan törətdiyi bütün hərbi cinayətləri həyasızcasına ölkəmizin ayağına yazmağa cəhd edir. Amma nə yaxşı ki, Azərbaycanın təcavüzə məruz qaldığını etiraf edən və ona dəstək verən ölkələrin sayı getdikcə artmaqdadır. Artıq dünyanın bir çox ölkələrində keçirilən aksiyalarda “Qarabağ Azərbaycandır!”,  “Xankəndi Azərbaycandır”, “Erməni təcavüzünə son”, “Ermənistan əsgərləri Azərbaycan torpaqlarında nə edir?” və digər şüarların səsləndirilməsi də bunu sübut edir. Bu mənada demək olar ki, döyüş bölgəsində uduzan Ermənistan beynəlxalq aləmdə də qınaq obyektinə çevrilir.