07 oktyabr 2019 20:02
78

DST VƏ FIFA sağlamlıq naminə səylərini birləşdirirlər

Dünya Səhiyyə Təşkilatı (DST) və futbol üzrə rəhbər orqan olan FIFA futbol vasitəsilə sağlam həyat tərzinin bütün dünyada təbliği üçün əməkdaşlıq haqqında dördillik saziş bağlayıblar.

Razılaşma barədə memorandum DST-nin Cenevrədə yerləşən mənzil-qərargahında təşkilatın baş direktoru Tedros Adhanom Hebreyesus ilə FIFA-nın prezidenti Canni İnfantino arasında imzalanıb.

AZƏRTAC bu barədə DST-nin saytına istinadla xəbər verir.

“DST FIFA ilə birgə işləməyə şaddır. Planetin əhalisinin yarısı 2018-ci ilin dünya çempionatını izləyib. Bu, o deməkdir ki, bizim birgə səylərimiz böyük potensiala malikdir və biz öz məlumatımızı daha uzun ömür sürmələri və daha sağlam həyat yaşamaları üçün milyardlarla insana çatdıra bilərik”, - deyə doktor Tedros bəyan edib.

Canni İnfantino deyib: “Mən bizim DST ilə əməkdaşlığımızı elan etməyə çox şadam. Futbol xüsusi universal dildir. Biz öz platformamızdan və təşkilatlarımızın şəbəkəsindən səhiyyə sahəsində bu təşəbbüsü dəstəkləmək üçün istifadə etmək və bütün dünyada sağlam həyat tərzinin təbliğinə kömək göstərmək niyyətindəyik”.

Razılaşmada əməkdaşlığın dörd sahəsi nəzərdə tutulub: futbol vasitəsilə sağlam həyat tərzinin reklamı; FIFA-nın bütün tədbirlərində tütündən azad məkanın təminatının təşkili siyasətinin razılaşdırılması; milli futbol federasiyalarının tütündən azad məkanlarda, o cümlədən stadionlarda təşkili siyasətinin qəbulunun təşviqi; DST-yə səhiyyə məsələləri üzrə texniki tövsiyələrin FIFA-ya təqdim edilməsi üçün imkanların verilməsi; FIFA-nın tədbirlərindən səhiyyənin mühafizəsi və təhlükəsizliyi üçün uzunmüddətli nailiyyətlərin əldə edilməsində istifadə; DST-nin tövsiyələrinə uyğun olaraq, futbol vasitəsilə fiziki aktivlikdə iştirakın genişləndirilməsi üçün birgə proqramların və təşəbbüslərin həyata keçirilməsi, həmçinin milli assosiasiyalarla və DST-nin xoşməramlı səfir şəbəkələri, futbolçular, məşqçilər, könüllülər ilə futbol vasitəsilə fiziki aktivliyin səviyyəsinin artırılması işlərinin aparılması.

DST FIFA-ya səhiyyənin müxtəlif sahələri üzrə, məsələn, FIFA-nın tədbirlərində tütündən azad olan məkanın təminatı və milli futbol federasiyalarının tütündən azad məkanlarda, o cümlədən stadionlarda təşkili siyasətinin qəbulunun təşviqi üzrə texniki tövsiyələr təqdim edəcək.

DST və FIFA futbol turnirlərində, o cümlədən 2018-ci il dünya çempionatında tütünün qadağasında artıq əməkdaşlıq təcrübəsinə malikdirlər. Onlar FIFA-nın tədbirlərində sağlamlığın mühafizəsi və təhlükəsizlik naminə qəbul edilən səyləri artıracaq, bunun əsasında sağlamlığın mühafizəsi və təhlükəsizlik sahəsində, məsələn, gigiyenanın yaxşılaşdırılması və xəstəliklərin profilaktikası yolu ilə uzunmüddətli nailiyyətlər əldə etməyə çalışacaqlar.

Birgə proqramların və təşəbbüslərin milli assosiasiyalarla və futbolçular, məşqçilər, könüllülər təşkilatları ilə həyata keçirilməsi DST-nin tövsiyələrinə müvafiq olaraq, fiziki aktivlikdə iştirakın genişlənməsinə, həmçinin futbol vasitəsilə fiziki aktivliyin səviyyəsinin qalxmasına gətirib çıxaracaq.

İki təşkilatın əməkdaşlığı onların potensialından istifadə etməyə imkan yaradacaq və bütün dünyada insanların həyatına səhiyyə və müvafiq proqramların təbliğinin əhəmiyyətli dərəcədə müsbət təsirini təmin edəcək.