29 yanvar 2019 21:25
325

Dubay aeroportu yenə lider olub

Dubayın beynəlxalq aeroportu (Dubai International, DXB) 2018-ci ildə ardıcıl olaraq beşinci dəfə beynəlxalq sərnişin daşımalarının həcmi üzrə dünyanın lider hava limanı adını qoruyub.

"İki sahil" Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, “Dubai Airports” operator kompaniyasının press-relizində ötən il ərzində Dubay aeroportu vasitəsi ilə rekord sayda – beynəlxalq səfərlər edən 89,149 milyon sərnişinin daşındığı bildirilir. Bu, əvvəlki ilə nisbətən 1 faiz çoxdur.

Ötən il aeroportun orta aylıq göstərici 7,4 milyon sərnişin olub, bununla yanaşı, 8 milyon sərnişin həddi iki dəfə – iyul (8,2 milyon) və avqust aylarında (8,4 milyon) aşılıb. Nəticədə 2018-ci ilin avqustu aeroportun 58 illik tarixində ən yüklənmiş ay olub.

2014-cü ildə “Dubai International” xaricə daşınan sərnişinlərin sayına görə ilk dəfə Londonun “Heathrow” aeroportunu ötərək liderliyə yüksəlib və o vaxtdan etibarən bu göstəriciyə görə liderliyi əlində saxlayır.