19 iyul 2019 14:51
1023

“Dundalk”ın rəhbəri: “Qarabağ”dan nümunə götürməliyik

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İrlandiyanın “Dundalk” klubunun sədri Mayk Treysi Ağdam təmsilçisi haqda xoş fikirlər səsləndirib.

Qol.az-ın xəbərinə görə, o, İrlandiyanın “İndependent” nəşrinə müsahibəsində deyib ki, “Qarabağ”ın gördüyü işləri təqdir edib və onlardan nümunə götürməli olduqlarını söyləyib. Əvvəlcə irland jurnalist Daniel Makdonnel yazıb ki, “Qarabağ” son 5 ildə Avropa səviyyəsinə yüksəlib: komanda 4 dəfə Avropa Liqasında, 1 dəfə isə Çempionlar Liqasının qrupunda oynayıb.

Sonra yazıda klubun sədri Mayk Treysinin fikirlərinə yer verilib. Treysi deyib: “Biz “Qarabağ”ın uğurlarına, onların gördüyü işlərə baxmalıyıq. Biz də məhz belə nailiyyət qazanmaq istəyirik. Görün, 2012-ci ildə “Qarabağ” harda idi və indiki səviyyəyə çatmaq üçün nələr etdilər. Biz də məhz bunu təkrarlamaq istəyirik”.

Klub rəsmisi iki komandanın öz aralarında keçirəcəyi oyunlara da toxunub: “Qarşıdakı matçı səbirsizlikə gözləyirik. Böyük ehtimalla, cütün favoriti “Dundalk” deyil. Amma bizim futbolçular o qədər istəklidilər ki, onlar hər dəfə meydana çıxanda qalib gələ biləcəklərini düşünürlər”.

Xatırladaq ki, “Qarabağ”la “Dundalk” arasında ilk matç iyulun 24-ü səfərdə, cavab qarşılaşması iyulun 31-i Bakıda olacaq.