Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Yaqut Ağaşahqızı

Dünya birliyi niyə susur?

27 oktyabr 2020 18:06
703

Ermənistan beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən uğurlu əks-hücum əməliyyatları nəticəsində düşmən döyüşdə uduzduğunu anladığına görə təxribatlara əl atmaqla, mülki vətəndaşlarımızı atəşə tutmaqla, infrastrukturumuzu dağıtmaqla qeyri-insani xislətini, beynəlxalq hüquqa, ali bəşəri dəyərlərə zərrə qədər də olsun hörmət etmədiyini bir daha təsdiqləmiş olur. Faşist ruhlu, təcavüzkar xislətli Ermənistanın hərbi-siyasi rəhbərliyi hətta 3 dəfə  elan edilmiş humanitar atəşkəs rejimi müddətində də atəşi dayandırmadı.

Sentyabrın 27-dən Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq  başladığı əks-hücum əməliyyatları nəticəsində işğal edilmiş torpaqlarını bir-bir azad edən Azərbaycana xaricdən çoxsaylı təzyiqlər edilir. Məqsəd ordumuzun güclü  zərbələrindən sonra  acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir. Artıq beynəlxalq təşkilatlar, o cümlədən Ermənistanın havadarları da görürlər ki, Azərbaycan Ordusu  təcavüzkarları darmadağın edir. Təəssüf ki, beynəlxalq təşkilatlar Ermənistanı işğal siyasətindən əl çəkməyə çağırmaq əvəzinə, yenə də təcavüzkarın yanındadırlar.

BMT Təhlükəsizlik Şurasının qətnamələri 30 ildir ki, kağız üzərində qaldı. Ermənistan beynəlxalq hüququ və Təhlükəsizlik Şurasının qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxarmadı, əksinə, işğalı möhkəmləndirmək və yeni ərazilər işğal etmək yolunu tutdu. Maraqlısı da odur ki, Təhlükəsizlik Şurasının qətnamələri son vaxtlar BMT-nin və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin heç yadına da düşmürdü. Yəni, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən BMT-dən başqa hamı danışırdı. Bütün bunlar isə Ermənistanın müxtəlif hiylə və bəhanələrlə danışıqları uzatmaqla düşmən tərəfdə, guya Azərbaycanın işğal faktı ilə barışmağa məcbur edəcəyi təsəvvürü yaradırdı.

Azərbaycan Prezidenti siyasi iradə ortaya qoydu, qətnamələrin icra mexanizmlərini də müəyyən etdi. Ermənilər sentyabrın 27-dək hesab edirdilər ki, beynəlxalq hüququ daim əzib tapdalaya biləcəklər. Güman edirdilər ki, bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilərlər. Dövlət başçımızın dediyi kimi, biz onları məcbur etdik. Cənab Prezident bu məqamı bir qədər obrazlı şəkildə belə təsvir edir: “Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”.

Axı ortada kifayət qədər ikili standartlar nümunəsi olsa da, bizə dəfələrlə deyilib ki, bu qətnamələrin icra mexanizmi yoxdur. Nəhayət ki, BMT qətnamələrinin icra mexanizmini Azərbaycan özü tapdı. Təcavüzkar Ermənistanın siyasi oyunbazlığı və işğalçılıq siyasətindən əl çəkməməsinin nəticəsində 30 ilə yaxın səbir nümayiş etdirən xalqımız artıq haqq işi olan ərazi bütövlüyü məsələsini özü həll edir. 26 illik səmərəsiz atəşkəs və faydasız danışıqlardan sonra Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin bir hissəsinin icrasını təmin etdi. Beləliklə, bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu beynəlxalq hüququn kağız üzərində olan tələbini və ədalətini əməldə təmin edir. Beynəlxalq hüququn ali prinsiplərini Ermənistanın tapdağından xilas etmək mübarizəsinə görə bəşəri ədalətə sadiq qalan dünya birliyi Azərbaycana minnətdar olmalıdır. Amma təəssüf ki, biz real həyatda bunun əksini görürük.  

Oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Rusiya, ABŞ və Fransa tərəfindən TŞ Prezidentinin (rotasiya qaydasına uyğun olaraq oktyabr ayı üçün Rusiyadır) bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdır. Bəyanat layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən  822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almamışdır.   Təhlükəsizlik Şurasında  təmsil olunan Qoşulmama Hərəkatına  üzv olan ölkələr həmsədrlər  tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq, prinsipial mövqe nümayiş etdirərək Təhlükəsizlik Şurasının qətnamələrinə istinadın yer almasında təkid etmişlər. Bundan sonra həmsədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri çəkmişlər.

Azərbaycan Prezidenti oktyabrın 25-də Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə  keçirilən operativ müşavirədə də beynəlxalq vasitəçilərin də işğalçı dövlətə lazımi təzyiq göstərə bilmədiklərini, yaxud da bunu etmək istəmədiklərini təəssüflə xatırladıb: “Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmazdı. Onu da bildirməliyəm ki, bir neçə gün bundan əvvəl həmsədr ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasının iclası keçirilmişdir. İclasda bizi qane etməyən və 1993-cü ildə qəbul edilmiş qətnamələr üzərindən faktiki olaraq xətt çəkmək mənası daşıyan sənəd irəli sürülmüşdür. Biz buna qəti şəkildə etiraz etdik. Bu, ədalətsizliyin növbəti təzahürüdür, ikili standartların növbəti təzahürüdür. 1993-cü ildə qəbul edilmiş qətnamələr Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqe bildirir. 1993-cü ildə qəbul edilmiş qətnamələr tələb edir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılsın. Bu günlərdə təqdim edilən layihədə bu müddəalar yoxdur. Bir sözlə, bu addım Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirilir”.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?