15 avqust 2019 16:40
100

Dünya Çempionatının ulduzlu AÇILIŞ MƏRASİMİ

Artıq məlum olduğu kimi Azərbaycan Gimnastika Federasiyası ilin ən böyük gimnastika tədbirlərindən birinə hazırlaşır.

16-22 sentyabr Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatına hazırlıqlar yayın ən isti günlərində tam sürəti ilə davam edir.

Gimnastika yarışlarının əsas hissəsinə çevrilmiş Açılış mərasiminə təşkilatçılar bu dəfə də xüsusi yaradıcılıqla yanaşıb. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” adlı şou ilə yanaşı, Azərbaycanın məşhur ifaçılarının iştirakı da təsdiq olunmuşdur.

Belə ki, çempionatın məhz ilk günü – Açılış mərasimində ölkəmizlə yanaşı, digər ölkələrdə də məşhur olan Azərbaycanın Xalq artisti, hit mahnıların ifaçısı Emin Ağalarov öz sevilən nəğmələri ilə izləyənləri sevindirəcək.

Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, Əməkdar artist Tünzalə Ağayeva isə Azərbaycanın dövlət himnini akapella şəklində ifa edəcək.

Açılış mərasiminin maraqlı məqamları bununla bitmir. Belə ki, mərasimdə Dünya Çempionatının ulduz səfiri Azərbaycanın sevilən müğənnisi, əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış mahnını səsləndirəcək.

Dünya Çempionatının açılış mərasiminin şousunun liberettosunu qısaca olaraq nəzərinizə çatdırırıq:

“Siz şən Cin və quldur Əlibaba ilə birlikdə macəralı, sərvət və sevgi dolu bir dünyaya qərq olacaqsınız. Əsas qəhrəmanlar gözəl çiçək tarlalarına, dənizçi Sindbadın hökmranlıq etdiyi okeanın geniş və dərin sularına, Siklopun mühafizə etdiyi dağlara gedəcək, eyni zamanda Ələddin və gözəl Jasminin sevgi hekayəsinə də şahid olacaqlar. Lakin ən əsas və son istək, sevgi, Şahzadə İpəkqurdunun möhtəşəm ipək sarayında gerçəkləşəcək.

Sizi dostluq, sevgi və nağıllar dünyasına inanılmaz bir səyahət gözləyir. Unutmayın ki, bu dəfə nağıllar gerçəkləşəcək.”

Bu möhtəşəm gimnastika tədbirini və dünya şöhrətli gimnastların peşəkar çıxışlarını izləmək üçün 16 sentyabr 19:15-də Milli Gimnastika Arenasına tələsin.

Xatırladaq ki, biletləri Arenanın kassasından, Gənclik Mall alış-veriş mərkəzindən, həmçinin onlayn (https://ticketing.mga.az/) əldə edə bilərsiniz​. Biletlərin qiyməti 10, 15 və 20 manat təşkil edir.

Yarışlar haqqında mütəmadi olaraq yenilənən məlumatları saytımızdan (www.agf.az) əldə bilərsiniz.

Məkan: Milli Gimnastika Arenası

Telefon: (+994 12/51) 566-96-99

Ünvan: Bakı, H.Əliyev pr., 178

Keçid: “Koroğlu” metro stansiyası