20 sentyabr 2019 11:31
1121

Dünya enerji sistemində Azərbaycanın mövqeyi daha da möhkəmlənməkdədir

Ümummilli lider Heydər Əliyevin neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin müqviləsi”nin imzalanmasından 23 il sonra - 2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Prezident İlham Əliyev 2018-ci il fevralın 15-də “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin dördüncü toplantısındakı nitqində Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələrinin ölkəmizə böyük faydalar verdiyini bildirib: “Ötən ilin fevralında Bakıda sonuncu görüşümüzdən keçən dövr ərzində biz eyni yataqla bağlı “Əsrin müqaviləsi”nin uzadılmasına dair yeni müqavilə imzaladıq. Hazırda layinənin müddəti 2050-ci ilədək uzadılıb. Qarşıdakı onilliklər ərzində biz dünyanın ən böyük yataqlarından biri olan “Azəri-Çıraq-Günəşli”də sabit və davamlı inkişafdan faydalanacağıq”. Azərbaycan 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” sayəsində əldə olunan gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltməyi bacarıb. Neft hasil edən bir çox ölkələrdən fərqli olaraq Azərbaycan “qara qızıl”ı insan kapitalına çevirə bilib. Dövlətimizin başçısı vurğulayıb ki, bütün bunlar neft gəlirlərinin sosial sferanın inkişafına yönləndirilməsi Azərbaycanın uğurudur. Bu gün Azərbaycan regionun və Avropanın enerji xəritəsinin zənginləşdirilməsində mühüm rol oynayır, müstəqil iqtisadi siyasət yürüdən bir ölkə olaraq Cənub Qaz Dəhlizi marşrutunun mühüm seqmentlərindən olan TANAP və TAP, Bakı-Tbilisi-Qars, “Şimal-Cənub”, “Şərq-Qərb” kimi regional və qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Özünün zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz uzun illərdir ki, Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Bundan başqa, Dövlət İnvestisiya Proqramının icrasının uğurla davam etdirilməsi, xarici sərmayənin cəlb edilməsi ilə bağlı daha fəal iş aparılması, kənd təsərrüfatı və sənaye istehsalının, xüsusilə ixracyönümlü məhsulların həcminin artırılması, hər bir rayonda sənaye zonasının yaradılması, ənənəvi ixrac bazarlarına daha geniş çeşiddə məhsulların çıxarılması və yeni ixrac bazarlarına çıxışın təmin edilməsi, logistik mərkəzlərin yaradılması, aqropark və təsərrüfatların müasir texnologiyalar əsasında qurulması, bölgələrdə məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılmasının davam etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması bunun əyani sübutudur. Ötən 25 il ərzində respublikamız dəyəri milyardlarla manat ölçülən regional və qlobal layihələrin uğurlu təşəbbüsçüsü olub. İri infrastruktur layihələrinə imza atmaqla ölkənin ən vacib problemlərinin yüksək səviyyədə həllinə nail ola bilib.

Bu gün respublikamızn bütün bölgələrində işıq, qaz, su problemi uğurla həll olunur. Onminlərlə kilometr yeni, müasir yolların salınması, Bakı şəhərində yol infrastrukturunun yenidən qurulması, ölkənin bölgələrində və paytaxtda nəqliyyatın hərəkəti sahəsindəki çətinliklərin tamamilə aradan qaldırılması bunun bariz nümunəsidir. Aqrar sektorun su təchizatının təmin edilməsi məqsədilə tikilən yeni su anbarları on min hektarlarla torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinə şərait yaradıb. Ölkədə turizmin inkişafına göstərilən dövlət dəstəyi onu bütün dünyada ən cəlbedici turizm zonalarından birinə çevirə bilib, azad sahibkarlıq, investisiya, biznes üçün çox münbit bir mühit yaradılıb.

Ölkəmizin başçısı “Yeni əsrin müqaviləsi”nin imzalanması mərasimindəki nitqində bildirib ki, yeni müqavilədəki əsas şərtlər göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu sazişin çox böyük əhəmiyyəti var: “Eyni zamanda onu da qeyd etməliyəm ki, 23 il ərzində sazişin icrası da çox uğurlu olub. Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən, Bakı şəhəri-dünyanın ən gözəl şəhərlərindən biridir-tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrədən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi-bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadəetmə imkanlarımız dayanır”. Göründüyü kimi, “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsinə dair yeni sazişin icrası nəticəsində əldə olunacaq gəlirlər ölkəmizin qeyri-neft sektoruna yeni investisiyaların cəlb olunmasına, bu sahənin inkişafının daha da güclənməsinə xidmət edəcək. Yaxın 30 il ərzində bu sahəyə 40 milyarda yaxın investisiyanın qoyulması hasilat neftindən əldə ediləcək gəlirin daha da yüksəlməsini, ölkəmizin qeyri-neft sektorunda apardığı islahatların sürətlənməsini və bu islahatların maliyyə mənbələrinin daha dayanıqlı və uzunmüddətli olmasını, xalqımızın rifah halının daha da yaxşılaşmasını, bir sözlə, bütün sahələrdə respublikamızın tərəqqisini təmin edəcək.

Elnur Rzayev

SOCAR-ın “Azəriqaz”

İstehsalat Birliyinin əməkdaşı