25 yanvar 2020 19:57
3898

Dünya İqtisadi Forumunun islahatçı ölkəsi və Prezidenti

Prezident İlham Əliyevin 50-ci Davos Dünya İqtisadi Forumunda milli maraqlara xidmət edən çoxsaylı görüşləri ölkə, eləcə də dünya ictimaiyyətinin geniş marağına səbəb olub. Bununla da 117 ölkənin nümayəndələrinin, o cümlədən 53 ölkənin dövlət və hökumət başçılarının iştirak etdikləri tədbirdə Prezident İlham Əliyev dünyanın diqqətini bir daha  Azərbaycana yönəltməyi bacarıb.

Qeyd edək ki, Prezident İlham Əliyev fəxri üzvü olduğu Dünya İqtisadi Forumuna xüsusi önəm verir. Artıq 14-cü dəfədir ki, cənab Prezident  bu mötəbər forumda iştirak edir. Bu da səbəbsiz deyil. Çünki dövlət başçısının forumun rəsmi saytında yerləşdirilən “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsində deyildiyi kimi, Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır: “Bu, bizə islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir”.

Digər tərəfdən, Davos İqtisadi Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında önəmli rol oynayır. Yeri gəlmişkən, yanvarın 22-də Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında moderatorun “Paneldə regionu yaxşı tanımayanlar üçün. Baş qaldırmasından daha çox narahat olduğunuz gərginliklər hansılardır” sualına cavabında deyib: “Biz özümüz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu, daimi təhdid mənbəyidir. Ərazilərimizin demək olar ki, 20 faizi beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Ermənistanın işğalı altındadır... Buna görə də düşünürəm ki, regionda sabitliklə bağlı vəziyyət bizi narahat edən əsas məsələdir və belə deyə bilərəmsə, regionda qeyri-sabitlik əsas kabusdur”.  Belə bir şəraitdə Dünya İqtisadi Forumu Azərbaycanın uğurlarının, eləcə də problemlərini  bütün dünyaya tanıdılmasında önəmli rol oynayır. Şübhəsiz, bütün bunlar ölkəmizi bu mötəbər tədbirdə uğurla təmsil edən Prezident İlham Əliyevin danılmaz xidmətləridir.

Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun fəal iştirakçısı kimi artıq bu qurumun tarixinə düşüb desək, yanılmarıq. Belə ki, dövlətimizin başçısı bu platformada qlobal gündəliyin formalaşmasında, həmçinin bir sıra qərarların qəbul olunmasında birbaşa iştirak edir. Məsələn, cənab İlham Əliyev beş il bundan əvvəl Dünya İqtisadi Forumunda Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan bütün ölkələrin və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış etmişdi. Yanvarın 21-də Davosda OPEC-in baş katibi Məhəmməd Barkindo Prezident İlham Əliyevə bu məsələni xatırladaraq onun həmin çağırışı əsasında müəyyən nailiyyətlər qazanıldığını bildirib.

Budəfəki işgüzar səfər çərçivəsində  Prezident İlham Əliyev müxtəlif dövlətlərin liderləri, o cümlədən dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə 20-dən çox mühüm görüş də keçirib. Biri-birindən maraqlı keçən görüşlərdə Azərbaycanda son illərdə aparılan islahatların artıq müsbət nəticələr verdiyi, ölkəmizdə investisiya və biznes mühitinin daha da əlverişli olması istiqamətində islahatların davam etdiriləcəyi xüsusi vurğulanıb. Məsələn, “VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşdə bildirilib ki, Azərbaycan Dövlət Neft Fondu ilə “VTB Bank” arasında səmərəli əməkdaşlıq davam edir. Prezident İlham Əliyev “VTB Bank”ın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif edib. Andrey Kostin təklifə müsbət yanaşdığını vurğulayıb və dövlət başçısını əmin edib ki, “VTB Bank” bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.

Yanvarın 21-də Azərbaycanla Dünya İqtisadi Forumu arasında çox mühüm niyyət protokolu da imzalanıb. Sənədə əsasən, Forumun ölkəmizdə afilə edilmiş regional mərkəzi yaradılacaq. Qeyd edək ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə təşkil olunur və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir. Prezident İlham Əliyev bunu əlaqələrin yeni səhifəsi üçün yaxşı başlanğıc adlandıraraq deyib ki, Azərbaycanın Davos Forumu ilə bu mühüm sənədi imzalayan ilk ölkələr arasında olması fəxredici hadisədir: “Bu, həqiqətən də bizim əlaqələrimizdə yeni səhifədir. Ümidvaram ki, gələcək keçmiş qədər uğurlu olacaq”.

Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyevin “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşündə bildirilib ki, şirkət fəaliyyətini Orta Asiya və Uzaq Şərqə doğru genişləndirmək niyyətindədir və regional mərkəz olaraq məhz Bakı şəhəri seçilib. Şirkətin rəsmisi də bu seçimi Azərbaycanın  həyata keçirdiyi islahatlarla və  yaradılan biznes mühiti ilə əlaqələndirib.

Məhz Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycanda inkişaf etmiş ölkələrlə bərabərhüquqlu və qarşılıqlı sərfəli əməkdaşlığa əsaslanan bir çox layihələr baş tutub və bu sahədə yeni-yeni addımlar atılmaqdadır.

Qvami Məhəbbətoğlu, “İki sahil”