26 iyun 2020 11:06
1268

Dünya iqtisadiyyatı pandemiya ilə “savaşda”

Beynəlxalq kredit reytinqi agentliyi “Moody’s”un proqnozlarına görə, bir çox ölkələrə nisbətdə Azərbaycanın özəl sektora dövlət dəstəyi nəticəsində itkilərinin daha az olması, gələn il isə dinamik iqtisadi artımın ola biləcəyi gözlənilir

Yeni virus dövlətlərin sağlamlıq sistemlərini, cəmiyyətin maariflənmə və kommunikasiya səviyyəsini, hökumətlərin qərar qəbulunda çevikliyini, siyasətçiləri və iqtisadiyyatı sınağa çəkir. Verilən proqnozlar pandemiyanın qlobal iqtisadiyyat üçün mənfi nəticələrinin gözlənildiyindən də yüksək olduğunu üzə çıxarır. Ümumdünya Ticarət Təşkilatının (ÜTT) son hesabatında bu fonda bildirilir ki, bu ilin ilk rübündə koronavirus pandemiyası ilə əlaqədar qlobal ticarət 3% azalıb. Amma ikinci rübdə azalma rekord həddə - 18,5% təşkil edə bilər: “Hazırda müşahidə etdiyimiz ticarətin tənəzzülü tarixən ən böyüyüdür. Bəlkə də bu günə qədər olan ən kəskin azalma yaşandı. Ancaq müsbət məqam budur ki, hər şey daha da pis ola bilərdi. Hazırda qəbul edilən siyasi qərarlar pandemiyanın istehsal və ticarətə təsirini azaltmaq üçün çox vacibdir. İstehsal və ticarətin 2021-ci ildə sürətlə bərpa olunması üçün maliyyə, pul və ticarət siyasəti eyni istiqamətdə hərəkət etməlidir”.

Beynəlxalq kredit reytinqi agentliyi “Moody’s” pandemiyanın təsiri ilə bu il dünyanın ən böyük iqtisadiyyatlarının ciddi zərər gördüyünü bildirir. Qurum “Böyük iyirmilik”ə daxil olan ölkələrin iqtisadiyyatlarının 4,6% kiçiləcəyini proqnozlaşdırır. Araşdırmalar bir çox ölkələrə nisbətdə Azərbaycanın iqtisadi itkilərinin daha az olacağını göstərir. Xüsusən də özəl sektora dövlət dəstəyi nəticəsində Azərbaycanın itkilərinin daha az olması, gələn il isə dinamik iqtisadi artımın olması gözlənilir. “Moody’s” növbəti ildə ölkəmizdə ən azı 3 faizlik iqtisadi artım proqnozlaşdırır. Burada özəl sektora dəstək yenə mühüm əhəmiyyət kəsb edir. Bu arada özəl sektor üçün hökumət yeni mühüm addımlar atır. Məsələn, pandemiya dövründə müvəqqəti vergi rejiminin qəbulu nəticəsində verginin “0” dərəcəsində tutulmasının əhatə dairəsi genişləndirilir. Artıq müvəqqəti vergi rejiminin əhatə dairəsi bir sıra yeni sahələrdə müəyyənləşdirilib. Məsələn, əmlak və torpaq vergisindən azadolmalar və mənfəət vergisindən güzəştlər müəyyənləşdirilib, sadələşdirilmiş sistem üzrə verginin azaldılması təmin edilib. Bütövlükdə, sosial sığorta haqları ilə bağlı diferensasiyalar həyata keçirilib. Belə ki, bank sistemi üzrə kompleks dəstək tədbirləri nəzərdə tutulub. Bu, fiziki şəxslərin dəstəklənməsi, kredit ekspansiyası və maliyyə dayanıqlılığının dəstəyi üzrə tədbirlərdir. Sığorta sistemi üzrə də kompleks tədbirlər nəzərdə tutulub və artıq kapital bazarlarına dəstək tədbirlərində həyata keçirilməsinə başlanıb. Bundan əlavə, dövlət 1 milyard manat kredit portfeli üzrə kreditlərin subsidiyalaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tutub. Bu fonda sahibkarın götürdüyü kreditin 10 faiz bəndi Sahibkarlığın İnkişafı Fondu tərəfindən kredit təşkilatlarına ödəniləcək. Sahibkarlara digər dəstək isə yeni kreditlərin verilməsidir ki, bu istiqamətdə 500 milyon manat ayrılacaq. Bundan əlavə, pandemiya dövründə fəaliyyəti dayandırılan sahibkarlara ilk mərhələdə konpensasiyalar ödənilib. Dövlət Vergi Xidmətinin məlumatına görə, pandemiyadan zərər çəkmiş fərdi sahibkarlara maliyyə dəstəyi proqramının icrası çərçivəsində 80 milyon manat yardım ayrılıb.

Bu da imkan verəcək ki, sahibkarlar kredit öhdəliklərini pandemiya dövründə yerinə yetirməkdə çətinliklərlə rastlaşmasınlar. Sahibkarlara bu istiqamətdə həm də vergi güzəştləri tətbiq olunur. Bu da birbaşa sahibkarların xərclərini azaltmaq məqsədi daşıyır. Digər tərəfdən, sahibkarlara 500 milyon manatlıq güzəştli kredit təklif olunur ki, bunun da 60 faizinə dövlət zəmanət verəcək. Bu imkan verəcək ki, pandemiyanın təsir etdiyi sektorda çalışan sahibkarlar həmin güzəştli kreditlərdən birbaşa faydalana bilsinlər. Bu da onlara kredit əldə edərək öz fəaliyyətlərini genişləndirmək imkanı verəcək.

Prezident İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışındakı çıxışı zamanı bunları deyib: “Bir neçə başqa sektor artıq uzun müddətdir ki, fəaliyyətsizdir. Dövlət o sektorların və orada çalışan insanların problemlərini öz üzərinə götürübdür. Biz indi 600 mindən çox insanı lazım olan vəsaitlə təmin edirik və 190 manatın verilməsi müddəti uzadıldı, baxmayaraq ki, bu da böyük yükdür və böyük xərclər deməkdir. Amma biz bunu edirik. Çünki işini itirmiş, yaxud da ki, aztəminatlı təbəqəyə aid olan, hətta qeyri-rəsmi şəkildə işləyən insanlar faktiki olaraq çətin vəziyyətdə qalıblar və kim onlara kömək edəcək?! Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır. Ona görə həm birinci mərhələdə - sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda və bu gün biz məcbur olub növbəti dəfə bu addımlara getdik, şəxsən mənim üçün seçim yox idi. İlk növbədə, insanların həyatı və onların sağlamlığıdır. İqtisadi problemlər arxa planda olmalıdır.

Bir də ki, biz son illər ərzində görülmüş işlər, aparılmış islahatlar nəticəsində iqtisadi gücümüzü böyük dərəcədə artırmışıq. Bizim iqtisadiyyatımız sabit, dayanıqlı iqtisadiyyatdır. Hesab edirəm ki, bu ilin sonuna qədər iqtisadi sahədə problemlər kəskinləşsə də, insanların həyat tərzinə bunun böyük təsiri olmayacaqdır”.

Xatırladaq ki, Azərbaycanda pandemiya ilə bağlı iqtisadiyyata ümumi dəstək paketi 3,5 milyard manat həcmindədir. Dövlətin borc strategiyasına əsasən xarici borcun bir hissəsinin daxili borcla əvəzlənməsi, hətta Asiya İnkişaf Bankı kimi investorların manatla borc verməsi isə Azərbaycanın indiki halda manevr imkanlarını artırır.

Sevinc Azadi,

“İki sahil”