26 iyun 2020 11:32
641

Dünya karantini yenidən sərtləşdirmək məcburiyyəti qarşısında

Əsas səbəb karantin məhdudiyyətlərinin zəiflədilməsi və əhalinin müəyyən edilmiş qaydalara riayət etməməsidir

Ölkəni və bütün dünyanı öz təsiri altına almış koronavirus (COVID-19) pandemiyası son günlərdə daha böyük təhlükə yaratmışdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dünyada təsdiqlənən koronavirusa yoluxma sayı sutkada 13,9 mindən çox artaraq 9,3 milyonu ötüb. Ölənlərin sayı 4 min nəfərə yaxın artaraq 469 mini keçib. ÜST bildirib ki, iyunun 23-də saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 133 326 nəfər yeni koronavirusa yoluxub, 3 847 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 8 993 659, ölənlərin isə 469 587 nəfərə çatıb. Bu səbəbdən də bir çox ölkələr yenidən sərt məhdudiyyətlərin tətbiqini həyata keçirmək məcburiyyətində qalıb. Bəzi dövlətlər karantin rejiminin ilk yumşalma mərhələsindən sonra məhdudiyyətləri hətta daha sərt formada tətbiq etməyə başlayıblar.

Xatırladaq ki, yeni növ koronavirusun qeydə alındığı Çində yeni yoluxma halları müəyyən olunduqdan sonra lokal hərbi vəziyyət tətbiq olunub. Çin hökuməti ölkənin şimal-şərqində, Rusiya ilə sərhəddə 34 nəfərin koronavirusa yoluxmasından sonra Çzilin əyalətinin bir sıra yaşayış məntəqələrində sərt karantin tədbirləri tətbiq edib. Yayılan məlumatlarda bildirilir ki, ən çox yoluxmanın qeydə alındığı, 700 min nəfər əhalisi olan Şulan əyalətində ciddi məhdudlaşdırıcı tədbirlər yenidən gücləndirilib.

İran, Türkiyə, Ukrayna, İsrail, Braziliya, Pakistan və digər ölkələrdə də virusun yayım coğrafiyasının genişlənməsi və yeni yoluxma hallarının artması ilə əlaqədar karantin rejiminin sərtləşdirilməsi tədbirləri həyata keçirməyi planlaşdırır. Belə ki, İranda son 24 saat ərzində 2445 nəfər virusa yoluxub, 121 nəfər vəfat edib. İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Larinin sözlərinə görə, İranda yoluxanların ümumi sayı 209 min 970-ə, ölənlərin sayı isə 9863-ə yüksəlib. İranda vəziyyətin belə ağır olmasını mütəxəssislər karantin tədbirlərinin vaxtından əvvəl yumşaldılması ilə əlaqələndirir və qeyd edirlər ki, infeksiyanın yayılmasının ikinci dalğası başlayıb. İran rəsmiləri karantin tədbirlərinin yenidən sərtləşdirilməsinin zərurət olduğunu bildiriblər.

Ukrayna İctimai Sağlamlıq Mərkəzinin iyunun 23-nə olan məlumatına görə, bu ölkədə laboratoriya tədqiqatları ilə təsdiq edilmiş 38.074 nəfər COVID-19 xəstəsi var. Onlardan 833 nəfəri son gün ərzində aşkar edilib. Sağalanların sayı artaraq 16.956 nəfərə çatıb (44,5 faiz), 1.035 nəfər ölüb (2,7 faiz). Qeyd edək ki, Ukraynada son 2 həftədə koronaviruslu xəstələrin nisbətən böyük birgünlük artımı müşahidə olunur. Ukrayna hökuməti, o cümlədən Səhiyyə Nazirliyi hesab edir ki, bu artımın əsas səbəbi karantin məhdudiyyətlərinin zəiflədilməsi və əhalinin müəyyən edilmiş qaydalara riayət etməməsidir.

Türkiyənin Karabük vilayətinin ən böyük yaşayış yeri olan Cumayanı bölgəsi pandemiya dövrü ərzində ikinci dəfə karantinə alınıb. COVID-19-a yoluxma hallarının yenidən artması səbəbindən bölgəyə giriş-çıxışlar qadağan olunub. Ümumi əhali sayı beş min nəfər olan bölgədə mindən çox yoluxma faktı qeydə alınıb. Ölkədə yumşalma tədbirlərinin başladığı son bir ay ərzində bu bölgədə COVID-19-a yoluxanların sayının dəfələrlə artdığı müşahidə olunub. Bu həftəsonu Türkiyə ərazisində növbəti dəfə komendant saatının elan ediləcəyi gözlənilir.

Rusiyada son sutkada daha 7 176 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 606 881 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 154 nəfər artaraq 8 513-ə yüksəlib.

Ölkəmizdə bununla bağlı hökumətin qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti hazırkı vaxtadək nəzarət altında saxlamaq mümkün olmuşdur. Lakin vətəndaşların əksəriyyətinin son günlər karantin rejimi qaydalarına əməl etməməsinə görə, bu virusa yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yaranması səbəbindən karantin rejiminin yenidən sərtləşdirilməsi qaçılmaz oldu. Təəssüf hissi ilə qeyd etməliyik ki, Azərbaycanda koronavirus infeksiyasına ümumi yoluxanların sayı 14 minə yaxınlaşır. Çərşənbə axşamı daha 508 yoluxma faktı qeydə alınıb, 335 nəfər müalicə olunaraq sağalıb, 6 nəfər vəfat edib. İndiyədək 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6045 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir.

Prezident İlham Əliyev bu məsələlərlə bağlı haqlı olaraq qeyd edir ki, aprelin 27-dən karantin rejiminin yumşaldılması əks nəticə verdi və yoluxanların sayı artmağa başladı: “Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar”.

Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətindən birbaşa asılıdır. Baş verən son proseslər dövlətin, həmrəylik hissinin, milli birliyin cəmiyyət üçün nə qədər böyük dəyərlər olduğunu göstərdi. Bu ağır günlərdə Azərbaycan xalqı olaraq güclü, çətin sınaqlarda vətəndaşlarını qorumağı bacaran bir dövlətə sahib olmaq duyğusunun qürurunu bir daha yaşamış olduq. İnanırıq ki, məhz dövlətimizin gördüyü tədbirlər nəticəsində Azərbaycan bu pandemiyadan ən az itkilərlə çıxmış ölkələrdən olacaq. Amma bu təkcə dövlətin işi deyil, vətəndaş olaraq hər birimiz də öz fərdi davranışlarımız, şəxsi məsuliyyət hissimizlə buna kömək göstərə bilərik və göstərməliyik. Çətin sınaqlar dövründə həmrəyliyə, milli birliyə nail olmaqdan ötrü hər kəs üzərinə düşəni yerinə yetirməyə borcludur. Biz birlikdə güclüyük. Heç bir çətinlik, problem, sınaq bu birliyin gücündən üstün deyil.

Sevinc Azadi,

“İki sahil”